BURADA REKLAMINIZ OLA
BİLƏR

Rüfət Quliyev: "Xalqını və dövlətini sevən deputat müharibənin miqyasından asılı olmayaraq xaricə qaçmaz"

"Ukrayna Ali Radasından mənim əlaqədə olduğum deputatların hər biri işinin başındadırlar, heç yerə qaçmayıblar. Həm də sual yaranır ki, ölkəsini belə gündə tək qoyub qaçan deputat vəziyyət sabitləşəndə necə geri qayıdacaq?! Axı deputat sıravi vətəndaş deyil. Yəni, o, xalqının qarşısına hansı üzlə çıxa bilər?! Bu faktorları nəzərə alaraq Ukrayna Ali Radasının hansısa deputatlarının fərari olduğuna inanmaq istəmirəm. Ola bilər ki, bir neçə deputat Rusiyadakı mülkini itirməkdən qorxduğu üçün belə addım ata bilər. Amma, əlbəttə ki, bu, sadəcə fərziyyədir. Ukrayna xalqı isə, sözsüz ki, döyüşkən, mərd və müdrik xalqdır".


Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev deyib.


O bildirib ki, ümumiyyətlə, Vətəninə bağlı olan, xalqını və dövlətini sevən deputat müharibənin miqyasından asılı olmayaraq Vətənini tərk edib xaricə qaçmaz: "Nəzərə almaq lazımdır ki, bu gün Ukraynada vəziyyət nə qədər gərgin və acınacaqlı olsa da, bütün ərazilərdə qızğın döyüşlər getmir. Müharibə Ukraynanın, əsasən, 20-25 faizini əhatə edib. İstənilən halda isə, gəmi kapitanları kritik anda gəmini tərk etməzlər. Üstəlik, bu vəziyyəti Milli Məclisin deputatları ilə müqayisə etmək doğru deyil. Bizim hər bir deputat öz xalqını və dövlətini sevir və qulluğunda durmağa hər an hazırdır. Qaldı ki, məhəbbətin gücünə bu, əlbəttə ki, hər xalqda fərqli ola biləcəyi kimi, ayrı-ayrı deputatlarda da fərqlidir. Ukrayna xalqı çox məğrur xalqdır. Mən həmin xalqı çox yaxından tanıyıram, bir müddət Ukraynada yaşayıb, orada təhsil almışam. Ukrayna xalqını bəlkə də əymək olar, amma sındırmaq mümkün deyil. Ona görə də həmin xalqın deputat nümayəndəsinin ölkədən qaçmaq kimi bir iyrənc hərəkət edəcəyinə inanmaq istəmirəm".

Nəzrin Cavid

Tarix: 16 Mart 2022, 18:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin