BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnamələr Avropa Parlamentinə layiqli cavabdır”

“İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib, Ermənistanın işğalçı siyasətini isə açıq şəkildə pisləyib və ona qarşı çıxıb. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı hər zaman işğalçı dövlət kimi təqdim edib. Həmin təşkilatın Xarici İşlər Nazirləri Şurasının “Birlik, ədalət və inkişaf naminə tərəfdaşlığın qurulması” mövzusunda keçirilən sessiyasında qəbul edilmiş yeni 4 qətnamə Azərbaycanın növbəti diplomatik uğurudur”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu deyib.

 

Deputatın fikrincə, yeni reallıqlar fonunda qəbul edilmiş bu qətnamələr xüsusi əhəmiyyətə malikdir: “Qətnamələrdə Ermənistanın Azərbaycana qarşı təcavüzkar işğalçılıq siyasətinin bir daha qabardılması və postmünaqişə mərhələsinin yeni reallıqlarını özündə ehtiva etməsi əsas diqqətçəkən məqamlardandır. Qətnamələrin birində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində meydana gəlmiş zərərlər qeyd edilib. Burada, təbii ki, qətnamənin həm siyasi, həm də hüquqi çəkisindən danışmaq olar. Siyasi çəkisi dedikdə, Ermənistanın növbəti dəfə işğalçı və təcavüzkar obrazının öz ifadəsini tapmasi ilə bağlıdır. Bu, Ermənistanın saxta təbliğatının qarşısını almaq üçün həm də yeni element meydana gətirir. Ermənistan bütün həqiqətlərin əksini dünyaya yayır. Təəssüflər olsun ki, dünyada da Ermənistanın yalanlarını həvəslə qəbul etməyə meyil var. Bu baxımdan, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistanın işğalçı dövlət obrazı sanki bir daha sübut edilir. Ayrıca olaraq, Ermənistan təcavüzünün Azərbaycan dövləti və xalqına ağır zərbələr vurduğu bir daha diqqətə çatdırılır. Hesab edirəm ki, bu, Ermənistanın vurduğu zərərə görə gələcəkdə cavab verməsi üçün təsiredici amildir”.

 

E.Mirbəşir oğlu  qeyd edib ki, həmin qətnamələr xüsusilə postmünaqişə mərhələsində Azərbaycanın siyasi mövqelərinin daha da güclənməsi üçün əlavə təsirli elementlər rolunda çıxış edir: “Qətnamələrin birində Ermənistanın İslam mədəniyyətinə xas tarixi abidələrə qarşı həyata keçirdiyi vandalizm də öz ifadəsini tapıb. İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnamələr bir neçə gün öncə Avropa Parlamentinin guya Azərbaycan tərəfinin ermənilərə məxsus tarixi-mədəni irsə zərər yetirməsi ilə bağlı ədalətsiz qətnaməsinə layiqli cavabdır. Qətnamədə ən vacib məqamlardan biri də işğaldan azad edilmiş ərazilərdə keyfiyyətli məskunlaşmanın təmin olunması ilə bağlıdır. Torpaqlarımız işğaldan azad edildikdən sonra orada sürətli şəkildə tikinti və quruculuq işləri həyata keçirilir. Təbii ki, yaşayış üçün şəraitin yaradılması, effektiv infrastruktur quruculuğunun həyata keçirilməsi, təhlükəsizliyin təminatı vaxt və ciddi maliyyə vəsaiti tələb edir. Ona görə də İslam Əməkdaşlıq Təşkilatının həmin istiqamətdə Azərbaycana dəstək verməsinin qətnamədə konkret qeyd olunması çox əhəmiyyətlidir. Bu, İslam dünyasının Azərbaycana bariz dəstəyi və Azərbaycanın İslam dünyasındakı nüfuzunun göstəricisidir. Xocalı qurbanları ilə həmrəyli ifadə edən digər qətnamə də çox vacibdir. Bu, ermənilərin Azərbaycan xalqına qarşı törətmiş olduqları qanlı soyqırım cinayətinin növbəti ifadəsidir. Həmin qətnamə Azərbaycanın informasiya müharibəsindəki mövqeyini gücləndirən amildir. Hesab edirəm ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində "Xocalı qurbanları ilə həmrəylik" adlı qətnamənin qəbul edilməsi Ermənistanın terrorçu dövlət obrazını daha da canlandırır. Həmin qətnamələr ermənilərin xalq olaraq cinayətkar mahiyyətini bir daha ortaya qoyur. Ümumiyyətlə, İslam Əməkdaşlıq Təşkilatının 48-ci sessiyasında müzakirə olunan məsələlər həm gələcək əməkdaşlıq, həm də İslam dünyasında təhlükəsizliyin təmin olunması baxımından çox vacibdir”.

 

Nəzrin Cavid

Tarix: 24 Mart 2022, 17:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin