BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistan sərhədlərin müəyyənləşdirilməsi və sülh müqaviləsi imzalanmasını əsassız yerə yubadır - TƏHLİL

44 günlük Vətən müharibəsinin Azərbaycanın şanlı Qələbəsi ilə başa çatmasından sonra Cənubi Qafqazda yeni geosiyasi proseslərin başlanğıcı, regionun tarixində yeni eranın əsası qoyuldu. İndi bölgədəki bütün proseslər məhz Azərbaycanın şəksiz liderliyi və diqtəsi altında cərəyan edir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bölgədə təhlükəsizlik mühiti, davamlı sabitliyə və əmin-amanlığa əlverişli şərait yarana bilər.

Region dövlətlərinin yeni əməkdaşlıq formatının qurulması və Zəngəzur dəhlizinin yaradılması başda olmaqla, bir çox layihənin reallaşması üçün, ilk növbədə, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyasının aparılması əsas şərtdir. Sərhədlərin müəyyənləşməsi olduqca zəruri proses, tərəflər arasında mövcud sərhədyanı ərazilərdə baş verə biləcək gələcək münaqişələrdən sığortalanmaq və qarşılıqlı əməkdaşlıq üçün vacib olan bir nömrəli məsələdir. Lakin bu proses erməniləri nədənsə uzun illər ərzində işğal altında saxladıqları Azərbaycan torpaqlarının azad olunmasından daha çox narahat edir.

Ötən ilin noyabrın 26-da Soçidə üçtərəfli görüş zamanı imzalanan növbəti bəyanatda əksini tapan əsas məsələlər nəqliyyat əlaqələrinin blokadadan çıxarılması və Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin müəyyənləşdirilməsi üzrə ikitərəfli komissiyanın yaradılması idi. Bəyanatda qeyd olunan məsələlərin həlli, xüsusilə də dövlət sərhədinin delimitasiyası və demarkasiyası sülh sazişinin imzalanması üçün mühüm hazırlıq mərhələsi hesab olunur.

Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirməkdə tam qərarlı olduğu halda, Ermənistan bu məsələlərin həllini bilərəkdən yubadır. Ermənistan rəsmiləri tez-tez barışıq xarakterli müxtəlif bəyanatlar versə də, konkret ortaq işdən söhbət gedəndə müxtəlif bəhanələrlə ondan çəkinir. Müharibədəki acı məğlubiyyətdən sonra belə ABŞ və Fransadakı erməni diasporu, eləcə də Ermənistandakı bəzi məkrli qüvvələr öz həmvətənlərinin baxış bucağını zəhərləməyə davam edir, revanşist hisslərdən vaz keçmək istəmirlər.

Sərhəd dəqiqləşmələrinin bu günə qədər reallaşmamasına səbəb rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyi, regionda formalaşmış real vəziyyəti həzm edə bilməməsi, beynəlxalq təsisatların, əsasən də ATƏT-in Minsk qrupunun köməyi ilə qondarma “DQR”-in status alması kimi utopik ideyalarla yaşamasıdır. Ötən dövr ərzində sərhəddə baş verən insidentlər də məhz Ermənistanın qeyri-adekvat hərəkətləri səbəbindən meydana çıxıb. Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiya hələ də yaradılmayıb.

Azərbaycan Prezidenti İlham Əliyev də bəyan edib ki, Ermənistanla sülh müqaviləsini imzalamağa hazır olsaq da, amma, onlar tərəfindən buna rəsmi reaksiya verilmir: “Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil. Hesab edirəm, bu, çox böyük bir səhv olacaq. Necə ki, müharibə ərəfəsində və müharibə dövründə Ermənistan tərəfi böyük səhvlər buraxıb, hərbi cinayətlər törədib. Bu, növbəti böyük səhv ola bilər”.

Beynəlxalq təşkilatlar və ayrı-ayrı maraqlı ölkələrin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması və sərhədlərin müəyyənləşdirilməsinə öz dəstəklərini yalnız dildə ifadə etməsi, bunun üçün Ermənistana hər hansı ciddi təzyiq göstərməmələri də məsələnin dalana dirənməsinə səbəb olur.

Azərbaycanın humanizm prinsiplərinə sadiqliyinin bariz nümunəsi kimi son zamanlarda Azərbaycan tərəfində saxlanılan erməni hərbi qulluqçularının və mülki şəxslərinin Ermənistan tərəfinə təhvil verilməsi müqabilində işğaldan azad olunmuş ərazilərin mina xəritələrinin təqdim olunmasından sonra Ermənistana qayıdan həmin şəxslərin öz ölkələrində istintaqa cəlb olunmaları və həbsə məruz qalmaları, verilən mina xəritələrinin isə əhəmiyyətli hissəsinin qeyri-düzgün olması bir daha Ermənistanın bu proseslərdə əsl niyyətindən xəbər verir. Bu azmış kimi, cari ilin 4 fevral tarixində Fransa və Azərbaycan respublikalarının, Avropa İttifaqı Şurasının prezidentlərinin və Ermənistan Baş nazirinin iştirakı ilə videoformatda keçirilmiş dördtərəfli görüşdə Birinci Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşlarının və onların basdırıldıqları kütləvi məzarlıqların yerləşmə yerləri barədə məlumatların Azərbaycan tərəfinə verilməsi barədə Ermənistanın öz üzərinə götürdüyü öhdəlikdən boyun qaçırması həqiqi erməni xislətini ortaya qoymuş oldu.

Bütün bu sadalanan hallara rəğmən, Ermənistan və regionda sülhə xələl gətirmək istəyən bəzi xarici qüvvələr bölgədəki yeni reallığı dərk etməli, revanşist xülyalardan əl çəkməli, sərhədlərin delimitasiyası və demarkasiyasının hər hansı qeyd-şərt olmadan həyata keçirilməsinin vacibliyini, sülh müqaviləsinin imzalanmasının, tərəflər arasında üçtərəfli bəyanatlara və digər razılaşmalara əməl etməyin qaçılmaz olduğunu anlamalıdır. Ermənistan rəhbərliyi sərhədlərin müəyyən edilməsi prosesinin gedişinə hər vəchlə mane olmaq, prosesi ləngitmək istəsə də, unutmamalıdır ki, imzalanan kapitulyasiya aktı və digər müvafiq sənədləri son bəndinə qədər icra etməyə borcludur.

Azərbaycan Prezidenti İlham Əliyevin bununla bağlı bir müddət əvvəl dediyi sözləri xatırlamaq yerinə düşür: “Mən demişəm, bizim xoşniyyətli davranışımız şərt deyil ki, əbədi olacaq və şərt deyil ki, bu təkliflər əbədi masa üzərində qalacaq. Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün bəlkə də yüz dəfə daha çox əsasımız var, nəinki onların bizim ərazi bütövlüyümüzü tanımaması üçün...”

Ermənistanın sülh sazişini bağlamaqdan müxtəlif bəhanələrlə yayınması Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərini tanımaması anlamına gəlir. Bu o deməkdir ki, Ermənistan Azərbaycanla mehriban qonşuluq və sülh şəraitində, dinc yanaşı yaşamaqdan imtina edir. Məğlub ölkənin yeni avantüraları onu tam tənəzzülə uğrada bilər. İqtisadiyyatı bərbad vəziyyətdə olan, ordusuz qalan Ermənistan sülh sazişindən imtina edərsə, itirən özü olacaq. Ermənistan unutmamalıdır ki, onların “məğlubedilməzlik” mifini darmadağın edən Azərbaycan Ordusu hər an öz gücünü yenidən nümayiş etdirməyə hazırdır!


APA

Tarix: 10 Fevral 2022, 16:35   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin