BURADA REKLAMINIZ OLA
BİLƏR

“Özünü yandırmasaydı anamı öldürəcəkdi" - Məşədibabanın oğlu

 

O, öz dövrünün məşhur meyxanaçısı idi. Sözünün kəskinliyi, ipə-sapa yatmazlığı ilə hər kəsdən seçilirdi. Dostu Elçini qətlə yetirməsi, faciəli şəkildə intihar etməsi illərlədir haqqında müxtəlif şayiələrin yaranmasına səbəb olur.

 

Pravda.az illərdir davam edən şayiələrə son vermək üçün şairin yeganə yadigarı, özü də meyxana deyən Mircəlal Aydəmirovla müsahibənin ikinci hissəsini təqdim edir.

 

- Atanızın içkiyə bu qədər bağlı olmasının səbəbi nə idi?

 

- Həbsxanadan sonra həyatı tamam dəyişmiş, psixoloji durumu alt-üst olmuşdu. Nənəm müsahibəsində deyir ki, türmədən çıxan adam idi, gərək yola verərdilər. Yola vermək asan idisə, öz oğlunu niyə yola vermirdi?

 

- Ananız o günləri xatırlayanda kaş ki deyirmi?

 

- O haqda onunla heç vaxt danışmamışıq. Anamla münasibətimiz o dərəcədə açıq deyil. Gün ərzində bir-birimizlə üç kəlmə ancaq danışırıq. Anamla və digərləri ilə həmin hadisələr haqqında danışmağı sevmirəm. Evdə də söhbət açılmır. Olan olub, keçən keçib.

 

- Bibilərinizin, nənənizin ananızla əlaqəsi var?

 

- Heç bir əlaqə yoxdur. O hadisədən sonra bir neçə il münasibətimiz oldu. Sonra bəzi məqamlar oldu ki, artıq bütün əlaqələr tamamilə kəsildi. İki ailə arasında münasibətlərin normallaşması qəbir evinə qədər olmayacaq. Atam öləndən sonra iki il mehriban olduq. Sonradan şeytan xislətli qohum iki ailəni bir-birinə düşmən etdi.

 

Atam öləndən sonra onlar tərəfdən 5-6 nəfərlə salamım var. Təsəvvür edin, atam qardaşı üçün tikdiyi evə gedə bilmirdi, qardaşı qoymurdu. Amma indi şəklini evinin yuxarı tərəfindən asır. Bunu necə anlamaq olar axı?

 

- Bir insan iki böyük ailəni necə bir-birinə düşmən edə bilər?

 

- Şeytan da təkdir, amma bütün insanları bir-birinə düşmən edir. Bu da elə.

 

- Uşaqlığınızın ən ağır travması hansıdır ki, hələ də ondan qurtula bilmirsiniz?

 

- Əsəb pozğunluğu, bir də qorxu. Tez-tez səksənirəm. Əvvəl, uşaq olanda lap çox idi. Ev, maşın yananda o qədər də qorxmamışam. Özü yananda çox qorxdum. Hadisə birdən oldu. Pəncərədən baxdım ki, butulkada nəsə içir. Düşünürsən ki, su içir və birdən alov çıxdığını görürsən. Sən demə, bu benzin içib və başına töküb. Yanan anını gördüm. Alov çıxanda tez həyət qapısına çıxdım. Atamın dayısı oğlu məni yaxınlaşmağa qoymadı, qarşımı kəsdi. Onda çox qorxdum, səksəndim. Atam 99 faiz yanmışdı. Təkc ayağının baş barmağının dırnağı yanmamışdı.

 

- Ananızla sevib ailə qurmuşdular. Onu içkidən çəkindirməyə sevgi də kömək olmadı?

 

- Düzdür, bir-birlərini sevib ailə qurublar. Anam 6 il onun həbsdən çıxmasını gözləyib. Yalnız ayıq olanda ona söz deyirdi. Sərxoş olanda adama qulaq asmır, danışmağa imkan vermirdi. Günlərlə özü danışardı. Anası, atası, həyat yoldaşı onu bu yoldan çəkindirməyi bacarmadı. Əsəb pozğunluğu varsa, mümkün deyil. Çarə bir dənə ölümdür. Onsuz o özünü yandırmasaydı, tez öləcəkdi. Başında şiş var idi. İki dəfə qan qusduğunu görmüşdüm. İçkidən ciyərləri qapqara olmuşdu. Bəlkə də, həkim onun üçün vaxt qoymuşdu, heç kimə demirdi. Sağ ayağında da çürümə gedirdi.

 

Onun tarixə düşməyinin 50 faizi də özünü yandırmağı, faciəli şəkildə intihar etməsi oldu.

 

- Atanızın bu cür faciəli ölümü ilə xatırlanması sizi narahat edir?

 

- Yox. Niyə incitsin, narahat etsin ki? Həyatdır, alın yazısıdır. Onsuz 20 ilə Elçin də, Məşədibaba da unudulacaq. Qiyamət yaxınlaşır.

 

- Ananıza qarşı şiddət göstərirdi?

 

- Hə, çox olurdu.

 

- Hazırda ananızla babanızgildə yaşayırsınız. Bu gün onlarda hansısa peşmanlıq var?

 

- Barışıq olsaydı, anam öləcəkdi. Bir dəfə qayınanasını bıçaqla vurmuşdu. Babam şərt qoyurdu ki, içkini tərgit, ailəni gəl apar. Çünki içəndə hərəkətini bilmirdi. Deyirdi ki, yox içəcəm. O cür görünüş, sənət, söz, hamısı içkinin qurbanı oldu. Türmə və içki onu məhvə apardı.

 

- İndi ötən illərə baxanda ailənizin ən yaxşı gününü necə xatırlayırsınız?

 

- İçki içmədiyi gün ən yaxşı günümüz idi. Hər şey yerində olurdu. Hər gün bir yerə gedirdik. Bizi haralara aparmırdı...

 

 

 

Mircəlal Aydəmirov

 

- Həbsxana həyatı olmasaydı, düşünürsünüz ki, hər şey yaxşı, normal davam edərdi, içkiyə aludə olmazdı?

 

- Dost dərdi başqadır. Kim başqasının boğazına zorla araq tökür? Öz xoşunla içirsən də. Bir ara namaz qıldı. Bir il çəkdi. 2005-ci ildə başladı, 2006-cı ildə namazı atdı. Elçinin sağlığında öz kefinə görə içirdi, öləndən sonra dərdindən.

 

- Vicdan əzabı çəkirdi?

 

- Niyə vicdan əzabı çəksin ki? Rahat idi. O öldürməmişdi.

 

- Dost dərdi deyirsiniz.

 

- Dost dərdi deyəndə, maşında onların yanında olanlar Elçinin, Məşədibabanın dostları idilər. İkisi üçün də plan qurmuşdular. Türmədə olanda atam belə qəzəl yazmışdı:

 

“Dostlarıma güvəndim, onlar neylədi”.

 

- Sizcə o ətrafındakı insanlar tərəfindən layiqli qiymətini ala bildi?

 

- Yox. Ən əsas da qohumlarından. Yad yaddır, onlardan nəsə ummaq, küsmək o qədər də doğru deyil. İnsan əsas qohumdan umur. Məşədibaba ipə-sapa yatmayan adam olsa da maşında yatmamalı idi. O, buna layiq deyildi.

 

- Sizə ən çox nəyi məsləhət görürdü?

 

- Məsləhət yox, bəzi yollar öyrədib. Həm sənətdə, həm də həyatda. Toyda stəkanına fikir ver, hər önünə gələni içmə, eynəyin güzgüsü ilə arxaya bax. Siqaret çəkmə, içki içmə, ananı incitmə. Özü nə edirdisə, onu mənə qadağa qoymuşdu.

 

 

 

Mircəlal Aydəmirov

 

- Deyirlər ki, çox bədxərc olub.

 

- Ailəsini ac saxlayan olmayıb, amma pulunun qədrini bilmirdi. Məsələn, toydan 5 min qazananda mənə deyirdi ki, get evə, sabah şəhərə gedəcəyik. Pullar da bunda. Sevindiyimdən yata bilmirdim ki, sabah şəhərə gedəcəm. Dediyi yerə gedirdim, görürdüm ki, kefi yoxdur. Nə olduğunu soruşanda deyirdi ki, 40 qəpiyin var? Bilmirdim ki, o qədər pulu nə edib. Bir gün maşında oturmuşuq. Burnu axırdı. Soruşdu ki, dəsmalınız var? Dedik yox. Cibindən pulları çıxartdı. İçində 1, 50, 100 manatlıqlar, dollar da var idi. 50 manatı çıxardıb, burnunu silib, küçəyə atdı. Lənkəranda toydan kisə ilə pul gətirdiyini öz gözlərimlə görmüşəm. Bir həftə keçib, nisyə siqaret alırdı. Hamıya pul paylayırdı. Öz yaşadığı ev daxma, koma idi. Halbuki, dirəkləri qızıldan ola bilərdi.

 

- Hansı hallarda deyirsiniz ki, kaş yanımda olardı?

 

- Ad günlərimdə arzulayıram. Bir də istərdim ki, mahnı yazardı, oxuyardım.

 

- Evdə atanızın səs yazılarını, görüntülərini izləyəndə ananızın reaksiyası necə olur?

 

- Anam heç mənim meyxanalarıma baxmır. Telefon işlətmir, sosial şəbəkələrdə ümumiyyətlə yoxdur. Bilir ki, meyxana deyirəm, nə uğur qazandığımı bilmir. Ev dustağı kimidir. Atam öləndən sonra onu toya da qoymuram.

 

- Atanız sizin meyxanalarınızı dinləsəydi nəyi səhv tutardı, irad bildirərdi?

 

- Uşaq olanda, 7-8 il bundan öncə toylarda Ağamirzəyə çox sataşmışam. Yəqin, deyərdi ki, niyə sataşırsan, eləmə. Bəlkə də deməzdi. Sərxoş olanda da deyərdi ki, əcəb eləmisən. Ayıq olanda sanki imam, sərxoş olanda yezid idi.

 

 

 

Mircəlal Aydəmirov atasının məzarı başında

 

- Bu vaxta qədər onun haqqında yayılan hansı şayiədir ki, hələ də danışırlar?

 

- Elçini öldürməsi və narkotik istifadəçisi olduğunu deyirlər. O, heç vaxt narkotikdən istifadə etməyib. Nifrət edirdi.

 

- Deyirsiniz, uşaq vaxtı demək olar ki, bütün davalarına şahidlik eləmisiniz. Hansı davanı hələ də unuda bilmirsiniz?

 

- Mən ona görə uşaq vaxtı külqabı ilə adam da vurmuşam. Bir yer var tez-tez ora meyxanaya deməyə gedirdik. Bir nəfərlə davası düşdü. O vurdu, atam da vurdu. Axır günləri idi. Çıxanda mənə dedi ki, niyə dayanıb baxırdın? Dedim ay ata, nə edim? Dedi, əlinə nə keçdi qoy başına. Vurmasan, mən səni vuracam. 8-9 yaşım var idi. Bir neçə gündən sonra həmin yerə getdik. Yenə həmin adamla davası düşdü. Gəlib, atama təpik atdı. Ətrafa baxdım ki, külqabı var. Götürüb, atdım başına. Həmin adam sağdı, meyxanaçıdır. Çıxanda alnımdan öpdü. Dedi, halaldı sənə. İndi bildim mənim oğlumsan. Mən də qorxumdan əsirdim, uşaq idim.

 

- Sizin sənətinizə şübhə ilə yanaşanlar oldu?

 

- İlk illərdə elə bilirdilər ki, əzbər deyirəm, evdə hazırlaşıram. Bir dəfə məşhur meyxanaçının biri ilə efirə dəvət aldıq. Öncədən mənə zəng elədi ki, efirdə bir yerdə olacağıq, görüşək, qafiyə açaq, bir-iki söz əzbərlə. Dedim yox, mən bu günə qədər əzbər qafiyə deməmişəm. Orada özün qafiyə açarsan, mən də deyərəm. Məni qəribə baxışlarla süzdü, dedi ki, əminsən? Reklam arası bir də qafiyə tutmağımı təklif elədi. Yenə etiraz elədim. Veriliş bitəndən sonra etiraf elədi ki, mən səni yoxlayırdım və səndən belə meyxana gözləməzdim, halaldır. Bu söz-söhbətə görə çox vaxt özüm qafiyə tutmuram. Təklif edirəm ki, özün tut, mən qafiyə açsam deyəcəksiniz ki, hazırlaşıb gəlib.

 

- Atanızın faciəli şəkildə vəfat etdiyi yeri hər gün görmək, oradan keçmək çətin deyil ki?

 

- Oradan köçməyi, çıxıb getməyi planlaşdırıram. Bizim məhlə lənətlənmiş, cadulanmış məhlədir. Orada çox faciələr olub, ona görə də getmək məsləhətdir.

 

Lent.az

Tarix: 11 Sentyabr 2021, 22:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin