BURADA REKLAMINIZ OLA
BİLƏR

“Cəsur döyüşçü”: “Ürəyimin Vətən üçün döyündüyünü necə lazımdır, hiss edə bilirəm...”

İkinci Qarabağ müharibəsində Vətənin müdafiəsi uğrunda silaha sarılan igidlərdən biri də Həmidov Mahur Mahir oğludur. Vətən müharibəsi qazisi Mahur indi döyüş yoldaşlarını, özünün təbirincə desək, qeyrətli qardaşlarını dərin ehtiramla yad edir. Mahur deyib ki, müharibənin bircə saniyəsini belə, xüsusən də şəhid qardaşları ilə keçirdiyi anları heç vaxt unuda bilməz.

 

Pravda.az-ın əməkdaşı ilə fikirlərini bölüşən qazi qeyd edib ki, o, müharibədə canını Vətənə fəda deyib döyüşən bütün igidlərlə qürur duyur.

 

Mahur Həmidov 1991-ci il aprelin 26-da Rusiya Federasiyasının Nijni Novqorod şəhərində anadan olub, Bakıda böyüyüb. Hərbçi olmaq arzusu ilə 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2012-ci ildə həmin məktəbi bitirdikdən sonra Azərbaycan Ordusunda xidmətə başlayıb. 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsində əsasən Füzuli istiqamətində döyüşüb.

 

"Ürəyimin Vətən üçün döyündüyünü necə lazımdır, hiss edə bilirəm..."

 

O, oktyabrın 8-də Füzuli uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Mahurun dediyinə görə, ilkin müdaxilədən sonra Bakıya təxliyə olunub və Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında təcili əməliyyata alınıb: "Güllə yarası almışdım, oturmaq qabiliyyətini itirmişdim. Ümumiyyətlə isə 2021-ci ilin iyun ayına qədər yataq xəstəsi olmuşam, ayağa qalxa bilmirdim. Sonra "YAŞAT" Fondunun maliyyə dəstəyi ilə qardaş Türkiyəyə yola salındım. Oradakı müalicələrdən sonra özümü nisbətən yaxşı hiss edirəm. Şükürlər olsun ki, aşağı ətraflarımda hissiyyat olmasa da, əsa ilə yeriyə bilirəm. Əsas odur ki, ürəyimin Vətən üçün döyündüyünü necə lazımdır, hiss edə bilirəm. Əgər döyüşmək lazım olarsa, canım bahasına olsa da, Vətənimi qorumağa hazıram. Məni xoşbəxt edən odur ki, şəhidlərimizin qanı yerdə qalmadı və Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi".

 

"İndi hər çayımı şəhid qardaşım Məlikov Mahmud, suyumun hər ikinci qurtumunu isə şəhid qardaşım Fuad Məhərrəmovun əvəzinə içirəm..."

 

Kapitan Mahur Həmidov qrup üzvlərindən danışarkən məyus olur, lakin fəxrlə qeyd edir ki, inşallah, işğaldan azad edilmiş torpaqlarda şəhid qardaşlarının nəfəsi qarışmış təmiz havanı ciyərlərinə çəkəcək: "O qədər unudulmaz anlar var ki... Danışmaqla bitməz. Şəhid Məlikov Mahmud çayı çox sevirdi, hər fürsətdə çay içirdi. İndi hər səhər çay içəndə şəhidimizi xatırlayıram. Yeri gəlmişkən, bir anı da sizinlə bölüşmək istəyirəm. Müharibə vaxtı oturub-durduğumuz zabitlərdən biri də baş leytenant, beş bacının bir qardaşı Məhərrəmov Fuad idi. Bir dəfə döyüş vaxtı çox susamışdım, ona görə Fuad gedib yarım litr su gətirdi. Hər kəs susuz idi, suyu əvvəlcə qrup üzvləri - MAXE-lərə, əsgərlərə, digər zabitlərlə bölüşdük. Sona ikicə qurtum su qalmışdı, birini mən, birini isə Fuad içdi... İndi hər çayımı şəhid qardaşım Məlikov Mahmud, suyumun hər ikinci qurtumunu isə şəhid qardaşım Fuad Məhərrəmovun əvəzinə içirəm".

 

Müharibə dəhşətini bu günün özündə, hər anında iliklərinə qədər yaşayan Vətən müharibəsi qazisi elə bu müsahibəsində bölüşdüyü xatirələri, duruşu və Vətən sevgisi ilə iki oğul övladına, eləcə də bütün Azərbaycan gəncliyinə nümunədir. Üçrəngli bayrağımızı zirvələrə qaldırmaq, torpaqlarımızı təcavüzkar Ermənistanın işğalından azad etmək ən böyük amalı olan Mahur Həmidov bu gün xoşbəxtdir. O, "aramızda olan şəhidlər"dəndir.

 

Qeyd: Qazi Mahur Həmidov Vətən müharibəsində göstərdiyi igidliyinə görə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Nəzrin Cavid

Tarix: 3 Mart 2022, 19:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin