BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiya sədri Bakı-Gəncə sürət qatarında gediş haqqının artırılmasını tənqid etdi

“Azərbaycanda sürət qatarları yoxdur. Sadəcə olaraq, həmin qatarlar ənənəvilərə nisbətən sürətlidir. Hər halda, qatarların fəaliyyətinin bərpası müsbətdir. COVID-19 pandemiyası ilə əlaqədar düzəni pozulan dünya normal yaşayışa qayıdırsa, deməli, biz də qayıtmalıyıq. Həmçinin, nəzərə almaq lazımdır ki, əhalinin əksər hissəsi koronavirus əleyhinə vaksin vurdurub. Qiymət artımına gəlincə isə, bu, bir çox sahələrdə müşahidə edilir. Lakin qiymət artımı əsaslandırılmış şəkildə həyata keçirilməli və burada əhalinin gəlirləri nəzərə alınmalıdır”.

 

Bunu Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

 

Partiya sədri bildirib ki, bəzi vacib xidmətlər əhaliyə dövlətə başa gəldiyindən daha ucuz qiymətə təqdim olunmalıdır: “Belə olan halda, qalan xərci dövlət subsidiyalar hesabına özü ödəyə bilər. Çünki dövlətin əsas funksiyası əhalidən xeyir götürmək, qazanc əldə etmək deyil, vətəndaşlara xidmət göstərməkdir. Yəni, sabah sürət qatarı vətəndaşlara baha başa gəldiyi üçün onlar bundan yararlana bilməyəcəklərsə, deməli, xərclər dövlət tərəfindən qarşılanmalıdır. Misal üçün, “Bakı Metropoliteni” QSC-nin fəaliyyətində subsidiyalaşdırma var. Hesab edirəm ki, qatar qiymətlərinin də müəyyən edilməsində dövlətin subsidiyası işə salına bilərdi. İndiki halda isə, istənilən qiymət artımının əleyhinəyəm. Dünyada baş verən iqtisadi gərginlikləri vətəndaşlara yükləmək doğru siyasət deyil. Dövlət bu ağırlıqları üzərinə götürməyə hazır olmalıdır”.

 

Qeyd: “Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı məlumatda bildirilib ki, Bakı-Gəncə sürət qatarında gediş haqqını artıb. Gediş haqqı standart yerlər üçün 10 manatdan 20 manata, biznes yerlər üçün isə 25 manatdan 33 manata çatdırılıb. Gediş haqları beynəlxalq məsləhətçi şirkətlərin ADY-nin maliyyə dayanıqlılığının təmin edilməsinə dair tövsiyələrinə uyğun olaraq dəyişdirilib. Bundan sonra əldə olunan gəlir artsa da, yeni tariflər hesabına xərcin yalnız bir qismini ödəmək mümkündür. Bu gün ADY sərnişin daşımalarında yaranan zərəri yüklərin daşınması hesabına əldə etdiyi gəlirlərlə qarşılayır.

 

Nazir Cavid

Tarix: 18 Mart 2022, 17:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin