BURADA REKLAMINIZ OLA
BİLƏR

“Jurnalistika eyni zamanda strateji əhəmiyyətli sahədir” - Əflatun Amaşov

Bu gün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib.

 

Mətbuat Şurasından verilən məlumata görə, imtahandan əvvəl Azərbaycan Mətbuat Şurasının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə mövzular seçilib və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılıb.

 

MŞ sədri Əflatun Amaşov mövzuların kifayət qədər əhatəli olduğunu vurğulayıb. O bildirib ki, 2014-cü ildən ali məktəblərin jurnalistika ixtisasına qəbulda qabiliyyət imtahanı mexanizmi tətbiq edilir: “Həqiqətən də jurnalistika xüsusi qabiliyyət və istedad tələb edən sahədir. Sahə eyni zamanda strateji əhəmiyyətlidir. Ölkənin informasiya təhlükəsizliyi, cəmiyyətin düzgün yönləndirilməsi kimi mühüm məsələlər var. 44 günlük Vətən müharibəsində də medianın önəmi bir daha vurğulandı. Buna görə jurnalist təhsili məsələsi son dərəcə vacibdir. Qəbulda qabiliyyət imtahanı isə bu vacibliyin təmin edilməsinin ilkin, eyni zamanda son dərəcə həssas mərhələsidir”, - deyə Ə.Amaşov fikrinə aydınlıq gətirib.

 

Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul üçün keçirilmiş qabiliyyət imtahanlarında ümumilikdə 700-dən çox abituriyent iştirak edib. Mətbuat Şurasının və Dövlət İmtahan Mərkəzinin birgə ekspert qrupu tərəfindən onların mövzular üzrə yazı işləri qiymətləndiriləcək. Nəticələr Dövlət İmtahan Mərkəzi tərəfindən yaxın günlərdə açıqlanacaq.

Tarix: 19 Avqust 2021, 13:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin