BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycan xalqı Vətən müharibəsində gənclərin yüksək mənəvi inkişafının şahidi olub” - RƏY

Uşaq və gənclərin mənəvi və fiziki inkişafı daim diqqət mərkəzində olan məsələlərdəndir. Mənəvi və fiziki inkişafa isə, əlbəttə ki, təlim və tərbiyə metodlarının uğurlu tətbiqi nəticəsində nail olmaq mümkündür. Bu, hər bir uşağın və gəncin gələcəkdə layiqli vətəndaş olmasının təminatçısıdır. Əbəs yerə deməyiblər ki, dövlətin və cəmiyyətin gələcəyini uşaqlar və gənclər müəyyən edir.

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva Pravda.az-a açıqlamasında deyib ki, ölkədə uşaq və gənclərin fiziki və mənəvi inkişafı ilə bağlı ciddi tədbirlər həyata keçirilir:

 

 

“Bu gün Azərbaycan gənclərinin təlim-tərbiyəyə, eləcə də idmana olan maraqları yüksəkdir. Şükürlər olsun ki, həvəsi olan uşaq və gənclərin idmana cəlb edilməsi, onların fiziki inkişafının təmin olunması prosesi lazımınca həyata keçirilir. Müşahidələr göstərir ki, bu gün idmana olan maraq istər uşaqlar, istərsə də gənclər arasında çox yüksəkdir. Sevindirici haldır ki, orta ümumtəhsil məktəblərində də idman dərsləri əvvəlki illərlə müqayisədə daha peşəkar tədris edilir. Bu da uşaq yaşlarından başlayaraq idmana olan marağı artırır. Uşaq və gənclərin mənəvi inkişafına gəlincə isə, bunun ən böyük nümunəsi kimi Vətən müharibəsində canını, qanını fəda edərək döyüşən qəhrəmanlarımıza diqqət çəkmək lazımdır. Vətənpərvərlik hisslərinin belə dəqiq təbliği də elə uşaq yaşlarından aparılmalıdır. Bu gün nəinki məktəblərdə, bağçalarda belə, uşaqlarda Vətənə, dövlətə, millətə və xalqa sevgi və məhəbbət hissləri aşılanır, onların şəxsiyyət kimi formalaşmasına zəmin yaradılır. Deməli, uşaqların fiziki və mənəvi inkişafında pedaqoqların, eləcə də tərbiyəçilərin rolu böyükdür. Yəni, bu mənada təhsilin üzərinə böyük məsuliyyət düşür. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində gənclərin yüksək mənəvi inkişafının şahidi olub. Gənclərimiz ölümü belə gözə alaraq Vətən uğrunda irəli gedib düşmənin gözünə dik baxıblar. Bütün bunlar Azərbaycan xalqının mənəvi inkişafın təzahürüdür”.

 

Təhsil üzrə ekspert Kamran Əsədov qeyd edib ki, uşaq və gənclərin fiziki və mənəvi inkişafı ölkənin, cəmiyyətin və xalqın inkişaf göstəricisidir, çünki insan böyüdüyü mühitdə görüb-götürdüklərini nümayiş etdirir:

 

 

“Gənclərin fiziki və mənəvi cəhətdən düzgün inkişafı, ilk növbədə, təhsilə olan maraqla müəyyən edilir. İqtisadi, eləcə də digər sahələrdə problem yaşayan ailələrin övladlarının xüsusilə mənəvi inkişafında boşluqlar müşahidə edilir. Ona görə də problemlərin həlli üçün, ilk növbədə, maddi-texniki bazanın müasir standartlara cavab verməsinə və bu işlə məşğul olanların pedaqoji hazırlıq səviyyəsinə diqqət yetirilməlidir. Bu amillər olmadıqda uşaqların və gənclərin sağlamlığı naminə stimullaşdırıcı ortam yaratmaq çox çətindir. Hesab edirəm ki, orta məktəblərdə uşaqların şəxsiyyət kimi formalaşmasının düzgün metodologiyası tapılmalıdır. Bu mənada, ciddi adımlar atılmalı, tədbirlər görülməlidir. Əlbəttə ki, uşaqların və gənclərin mənəvi inkişafında pedaqoqların üzərinə böyük məsuliyyət düşür. Ona görə də pedaqoqların qarşısında duran əsas vəzifələrdən biri də şagirdlərə kollektiv fəaliyyəti mənimsətmək olmalıdır. Şagirdlər özlərinə qarşı diqqət və mehriban münasibət gördükdə başqalarına qarşı da eyni münasibəti göstərməyə çalışırlar. Ona görə də hər bir pedaqoq uşaqlarla, həmçinin, fərdi ünsiyyətdə də olmalı, onların özlərini tənha hiss etmələrinə imkan verməməli, çətinlikləri aradan qaldırmalarına kömək etməlidirlər. Şükürlər olsun ki, bu gün Azərbaycan gəncliyi beynəlxalq aləmdə seçilməyə, dünya gənclər hərəkatının aparıcı qüvvələri arasında yer almağa iddialıdır. Son illər gənclərin beynəlxalq əməkdaşlığı xeyli genişlənib, ikitərəfli və çoxtərəfli əlaqələrin olduğu dövlətlərin sayı artmaqda davam edir. Gəncliyimiz Azərbaycanın təbliği baxımından əhəmiyyətli təsir vasitəsinə çevrilib”.

 

Ekspert Elşən Qafarov isə qeyd edib ki, uşaq və gənclərin fiziki və mənəvi inkişafının müxtəlif mərhələləri məhz təhsil müəssisələrindən keçir.

 

Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir

 

“Ölkənin ümumtəhsil məktəbləri həm təlim-tədris, həm də tərbiyə müəssisələridir. Təhsilin məqsədi təhsilalanların Azərbaycan dövləti qarşısında məsuliyyətini dərk etməsi, insan hüquq və azadlıqlarına, demokratiya prinsiplərinə hörmət hissi ilə yanaşması, azərbaycançılıq və vətənpərvərlik hisslərinə sadiq olması, yaradıcı və müstəqil düşünən şəxsiyyət və vətəndaş yetişdirməkdir. Sadalananların mənəvi keyfiyyətlər olduğunu nəzərə alaraq deyə bilərik ki, təhsilin əsas məqsədi elə uşaq və gənclərin mənəvi inkişafına nail olmaqdır. Çünki mənəviyyat olmadan tərbiyə sistemini qurmaq mümkün deyil, bu iki faktor bir-birilə vəhdət təşkil edir. Təəssüf ki, ölkədə tərbiyə konsepsiyası yoxdur. Yəni, “azərbaycanlı olmaq necə və nə cür olmalıdır?” sualına yalnız subyektiv yanaşmalar var. Hesab edirəm ki, uşaq və gənclərin mənəvi inkişafının təminatı üçün mütləq tərbiyə konsepsiyası qəbul edilməli və təlim, tərbiyə, təhsil həmin konsepsiya üzərində qurulmalıdır. Uşaq və gənclərin fiziki inkişafına gəlincə isə, qeyd etmək lazımdır ki, Təhsil Nazirliyinin 2005-ci ildə qəbul edilmiş əsasnaməsində məhz iki funksiya fiziki tərbiyənin inkişafı ilə bağlıdır. Bütün təhsil pillələrində fiziki tərbiyə fənni tədris edilir. Nəzərə almaq lazımdır ki, vətəndaşların fiziki sağlamlığının qorunması dövlət siyasətinin əsas prinsiplərindən biridir. Dövlətin idmanın inkişafına diqqət və qayğısı göz qabağındadır. Ölkədə idmanın və ümumiyyətlə, uşaq və gənclərin fiziki inkişafı istiqamətində atılan addımlar təqdirəlayiqdir”,- deyə E.Qafarov qeyd edib.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə dərc olunub.

 

Nəzrin Cavid

 

 

Tarix: 17 Mart 2022, 08:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin