BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənilər işğal zamanı Həkəri çayının məcrasını dəyişərək üç kəndin ərazisini bataqlığa çevirib - VİDEO

Ermənilərin işğal dövründə Həkəri çayının məcrasını dəyişməsi nəticəsində 3 kəndin ərazisi bataqlığa çevrilib.

 

Pravda.az-ın xəbərinə görə, ermənilər Həkəri çayının məcrasını Zəngilan rayonunun Babaylı kəndi ərazisindən keçən hissədə dəyişib. Süni göl yaratmağa çalışan ermənilər kəndin bütün əkin sahələrini bataqlığa çevirib. 27 il ərzində bataqlıq sahəsi genişlənərək daha iki kəndin ərazisinə yayılıb. Nəticədə Babaylı kəndi ilə yanaşı, Məmmədbəyli və Üçüncü Ağalı kəndlərinin də əkin sahələrində bataqlıq yaranıb. Bundan başqa, qamış və kol bitkiləri də əkin sahələrinin sıradan çıxmasına səbəb olub.

 

Ehtimal edilir ki, ermənilər bu ərazilərdə süni göl vasitəsi ilə balıqçılıq təsərrüfatı yaratmağa çalışıblar. Zəngilan rayonu Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdikdən sonra çayın qarşısı açılıb və yenidən Araz çayına tökülməsi təmin olunub. Hazırda yaranmış göl boşaldılsa da, mütəxəssislər hesab edir ki, eroziyaya uğramış torpaq sahələrinin bərpası üçün illərlə zaman lazımdır.

 

Qeyd edək ki, mənbəyini Laçın rayonu Mıxtökən dağından götürən Həkəri çayının uzunluğu 113 km-dır. Laçın və Qubadlı rayon ərazisindən keçən çay Zəngilan rayonu ərazisində Araz çayına tökülür.

 

APA

 

Tarix: 26 Noyabr 2021, 13:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin