BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ay qardaş, büdcədən pul silmək üçün hava limanının tikintisinə ehtiyac yoxdur, 50 cür metod var...”

 

 

Həddindən artıq çoxdur həyatımızda neqativ. Evdə bilirsiniz nələrə baxıram kompyuterimdə? Yumoristik verilişlərə, pozitiv filmlərə və s. Bununla bağlı “Facebook” siyasətimi dəyişirəm və elan edirəm bunu.

 

Əgər əvvələr "mən tolerantam", "hərə öz fikrini söyləməkdə sərbəstdir" deyə bloklama əməliyatına nadir hallarda əl atırdımsa, bundan sonra kiçik neqativ, mənə qarşı yersiz aqressiya olan kimi bloklayacam.

 

Əlbəttə, görəndə, çünki bütün şərhləri oxumağa həmişə zamanım olmur.

 

Bir dəfə demişəm, qoy bir də deyim: öz əhatəmdə mənə hörmətlə yanaşan, məni sevən, mənim mövqeyimi dəstəkləməsə də, onu eşitməyi bacaran insanları görmək istəyirəm, tərbiyəsiz nadanları deyil.

 

Necə ki, biz real həyatda bizi sevməyənlərdən, bizi neqativlə yükləyən insanlardan uzaq dururuqsa, eləcə də burada həmin yanaşmanı tədbiq edəcəyəm.

 

Həm də demaqoqlardan, hər şeyə bir “mız” qoyanlardan uzaq durmaq istəyirəm. Elə götürək son hadisəni... Füzulidə hava limanı açılıb, böyük uğurdur, misilsiz bir nailiyətdir 8 aya dünyanın ən böyük təyyarələrini qəbul edə bilən beynalxalq hava limanını inşa etmək! Sevindiricidirmi? Bəli, adekvat adam buna sevinməlidir, çünki anlayır əhəmiyyətini. Biri var, Qarabağın dirçəlişinə xaricdən və Bakıdan gələn yüklər maşınlarla daşınsın, biri də var, birbaşa hava yolu ilə gətirilsin. Hələ mən bütün hava limanlarının hərbi əhəmiyyəti haqda demirəm. Eyni zamanda, bunun təbliğat tərəfi də var, dünya görür ki, Azərbaycan qısa bir zamanda böyük infrastruktur layihələr keçirməyə qadirdir, Azərbaycan bu bölgəyə sülh, tərəqqi, əmin-amanlıq gətirir.

 

Bunu dünyaya necə çatdırmalı? Media vasitəsi ilə. "Nəyə görə bunlar uçdu, qazilər qaldı" - demaqoqiya deyilmi bu? Qazilər də, şəhid ailələri də gedəcək, yoxsa elə yalnız siz bəyənməyənlər yanırsınız onların gününə, yalnız sizmi onları düşünürsünüz?

 

Bu, ilk sınaq uçuş idi, rəsmi açılış deyildi. Bəli, rəsmi açılış olanda da getmək arzusundayam, Şuşaya da gedəcəm, Kəlbəcərə də, Laçına da, nəyə görə getməməliyəm, mənim də Vətənim deyilmi bu ölkə? Bu uçuşla media ona görə getdi ki, məhz media xəbəri yaymağa qadirdir. Mənim onminlərlə izləyicim var, onların arasında yüzlərlə xarici dostlarım, tanışlarım, kolleqalarım var, görsünlər, yaysınlar, istəyən sevinsin, istəməyənin iki gözü çıxsın bir deşikdən. Etiraf edim ki, bu uçuş zamanı həm təyyarəni idarə edənlərin, həm salonda əyləşənlərin içində bir ehtiyat hissi var idi. Çünki heç kim bilmirdi ki, hansı təxribat ola bilər, o qədər gözügötürməyənlər var ki, o qədər bu hava limanını, bu uçuşları istəməyənlər var ki. Əgər adi vaxtlarda evdən növbəti səfərə çıxanda dalımca bir stəkan su atırdılarsa, bu dəfə bir vanna su getdi, aşağıda qonşular lodka almağı planlayırdılar. Yaxud biri deyir ki, "nəyimizə lazımdır Füzulidə hava limanı, nəyimizə lazımdır Laçında aeroport, bu, yalnız pul silmək üçün edilib” və s.

 

Ay qardaş, büdcədən pul silmək üçün hava limanının tikintisinə ehtiyac yoxdur, 50 cür metod var, əziyyətsiz-filansız silmək olur, bir kağızı o masadan bu masaya qoymaqla. Niyə yaxşı şeylərdə mütləq neqativ axtaranlar diktə etmək istəyirlər yanaşmalarını? Sizin xəbəriniz varmı ki, ikinci Qarabağ müharibəsi zamanı Zaqatala hava limanının necə böyük rolu oldu Qələbəmizdə? Bilmirsiniz? Amma bilənlər bilir. Nə isə, ənənəvi olaraq çox yazdım, yekun isə belədir. Siyasi diskussiyalar, uzaqda oturub burdakıları ittiham etmək, neqativi püskürmək üçün “Facebook”da kifayət qədər imkanlar var digər səhifələrdə, buyura bilərsiniz. Mənim profillərimdə isə səyahətlər, şəxsi təəssüratlarım, xatirələrim, düşüncələrim, yalnız və yalnız özüm lazım bildiyim vaxtlarda yalnız və yalnız özüm lazım bildiyim problemlərlə bağlı fikirlərim, tənqidim, tərifim və s. olacaq. 5 - 10 il ömrüm qalıb, onu da sevdiyim və məni sevənlərin əhatəsində keçirmək istəyirəm. Necə deyərlər, sayanın quluyam, saymayanın ağası. İli je - qalarsan qadan allam, gedərsən yola-zada salan deyiləm, sadəcə, çıxanda qapını bağla dalınca.

 

Eşq olsun bizi sevənlərə!

 

Azər Qərib

Tarix: 6 Sentyabr 2021, 09:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin