BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezidentin birbaşa nəzarəti və göstərişi ilə Qarabağa qayıdış proqramı uğurla həyata keçirilməkdədir” - RƏY

"Vətən müharibəsinin başlamasından ötən bir il Azərbaycan üçün çox əlamətdar hadisələrlə yadda qalıb. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürlərimizi bildirik ki, həm birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsində şəhid olanların ailə üzvlərinə və qazilərə daim diqqət göstərilir, bu kateqoriyadan olanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün ciddi tədbirlər görülür".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

 

 

Deputat bildirib ki, 30 ilə yaxın müddətdə Azərbaycan torpaqları erməni terrorçuları tərəfindən işğal altında saxlanıldı, azərbaycanlılara qarşı həm birinci Qarabağ müharibəsi dövründə, həm də sonralar hərbi cinayətlər həyata keçirildi, soyqırım törədildi: "Bütün bu həqiqətləri görməzdən gələn beynəlxalq ictimaiyyət BMT-nin 4 qətnaməsini nəzərə almadı və problemi sülh yolu ilə həll etməkdə məsul olan ATƏT-in Minsk Qrupu Ermənistana qarşı hansısa ciddi bir təzyiq həyata keçirmədi və beynəlxalq ictimaiyyət Ermənistana qarşı sanksiyalar tətbiq etmədi. Nəticədə, problemin sülh yolu ilə həlli faktiki olaraq mümkün olmadı. 2020-ci ilin yay aylarında Ermənistan tərəfindən yeni hərbi təcavüzün şahidi olduq, onlar Tovuz hadisələrini törətdilər və Azərbaycanın ərazilərinə qarşı yeni iddialar irəli sürərək başqa ərazilər işğal etmək niyyətlərini ortaya qoydular. Prezident İlham Əliyevin ötən ilin sentyabrın 24-də BMT-nin toplantısında deyildiyi kimi, ermənilər yeni müharibəyə hazırlaşır, silahlanır və Azərbaycana qarşı yeni ərazi iddialarını ortaya qoyurlar və biz buna dözə bilmərik, susa bilmərik, ona görə də ermənilərin təcavüzünün qarşısı mütləq alınmalıdır. Ermənilər tərəfindən sentyabrın 27-də törədilən növbəti hərbi təcavüzün qarşını almaq məqsədilə Azərbaycan hərbi döyüşlərə başladı və 44 günlük Vətən müharibəsi ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz döyüşərək, vuruşaraq torpaqlarımızı erməni işğalından azad etdi, Azərbaycan ərazi bütövlüyü bərpa olundu. Xüsusilə də Şuşa səfərindən sonra Ermənistan kapitulyasiya aktı imzalama məcbur oldu, Kəlbəcər, Laçın və Ağdam bir güllə atılmadan düşmən işğalından azad edildi. Ötən müddət ərzində Prezident İlham Əliyevin birbaşa nəzarəti və göstərişi ilə Qarabağa qayıdış proqramı uğurla həyata keçirilməkdədir. Məhz qələbədən bir müddət sonra Prezident İlham Əliyev və hörmətli Birinci vitse-prezident Mehriban Əliyevanın bu torpaqlara səfərləri və səfər zamanı ərazilərdə ermənilərin törətdiyi cinayətlər, tarixi mədəni abidələrimizə qarşı törədilmiş vandal münasibət dünya ictimaiyyətinə nümayiş etdirildi və bu reallığı görməyə çağırıldı".

 

N.Həmzəyevin dediyinə görə, Prezidentin bu ərazilərə dəfələrlə səfərləri nəticəsində dünya ictimaiyyəti ermənilərin əsl üzünü gördü: "Bu gün bütün xarici qonaqlar həmin ərazilərə aparılırlar və ermənilər tərəfindən törədilmiş vandalizm və hərbi cinayətlərlə tanış edilirlər. Prezident İlham Əliyevin göstərişi ilə bu ərazilər yaşıl zona elan edilib və alternativ enerji mənbələri istifadə olunmaqla müasir dövrün elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə olunmaqla "ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyaları əsas tutularaq quruculuq və abadlıq işləri həyata keçirilir. İlk olaraq, bu ərazilərdə kommunikasiya xəttlərinin bərpası ilə əlaqədar yolların tikintisinə start verildi, müxtəlif istiqamətlərdə təməlqoymalar oldu və Qarabağa, Şərqi Zəngəzura gedən yolların tikintisi və bərpası üçün aidiyyəti qurumlar davamlı olaraq öz işlərini görürlər. Həmçinin bu ərəzilərdə elektrik enerjisinin bərpası ilə bağlı dövlət müxtəlif layihələr icra edir və şükürlər olsun ki, əksər ərazilərdə elektrik enerjisinin verilişi bərpa edilib. Şükürlər olsun ki, Şuşanın öz simasına qaytarılması üçün dövlət tərəfindən bir sıra işlər görülür. Şuşa və Ağdam şəhərlərini  baş  planı artıq hazırdır. Bu ərazilərin öz görkəminə qaytarılması üçün quruculuq və abadlıq işləri həyata keçirilməkdədir. Həmçinin düşmən üzərində zəfər çalınsa da,  onların ərazilərdə törətdikləri hərbi cinayətlər hələ də davam edir, çünki bu ərazilərdə çoxlu sayda minalar basdırıblar. Bu ərazilərin minalardan təmizlənməsi əslində uzun vaxt tələb edir, ancaq Prezident İlham Əliyevin uğurlu diplomatik gedişləri sayəsində biz Ağdam şəhərinin minalanmış ərazisinin xəritəsini ala bildik və minalardan tamamilə təmizlədik. Digər bir neçə ərazinin də mina xəritələri alınsa da, daha sonra məlum oldu ki, xəritələrin doğruluğu cəmi 25 faizdir. Ona görə də, Füzuli, Zəngilan və Cəbrayıl rayonlarının da minalardan təmizlənməsi işi müəyyən qədər ləngidi. Lakin istənilən halda, proses ANAMA tərəfindən sürətlə davam etdirilir. Biz əminliklə deyə bilərik ki, Zəfərin birinci illiyində bu çox maraqlı hadisələrin şahidi olacağıq, müxtəlif açılışlar olacaq. Misal üçün, Füzuli beynəlxalq hava limanının tam gücü ilə fəaliyyətə başlamasına start veriləcək. Biz, həmçinin Zəfər yolunun və digər sürpriz açılışların şahidi olacağıq. Səbirsizliklə həmin günü gözləmək lazımdır. İstənilən halda, bizim üçün ən böyük sürpriz Zəfərimiz oldu və biz qələbəmizə görə şəhidlərin ruhu qarşısında baş əyirik, qazilərə Allahdan şəfa diləyirik".

 

Nəzrin Cavid

Tarix: 25 Sentyabr 2021, 14:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin