BURADA REKLAMINIZ OLA
BİLƏR

“Kişi çox zərif məxluqdur, motivasiyaya ehtiyacı var”

 

Deməli, rüşvət manatla alınan vaxtlardır, ingilis dostum Devid dəvət etdi ki, gəl Londona, bax gör necə batırıq, mən də üzü yola, getdim.

 

Hardasa iki gün qalmışdım, Biq Ben, ya vışel na Pikadilli-filan və Devid zəng etdi ki, bəs axşam 7-də gedirik bizə, qonağlıq verirəm, ailəmlə tanış edəcəm səni.

 

Mən də bunların qonağlıqlarına bələd, saat 6-dan verdim özümü dönərxanaya, 83 dənəsini yedim və yollandım anqliyskiy yeyib-içməyə.

 

Paxlava, milli şərab, bir dəstə gül, təzə corab da geyindim ki, birdən xalça-palaz olar, cızmayım.

 

Nə isə, Devid işdən çıxıb məni metronun qabağında qarşıladı və biraz piyada yeriyib zvanoku basdıq.

 

Basdıq, qapı açıldı və oradan Devidin arvadı tullandı üstünə, mən diksindim.

 

Devid !! Yu ar ze best !! Ay lav you !! Qreyt !! Anbilivıbıl !! Maç-maç, quc-quz, yalayır bunu, özüdə zalım qızı elə sevincək çığırır, elə bil qaynanası zəng edib ki, bir ay sizə gəlməyəcəm.

 

Səmimi deyim, çox qorxdum, dedim indi bunun ürəyi gedəcək, ölüb edər, təzədən başlayacağlar ki, vot pajalsta, yenə müsəlmanlar gəlib qırırlar biz ağları, panayexali filan, o vaxt saqqalım uzun və qara idi.

 

Ə, bəs nə məsələdir ?

 

Sən demə, arvad toy gecəsindən bəri kişiyə yalvarır ki, sən o ananın canı, bu divara bir mıx vur, cehizimdə bir rəsm var, birinci boyfrendim bağışlamışdı, asmaq istəyirəm xatirə kimi.

 

Bu da tənbəllikdən o mıxı vurmağdan yan keçir, salır bu gün-sabaha, arvad da fərəhlənir ki, ərim qısqancdır, amma fakt odur ki, rəsm qalır əl-ayağ altında, boyfrendin gözündən uzaq.

 

Uzun sözün qısası, Devid fikirləşir ki, axşam qonağımız olacaq, mıxı götürüb vurur divara, asır xatirəni və arvad buna sevinirmiş ki, nəhayət kişi evdə bir iş gördü.

 

O qədər təriflədi ərini, o qədər komplimentlər yağdırdı, inanın, evdə bir yeşik mıx olsaydı, Devid onlardan naxış düzərdi divarlarda, o qədər qoltuğunun altı şişmişdi.

 

Nəyə görə yadıma düşdü bu hadisə?

 

Bu gün piyada gedirəm şəhərdə, qabağımda bir yaşlı cütlük gedir və mən aralarında olan söhbəti eşidirəm, kim istəməz özgənin söhbətini xəlvəti dinləmək.

 

İlahi, arvad nə qədər deyindi!

 

Sən fərsizsən, sən yaramazsan, əlindən bir iş gəlmir, gördüyün bütün işlər... dığ-dığ-dığ, mız-mız, inanın çənəsinin altına vedrə tutan olsaydı zəhəri aparıb terrariuma satmaq olardı.

 

Dediyim odur ki, kişi çox zərif məxluqdur, motivasiyaya ehtiyacı var, təriflər üçün ürəyi gedir, kişi hər mıx vuranda qadın əl çalsa, həm vurulan mıxların sayı artar, həm də çəkic paslanmaz...

 

Azər Qərib

Tarix: 20 Avqust 2021, 10:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin