BURADA REKLAMINIZ OLA
BİLƏR

Qanunsuz vətənpərvərlik

“Qüssəni polis qüvvələriylə dağıtmaq lazım deyil”

 

(Stanislav Yeji Lets)

 

Bu yaxında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev vətənpərvərlik haqda yeni qanun projesi hazırlandığını uca millətimizə çatdırdı. Deyir işçi qrup yaradılıb, gərgin iş gedir, payız sessiyasında baxılacaq: “Bu çox vacib sənəddir”.

 

Təbii. Biz şübhə etmirik. Azərbaycanda vətənpərvərlik haqda qanun əslində çoxdan lazım idi. Bayaq yazdığımız “yeni qanun” ifadəsi sizi çaşdırmasın. Elə çıxır bizdə vətənpərvərlik haqda qanunun köhnəsi var imiş, indi təzəsini qayıracaqlar. Qətiyyətlə bəyan edirəm, yox idi. Yəni indiyə qədər ölkəmizdə vətənpərvərliklə qanunsuz formalarda məşğul olurduq. Dərəbəylik idi. Sanki AXC-Müsavat dövrünə düşmüsən. Qanun olmadığı üçün hərə vətənpərvərliyin bir üsulunu seçirdi. Məsələn, biri gedirdi torpaqlarımızın işğaldan azad olunması uğrunda həlak olurdu. İkincisi özünə villa tikirdi. Bakı ətrafında. Bu da vətənpərvərlikdir, əlbəttə. Hələ keçən əsrdə Anar müəllim özünün “Təhminə və Zaur” romanında yaxşı yazmışdı: “Villa tikməsən, torpağı qorumağa dəyməz”.

 

Üçüncü adam icra hakimiyyətində saxta süpürgəçi ştatı açıb pul yığırdı. Təsəvvür elə, bizim elə rayonumuz var orda bəlkə iki dənə asfaltlı küçə yox idi, lakin həmin küçələri guya 700 süpürgəçi süpürürdü. Axırı necə oldu? Heç zad: prokurorluğun vətənpərvər kadrları bunların bəzisini tutub türməyə saldılar.

 

Türmə demişkən, təzəlikcə gözümə bir xəbər dəydi ki, MTN-in istintaq idarəsinin şefi Mövlam Şıxəliyevin ibtidai istintaqı başa çatmaq üzrədir. Bu general da vaxtilə çox vətənpərvər insanlarımızdan sayılırdı, Azərbaycanda tutub idarəyə aparmadığı, pullarını sevmədiyi biznesmen qalmamışdı. Camaat uzun müddət maraqlanırdı ki, ey dadi-bidad, MTN-dən o qədər adam tutdular, bəs Mövlam müəllim niyə azadlıqda gəzir. Nəhayət bu ilin aprelində növbə ona çatdı, tutuldu. Hələ başqa üç-dörd general və polkovniki də tutublar, lazım bilsəniz adlarını yazaram, azadlığa çıxanda uşağın toyuna çağırarsınız.

 

İndi siz idarənin vətənpərvərliyinə baxın! MTN 2015-ci ildə ləğv olunub. Lakin bunun əməkdaşlarını 6 il sonra da tapıb tuturlar.

 

Vətənpərvərlik haqda qanun olmasa belə, 1999-cu ildə baş nazir Artur müəllimin sərəncamıyla “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi” Proqramı qüvvəyə minmişdi. Orda 1-ci maddə Vətənpərvərlik Tərbiyəsi Mərkəzinin yaradılması idi. Bəs niyə o mərkəz indiyəcən yoxdur? Tərbiyəsizlikdir. Artur müəllimi tapıb soruşsaq, ana dilimizdə düzgün cavab alarıq. Hər kəs ana dilini də sevməlidir - vətənpərvərliyin tərkib hissəsinin biri budur.

 

Proqramın bəzi maddələri gəncləri milli oyunlarımıza yönəltmək haqda idi. Təəssüf ki, burada da inkişaf gözə dəymir, eşşəkbeli, çilingağac, çovkan, qırdıqaçdı, dana-dana, fırtbol üzrə heç bir irəliləyiş yoxdur. Yenə fırtbolda Lüksemburqa uduzuruq. Ümid edək təzə qanunda uduzan oyunçulara cəza məsələsi yerini tapar. Vətəni sevmək üçün bəzən şillə-təpiklə tərbiyə lazımdır.

 

Proqramı ona görə yada saldım ki, bəziləri bizdə vətənpərvərlik sahəsində indiyəcən tamam dərəbəylik olmasını düşünməsinlər (Biri elə müəllif, bax: yazının ikinci abzası). Ümumiyyətlə, yaxşı olar gələcəkdə bizdə uşaqların valideynlərini sevməsi, ağbirçəklərin elçiliyə getməsi, ağsaqqalların domino oynaması, ər-arvadın qarşılıqlı hissləri, böyüyə hörmət, avtobusda yer, metroda sürtüşmə, kassada növbə, plyajda qaralma, meşədə azmaq, bulvarda gəzinti, parkda tumlamaq, xaşın yeyilməsi, pitinin tərkibi, şeirdə qafiyə, hekayədə süjet, yasda ağlamaq, toyda şıllaqlamaq və sairə haqda ayrıca qanunlar qəbul olunsun.  

 

Yazımın sonunda bu gün doğum günü olan hörmətli riyaziyyatçı alim dostum İsmixan Yusubovu təbrik edirəm. Mövzumuza da çox uyğun şəxsiyyətdir, hər zaman yüksək vətənpərvərliyi ilə seçilmişdir, məsələn, 1990-cı illərin əvvəlində, Meydan hərəkatı zamanı İsmixan müəllimin Qarabağın tarixi haqda yazdığı “Dostuma məktub” əsəri çox populyar idi. Bir neçə gün qabaq mən Qvineyada hərbi qiyamdan köşə yazanda İsmixan müəllim inqilablar temasında 1998-ci ildə yazdığı “Yamaq” şeirindən bir hissəni mənə məktubla yolladı, indi onu hörmətli oxucularımızla bölüşürəm:

 

“Çox yamaqlar gördüm mən

 

Uzadılmış ömrümdə:

 

Ağ şalvara - qara yamaq,

 

Arxalıya yersiz dayaq...

 

Və sairə, və ilaxir,

 

Hamısı da bax bu sayaq.

 

Qiyam zəfər çalınca,

 

Adı olur İnqilab.

 

Yamaq “yamaq” olmazdı,

 

Düşsəydi yerinə bab".

 

Zamin Hacı

 

“Yeni Müsavat”

Tarix: 11 Sentyabr 2021, 11:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin