BURADA REKLAMINIZ OLA
BİLƏR

"Əfqanıstan xalqının əsgərimizə olan münasibətinin əyani sürətdə gördük"

"Azərbaycan və Türkiyə sülhməramlıları Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanının təhlükəsizliyinin təmin edilməsi üzrə xidməti vəzifələrini müvəffəqiyyətlə başa vuraraq tam heyətlə bu ölkəni tərk ediblər. Sülhməramlılarımız avqustun 20-də Türkiyəyə təxliyə olunub, avqustun 27-də isə oradan Bakıya gəliblər. Azərbaycanın sülhməramlı kontingenti Əfqanıstandakı xidməti vəzifələrini peşəkarlıqla icra ediblər".

 

Pravda.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev deyib. O qeyd edib ki, iyirmi ilə yaxın müddətdə Əfqanıstanda ən çətin vəzifələri icra edən şəxsi heyətimizin fəaliyyəti həm hərbi komandanlıq, həm də yerli əhali tərəfindən yüksək dəyərləndirilib.

 

Ədalət Verdiyev xatırladıb ki, 2002-ci ildən Azərbaycan Ordusunun 22 nəfərlik sülhməramlı taqımı ilə Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) tərkibində fəaliyyət göstərən hərbçilərimizin sayı 2008-ci ildə 40 nəfərə, bir il sonra isə 90 nəfərə çatdırılıb. Onlar 2009-cu ildə ISAF-ın əməliyyatlarında Türkiyə Silahlı Qüvvələrinin taboru tərkibində fəaliyyət göstərməyə başlayıb. 2010-cu ildə isə əlavə olaraq iki hərbi həkim və iki mühəndis-istehkamçı ixtisası üzrə olmaqla, daha dörd zabitimiz Əfqanıstana sülhməramlı kontingentin tərkibinə göndərilib və bununla da heyət sayı 94 nəfərə çatdırılıb.

 

Bundan başqa, 2015-ci ildən Azərbaycan sülhməramlıları Əfqanıstanda NATO-nun himayəsi altında həyata keçirilən “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında altı aylıq rotasiya planına uyğun olaraq fəaliyyətə başlayıb. Azərbaycan Ordusu 2018-ci ildən missiyaya töhfəsini artırmaq məqsədilə şəxsi heyətinin sayını 120-yə çatdırıb. Azərbaycan sülhməramlıları Türkiyə Silahlı Qüvvələrinin taboru tərkibində beynəlxalq terrorçu qruplaşmaların daim hədəfində olan Kabil Beynəlxalq Hava Limanının mühafizəsi tapşırığını da uğurla yerinə yetirib.

 

Hərbi ekspert vurğulayıb ki, Kabil aeroportunun təhlükəsizliyinin çətin şəraitdə təmin edilməsi azərbaycanlı heyətdən yüksək peşəkarlıq tələb edirdi. Mürəkkəb vəzifələri icra edən şəxsi heyət alqışalayiq fəaliyyətləri ilə yadda qaldı. Bundan əvvəl azərbaycanlı kontingent Kabildəki televiziya qülləsinin, ISAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini təmin edib və müxtəlif ərazilərdə patrul xidmətini həyata keçirib. Mühüm obyektlərin qorunmasının məhz Azərbaycan əsgərlərinə həvalə edilməsi hərbçilərimizin məsuliyyətli, intizamlı və etibarlı olması ilə əlaqədardır.

 

“Heyətimizin peşəkarlığı və Azərbaycanın Əfqanıstandakı NATO qoşunlarının təminatına verdiyi logistik dəstək çox böyük əhəmiyyətə malik idi. NATO qüvvələri üçün məhvetmə gücünə malik olmayan yüklərin daşınmasının 40 faizi məhz Azərbaycan tərəfindən təmin edilib. Bu, Alyans komandanlığı və təşkilata üzv dövlətlərin rəhbərləri tərəfindən dəfələrlə vurğulanıb”, - deyə Ədalət Verdiyev qeyd edib.

 

Ekspert diqqətə çatdırıb ki, Əfqanıstandakı Azərbaycan Ordusunun sülhməramlı bölüyünün təqdirəlayiq fəaliyyəti bir çox videogörüntülərdə əks olunub. Burada biz Əfqanıstan xalqının əsgərimizə olan münasibətinin əyani sürətdə gördük. Xüsusən əfqanıstanlı körpələrin əsgərlərimizə sarılması heç vaxt unudulan deyil. Əsgərlərimiz onlarla körpənin həyatlarını xilas edə bildi. Biz, həmçinin yerli sakinlərin televiziyalara müsahibələrini izlədik. Həqiqətən də yerli əhali Azərbaycan əsgərinə qarşı çox mehriban davranırdı. Bu yerli əhalinin bizim hərbçilərə olan etibarının göstəricisidir.

 

Azərbaycan sülhməramlılarının Əfqanıstandan başqa, Kosovo, İraq və Sudanda da xidmət göstərdiyini qeyd edən Ədalət Verdiyev deyib: “Bu, ölkəmizin beynəlxalq sülhə və təhlükəsizliyə verdiyi töhfənin bariz nümunəsidir. Bu fəaliyyətlər zamanı hərbçilərimiz digərlərindən öz müsbət xüsusiyyətləri ilə seçiliblər. Əfqanıstanda sülhməramlı funksiyaları erməni hərbi qulluqçuları da yerinə yetirirdi. Ancaq onlar vəziyyətin gərginləşdiyini görüb tərəfdaşlarını tək qoyaraq İrəvana qayıtdılar. Türkiyənin Əfqanıstanda olduğu müddətdə sülhməramlıların çıxarılması məsələsi isə Azərbaycanda müzakirə mövzusu olmadı. Orada övladlarının təhlükədə olduğunu bilən valideynlərin heç biri bu məsələdə narahatlığını ifadə etmədi. Böyük dövlətlər Əfqanıstandan qaçdığı halda Azərbaycan və Türkiyə hərbçiləri son məqamadək Kabil aeroportunun təhlükəsizliyini təmin etdilər. İki qardaş ölkənin sülhməramlı qüvvələrinin Əfqanıstanı tərk etməsindən sonra Kabildə baş verən terror aktları Türkiyə və Azərbaycan hərbçilərinin real potensialını bir daha dünyaya nümayiş etdirdi”.

 

Azərtac

Tarix: 28 Avqust 2021, 18:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin