BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Prezident İlham Əliyev ölkə idmanının inkişafına və idmançılara xüsusi diqqət və qayğı göstərir”

“Azərbaycan həyata keçirilən uğurlu idman siyasəti nəticəsində dünyada idman ölkəsi kimi tanınır. Prezident İlham Əliyev hər zaman ölkə idmanının inkişafına və idmançılara xüsusi diqqət və qayğı göstərir. Martın 17-də Prezidentin Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa Çempionatının iştirakçılarını qəbul etməsi idmançılarımıza, onların qazandıqları uğurlara verilən yüksək qiymətdir. Ölkə başçısı idmançılarla görüş zamanı gənc güləşçilərimizin Bolqarıstanda keçirilmiş Avropa çempionatında ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdıqlarını və yarışda 7-si qızıl olmaqla 16 medal qazandıqlarını xüsusilə qeyd edib. Həqiqətdir ki, Azərbaycanda idman uğurla inkişaf edir. Keçirilən beynəlxalq yarışlarda idmançılarımız öz gücünü və dövlətimizin qüdrətini nümayiş etdirirlər”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

Deputat bildirib ki, Avropada birinci olmağı  böyük nailiyyət kimi qiymətləndirən cənab Prezident ölkənin dövlət himninin yeddi dəfə səsləndirildiyini, Azərbaycan vətəndaşlarının bu qələbəni böyük qürur hissi ilə qarşıladıqlarını vurğulayıb: “Güləşçilərimiz Azərbaycanı müxtəlif yarışlarda ləyaqətlə təmsil ediblər. Bütün dövrlərdə, istər Sovet, istərsə də müstəqillik dövründə güclü güləşçilərimiz olub. Ümumiyyətlə, milli idman növü olan güləş Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə malikdir. Ölkəmizdə ənənələri kifayət qədər güclü olan güləşə gənc nəsilin böyük marağı var. Nəsildən-nəsilə keçən yüksək təcrübə, bilik, səriştə Azərbaycanı bundan sonra da dünya miqyasında aparıcı güləş ölkələrindən birinə çevirəcək. Yarışda iştirak etmiş 34 Avropa ölkəsi arasında Azərbaycanın  birinci yerdə olması da deyilənləri sübut edir. İdmançılarımız uzun illərdir ölkəmizi dünyada təbliğ edirlər. İdman Azərbaycanın dövlət siyasətidir və idman hər bir ölkənin qüdrətini əks etdirir. Beynəlxalq yarışlarda, Olimpiya oyunlarında ölkələrin reytinqlərinə əsasən bilirik ki, adətən inkişaf etmiş ölkələrin nümayəndələri daha böyük uğurlar qazanırlar. İdmançılarla görüşdə ölkəmizin Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi ilə sıx əlaqələrindən bəhs edən cənab Prezident İlham Əliyev idmançılara hər zaman münbit şəraitin yaradılmalı olduğunu və bundan sonra onlardan nəticə gözləməyin vacibliyini qeyd etdi. Bu fikirləri ilə ölkə başçısı Güləş Federasiyası, Gənclər və İdman Nazirliyi, eyni zamanda məşqçilər qarşısında mühüm vəzifələr müəyyənləşdirmiş oldu. Cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi prioritet vəzifələrdən biri də ölkəmizdə idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək məsələsidir. Azərbaycanın hər bölgəsində müasir olimpiya idman kompleksləri var və bölgələrdə olan istedadlı uşaqları seçərək idmana, idman bölmələrinə cəlb etmək mütləqdir”.

 

C.Osmanov qeyd edib ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır: “Gənclərdə vətənpərvərlik hissləri daim yüksək olmalıdır. Vətənpərvərlik hissləri, Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı. Məhz qələbəmizi də şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi ki, bu da vətənpərvərlikdən irəli gəlir. Otuz ilə yaxın beynəlxalq arenalarda, istər idman, istər siyasi arenalarda Azərbaycan məğlub edilmiş ölkə kimi təmsil olunduğuna diqqət çəkən cənab Prezident  İlham Əliyev bu məğlubiyyətin səbəbləri haqqında faktları gənclərlə bölüşdü. O vaxtkı antimilli hakimiyyətin xəyanətkarlığı, ordunun olmaması, Ermənistana xarici dövlətlərin göstərdikləri yardımlar – bütün bu amillər məğlubiyyəti şərtləndirmişdi.  Bu gün idmançılarımız beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edirlər. Beynəlxalq yarışlarda iştirak edən bütün idmançıların ürəyində bu duyğular mütləq olmalıdır. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar. Gənc idmançılarla görüşdə cənab Prezident, Müəzffər Ali Baş Komandan İlham Əliyev ermənilərin xalqımıza qarşı soyqırımı törətmələri, etnik təmizləmə siyasəti aparmaları haqqnda söz açaraq  Azərbaycan xalqının isə düşməndən intiqamı yalnız döyüş meydanında almasına diqqət çəkdi. Ölkə başçısının gənc idmançılarla görüş zamanı adiyyatı qrumlar və eyni zamanda idman ictimaiyyəti qarşısında qoyduğu mühüm vəzifələrdən biri də azad edilmiş torpaqlarda idmanın inkişaf etdirilməsi tapşırığı oldu. Cənab Prezident İlham Əliyev bu istiqamətdə işlərin artıq görüldüyünü və stadionların, idman komplekslərinin, eləcə də digər idman qurğularının azad edilmiş bütün şəhərlərin Baş planlarında öz əksini tapdığını diqqətə çatdırdı”.

 

Nəzrin

Tarix: 19 Mart 2022, 13:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin