BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bunun günahı tək Putində deyil, Rusiya elitası, xalqın böyük bir hissəsi yanlış imperiya “virusuna” yoluxub"

“İnsanlıq özünü tanıyandan, əlinə silah keçəndən sonra daim kimlərsə meydana çıxıb, imperiyalar qurmağa çalışıb, bəzi imperiyalar yüzillərlə yaşayıb, sonra isə dağılıb, yeniləri yaranıb. Amma, təqribən, 300 il bundan öncə imperiyalar nəzriyyəsində ilk dəyişikliklər baş verdi, İkinci Dünya müharibəsindən sonra isə imperiya nəzəriyyəsi məğzi qalsa da, forması, strukturu, prinsipləri yenidən formalaşdı. 1709-cu ildə o dövrün ən güclü dövlətlərindən, imperiyalarından biri olan İsveç Krallığı XII-ci Karlın rəhbərliyi altında I-ci Pyotrun Çar olduğu Rusiya İmperiyası ilə Poltava yaxınlığında döyüşə girdi. İsveç Krallığı müharibəni uduzdu, sonra öz daxilinə çəkildi, cəmi 300 ilə dünyanın ən inkişaf etmiş, ən xoşbəxt ölkələrindən birinə çevrildi. Bu gün İsveçin ÜDM-i 541 mlrd., adambaşına düşən milli gəlir 51.641 dollardır, əhalisi isə cəmi 10 mln. 380 min nəfərdir, ərazisi isə 447445 kv2-dir. Rusiyanın ÜDM-i 2021-ci ildə 1,6 trilyon dollar olmuşdu, amma indiki məzənnə ilə hesablamalar aparılsa, 1,2 trilyon dollara bərabərdir, bu ilin sonuna 1 trilyon dollardan aşağı düşücək. 2022-ci ildə Rusiya adambaşına düşən ÜDM 7500 dollara düşməsi gözlənilir, sanksiyalar çox sərtləşsə və bu il ərzində qalsa, adambaşına düşən ÜDM 5000 dollara qədər azala bilər. Yəni, hətta bu günə olan rəqəmlərlə götürsək İsveçin ərazisi Rusiyadan 39 dəfə kiçikdir, əhalisi 15 dəfə azdır, demək olar ki, heç bir təbii resursu yoxdur (və ya çox azdır), amma ÜDM-i Rusiyadan cəmi 2,5 dəfə azdır, adambaşına düşən ÜDM isə 6-7 dəfə çoxdur. Britaniya, Fransa, İspaniya, Portuqaliya (daha kiçik Belçika, Hollandiya İmperiyaları da olub) İmperiyaları orta əsrlərdən 2-ci dünya savaşına qədər ən qəddar, qaniçən, yerli xalqları vəhşicəsinə sümürən İmperiyalar idi. Fransa və İspaniya isə, ümumiyyətlə, qanla din yayamağa çalışdıqlarından, “missioner” olduqlarından daha çox qan tökdülər. Britaniya İmperiyası bir az fərqli davranırdı, daha çox ticarətdə aldadırdı, orbazlı desək, “gücgünü qızıla” dəyişirdi, başqa cür sümürürdü. İkinci Dünya müharibəsindən sonra o imperiyalar davranışlarını dəyişdilər, öz müstəmləkələrinə müstəqillik verdilər, amma iqtisadi, texnoloji, mədəni olaraq özlərindən tam asılı vəziyyətə saldılar. Yəni, İmperiya Nəzəriyyələri dəyişdi, məğzi qalsa da, forması fərqli oldu, köhnə imperiyalar yeni yanaşma göstərərək öz “metropoliayaları” ilə üfiqi əlaqələr qurmağa başladılar. Müasir dünyanın ən yeni imperiyası olan ABŞ isə elə əvvəldən öz hökmranlığını başqa prinsiplər üzərində qurmağa çalışdı və müəyyən uğurlar əldə etdi. Amma ABŞ-ın da böyük səhvləri, günahları, cinayətləri oldu, insanlıq adına utanc verən əməllərdə yer aldı. Orta Şərqdə, Şimali Afrikada, Asiyada qanlı əməllər törətdi, amma, məsələn, Rusiya imperiyasından fərqli olaraq uğurlu modellər də təqdim edə bildi. Bəli, Yaponiyaya 2 atom bombası atdı, amma müasir Yaponiyanın qurucusu da ABŞ oldu. Bəli, Koreya savaşında iştirakçı oldu, amma Cənibi Koreya kimi uğurlu model də qura bildi (yeri gəlmişkən, bu gün müasir mənada “imperiyalardan” biri elə Cənubi Koreyadır – öz malları və texnologiyaları ilə dünyanı “işğal” edib). Qərbi Avropanın, müharibədən sonra Qərbi Almaniyanın qurucusu da ABŞ oldu. Və ya Çinin əlindən Sinqapuru ala bildi, ada-şəhər Dövlət qurdu, bu gün dünyanın ən inkişaf etmiş və korrupsiyasız ölkəsinə çevrildi. Amma nə Fransanın, nə İspaniyanın, nə də Rusiyanın belə uğurlu modelləri yoxdur, Avropa imperiyaları bunu ötən əsrin 50-ci, 60-cı ilərində anladılar, öz “qınına” çəkilib “yumşaq gücə”, iqtisadi “işğal” modelinə keçdilər, Rusiya (SSRİ) İmperiyası isə bunu anlamadı, hətta şərqi Avropada belə alınmadı”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

 

N.Cəfərli qeyd edib ki, bu gün baş verənlərin fəsləfi səbəbi Rusiya İmperiyasının “fantom” ağrılarıdır, illuziyalarıdır: “Əsas səbəb odur ki, Rusiya hələ də böyük dövlət, imperiya olmağın yolunu ərazi ilə ölçür və təəssüf ki, bunun günahı tək Putində deyil, Rusiya elitası, xalqın böyük bir hissəsi yanlış imperiya “virusuna” yoluxub. Hələ də elə bilirlər ki, böyük imperiya olmağın yolu ərazi genişliyindən və silahın gücündən keçir, ən böyük təhlükə məhz budur. Bu “fantom” ağrıların “sağalması” yolu isə ancaq böyük faciələrdən keçir. Təəssüf ki, bu illuziyaların dağılması tək Rusiya üçün deyil, bütün dünya üçün təhlükələr yaradır...”

 

Nadir

Tarix: 6 Mart 2022, 20:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin