BURADA REKLAMINIZ OLA
BİLƏR

"Rəsmi İrəvanın Xankəndi prosesindən çəkilmə istəyi Azərbaycanla daha tez anlaşma ortamı yarada bilər"

"Ermənistan Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların problemini öz üzərindən tamamilə atmağı düşünür. Rəsmi İrəvan anlayır ki, Xankədi və ətrafı de-jure Azərbaycan ərazisidir, de-facto Rusiya nəzarət edir, amma Xankəndini və ətrafında yaşayanların maddi təminatını Ermənistan ödəyir – 2022-ci ildə 300 mln. dollara yaxın maddi yardımın göstərilməsi Ermənistan büdcəsində öz əksini tapıb. Paşinyan və komandası onların sözünə baxmayan, daha çox Rusiya və Kremlin Ermənistandakı sözçülərinə bağlı olan qondarma rejimə pul xərcləmək istəmir. 2022-ci ildə Ermənistan büdcəsi 4 mlrd. dollar olacaq, bunun 300 mln. dollarını Arayikin dəstəsinə vermək, onların da bu pulu nəzarətsiz xərcləməsini istəmirlər".


Pravda.az xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib.


Ekspert vəziyyətin müsbət və mənfi tərəflərinin olduğunu bildirib:

"Müsbət tərəfi: Ermənistan Qarabağ prosesindən çəkilərək Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmağı, Gürcüstan üzərindən dolayı Qərbə çıxışdansa, Türkiyə üzərindən birbaşa Qərbə çıxış əldə etməyi düşünür. Bu yolun daha uğurlu olduğuna inanır, çünki, son 200-250 ildə Rusiyanın maşası olub da say və nufuz olaraq həmişə itiriblər. İndi Ermənistan cəmiyyətində anti-Rusiya fikirləri çox güclüdür, Paşinyan və komandası özbaşına Qərbyönümlü deyil, onlar cəmiyyətdə olan münasibətin siyasi “tərcüməçisidirlər”. Yəni, rəsmi İrəvanın Xankəndi prosesindən çəkilmə istəyi Azərbaycanla daha tez anlaşma ortamı yarada bilər. Ermənistan Qarabağ məsələsini üzərindən artıb iqtisadi yüksəlişə köklənsə, cəmi 5 ildən sonra ÜDM və büdcəsini 2 dəfə artıra bilər.

Mənfi tərəfi: Rusiya Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların Azərbaycana inteqrasiyasında maraqlı deyil, bunu istəmir, Ermənistan prosesdən çəkildikcə Xankəndi və ətrafında yaşayan erməni əslilli azərbaycanlılara daha çox yardım, daha çox iqtisadi fürsətlər, sosial layihələr təqdim etməklə onları özlərinə daha çox bağlayacaq, bu gün Xankəndində olan qondarma qurumu de-facto tanıdığı kimi, münasibətləri daha da dərinləşdirəcək, günün birində de-facto tanıdığı rejimi de-jure tanıya, həmin qondarma qurumun geydirmə “parlamentinin” qərarı ilə orada bir ömür qalması ilə bağlı qərar çıxartdıra bilər – bu ən böyük təhlükədir, və hələ ki, bu təhlükəni aradan qaldırılması üçün Azərbaycan hökumətinin düşünülmüş planının olduğu görünmür".

"Azərbaycan Dövləti olaraq biz tezliklə Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların ölkəyə inteqrasiyası ilə bağlı addım-addım plan açıqlamalıyıq. Ölkə daxilində isə mürəkkəb, effektiv yeni idarəetmə sisteminin yaradılması vacibdir, bunun üçün isə hərbi qələbəni də özündə ehtiva edən yeni Konstitutsiya olmazsa-olmazdır. Yeni Ana Yasada yerli özünüidarə- bələdiyyə insitutlarının yaradılması və gücləndirilməsi, yeni inzibati-ərazi bölgüsü, Prezidentin dövlət başçısı rolu artması, hökumətin isə proporsional seçilmiş Parlamentdən çıxaraq sosial-iqtisadi məsələlərə köklənməsi vacibdir..." - N.Cəfərli əlavə edib. 

Tarix: 27 Dekabr 2021, 22:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin