BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat müzakirələrə səbəb olan çıxışından danışdı: “Kafe və restoranlarda qiymətlərin tənzimlənməsi fikri yanlışdır”

Deputat Rüfət Quliyev parlamentin dekabrın 20-də keçirilən plenar iclasında “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, 20 ildən çoxdur ki, bazar iqtisadiyyatı yolu seçilib. Onun sözlərinə görə, bu yolu seçən ölkələrdə kafelərin və otellərin qiymətlərinə qarışmaq olmaz. Bu məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 

Məsələ ilə bağlı Pravda.az-a danışan Rüfət Quliyev bildirib ki, Azərbaycanda bazar iqtisadiyyatının iki əsas qanununa - tələb-təklif və rəqabətə əməl etmək lazımdır.

 

“Bir sıra məmurlar tərəfindən ictimai-iaşə obyektlərində qiymətlərin tənzimlənməsi məsələsinə maraq göstərilir. Bəzi məmurlar bu prosesin müəyyən formada nəzarətə alınmasını, ictimai-iaşə obyektlərində, o cümlədən, barlarda, kafe və restoranlarda, otellərdə qiymətlərin tənzimlənsini istəyirlər. Qiymətlərin özbaşına qaldırılması ilə əlaqədar yaranan bu cür narahatlıqları başa düşürəm, amma bir iqtisadçı alim kimi qeyd etmək istəyirəm ki, əgər biz bazar iqtisadiyyatı yolunu seçmişiksə, deməli, obyektiv qanunlara əməl etməliyik. Dünyada iaşə obyektlərində qiymətlərin tənzimləndiyi yeganə dövlət Şimali Koreyadır. Yəni, orada bazar iqtisadiyyatı yoxdur və onlar iqtisadi mexanizmlərini heç özləri də başa düşmürlər”, - deyə deputat bildirib.

 

R.Quliyev, həmçinin qeyd edib ki, burada sadə çıxış yolu restoranların, kafelərin və otellərin xüsusi menyularının olması və orada qiymətlərin, yeməklərin miqdarlarının, otaqların şəraitinin və lazım olan digər məlumatların qeyd edilməsidir: “Belə məlumatlar vətəndaşlara əlçatan olması üçün elektron variantda internetə yerləşdirilməlidir. Onu da bildirim ki, plenar iclasda “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı bir neçə millət vəkili bu məsələyə münasibət bildirdi. Əlbəttə ki, mən “Turizm haqqında” qanun layihəsini tam bəyənirəm, dəstəkləyirəm və dəstəkləyəcəm də. Amma kafe və restoranlarda qiymətlərin tənzimlənməsi fikri yanlışdır. Ona görə də cəmiyyətdə belə fikir formalaşdırmaq olmaz. Bu, gələcəkdə həmin iaşə obyektlərində ciddi problemlərin yaranmasına səbəb ola bilər. Əgər tənzimlənmə olarsa, obyektləri idərə edənlər məcburiyyət qarşısında qalaraq keyfiyyəti aşağı salacaqlar, daha ucuz ərzaqlardan istifadə edəcəklər. Mən bunun Rusiyada şahidi olmuşam. Belə ki, Rusiyada bir müddət əvvəl baş verən devalvasiyadan sonra yaranan inflyasiya nəticəsində qiymətləri qaldırmaq istəməyən kafe, restoran və otel sahibləri keyfiyyəti aşağı salırdılar. Belə çıxır ki, hansısa komissiya bu işə başlayarsa, bu kimi problemlər Azərbaycanda da yarancaq. Həmin problemlərin aradan qaldırılması üçün isə sahibkarlar korrupsiya sxemlərinə əl atacaqlar. Yəni, iaşə obyektlərində qiymətlərin tənzimlənməsinin heç bir faydası olmayacaq. Sadəcə olaraq, istehlakçılara seçim vermək lazımdır. Onsuz da istehlakçı hansı kafedə qiymət və keyfiyyətin ona uyğun olduğunu bilir”.

 

Parlament üzvü bildirib ki, yalnız vacib qida məhsullarının qiyməti dövlət tərəfindən tənzimlənməlidir: “Azərbaycanda kifayət qədər otellər tikilir, ölkədə dünyanın məşhur 4 ulduzlu, 5 ulduzlu brend otelləri də var. Həmin otellər özünəməxsus bazar iqtisadiyyatına və rəqabətə malikdirlər. Əlbəttə ki, buna qarışmaq olmaz. Bazar iqtisadiyyatının ən yaxşı tərəfi odur ki, müştəriyə seçim şansı tanınır. Yəni, vətəndaş özünə daha rahat və daha məqbul olanı seçir. Mənim əsas məqsədim odur ki, cəmiyyətdə bu məsələ ilə bağlı yanlış fikir formalaşmasın. Bazar iqtisadiyyatında bir qanuna əməl etdiyin halda, digərinin qarşısını almaq mümkün deyil. Lakin yaşayış minimumu çərçivəsində mövcud səbətə daxil olan əsas qida məhsullarının qiymətini dövlət tənzimləməli, nəzarət və lazım gələrsə, müdaxilə etməlidir. Belə məhsullara çörək, yağ, şəkər, şəkər tozu, un, duz və s. təxminən 60 çeşiddə qida məhsulu yer alır”.

 

 

R.Quliyevin sözlərinə görə, Azərbaycanda hazırda ən rəqabətli və ən şəffaf sfera iaşə obyektləridir: “Bu sahədə, doğrudan da, güclü, amma kompromissiz rəqabət müşahidə edilir. Bu, ölkədə turistlər, həmçinin yerli əhali üçün gözəl şəraitin yaranmasına səbəb olub. İaşə obyektlərində son dövlərin qiymətlərin artmasının əsas səbəbi isə kənd təsərrüfatı mallarının və xaricdən gələn məhsullarının qiymətlərinin artmasıdır. Mən, sadəcə olaraq, narahatlığımı ifadə edirəm, burada heç bir şəxsi məsələ yoxdur. İqtisadiyyat stabildir, sadəcə olaraq, biz inflyasiya ilə mübarizəni özümüzə hədəf seçmişik. Problemin qarşısını almaq lazımdır. İqtisadçı alim kimi bunu deməliyəm. Həmçinin bu, təkcə mənim deyil, bir çox millət vəkili və ictimaiyyətin bir hissəsinin mövqeyidir”.

 

Nəzrin Cavid

Tarix: 24 Dekabr 2021, 12:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin