BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Rusiya əleyhinə qətnamənin qəbulu zamanı səsvermədə niyə iştirak etməyib? – “Məsuliyyət daşıyanlardan biri elə həmin dairələrdir”

“Konstitusiyaya əsasən, Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Eyni zamanda, ana qanunumuzla dövlətimiz başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. Yəni, rəsmi Bakının mövqeyi aydındır. Savaşın ilk günündən Azərbaycan Ukrayna xalqına mənəvi və humanitar dəstəyini əsirgəməyib”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Azərbaycanın BMT Baş Assambleyasında Ukraynadakı humanitar vəziyyətlə bağlı Rusiya əleyhinə qətnamənin qəbulu zamanı səsvermədə iştirak etməməsinə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, postsovet məkanından Ukraynaya ilk humanitar yardım göndərən ölkələrdən biri Azərbaycandır: “Biz Ukraynanın ərazi bütövlüyünə dəfələrlə rəsmən dəstək vermişik və bu mövqeyimiz dəyişməyib. Bunu Kiyev də məmnunluqla qarşılayır. İndi kiminsə hansısa siyahı tərtib etməsi, daxildən də bu siyahıları tirajlayıb guya hakimiyyət əleyhinə istifadə etmək cəhdləri Azərbaycan xalqı üçün heç bir əhəmiyyətə və dəyərə malik deyil. Azərbaycan cəmi il yarım əvvəl həmin ədalətdən danışanlara, ərazi bütövlüyü və təcavüz məzmunlu nitqlərlə dil boğaza qoymayanlara beynəlxalq hüquq dərsi keçib. Otuz il Azərbaycan torpaqlarının işğalına, Xocalı soyqırımına, Ağdaban, Qaradağlı qırğınlarına göz yumanların bu gün Azərbaycanı nədəsə ittiham etmək cəhdi, sadəcə, ikiüzlükdür. Heç kimin Azərbaycanın qarşısında beynəlxalq hüquq adına siyahı tərtib edib yerlər müəyyən etməyə nə mənəvi haqqı, nə də hüququ yoxdur. İlham Əliyev nəyi, necə və nə zaman edəcəyini bilir. Ədalətsiz, qərəzli və özünə lazım olanda lal, kar, kor olanların bu gün İlham Əliyev kimi bölgədə yeni bir səhifə açmış, sülhü, sabitliyi bərpa etmiş, Cənubi Qafqaz kimi mürəkkəb regionda əməkdaşlıq mühiti yaratmış müzəffər liderin fəaliyyətini qiymətləndirmək cəhdləri absurd və gülüncdür. Azərbaycan xalqının məruz qaldığı zülmlərə münasibətdə susanların, 30 illik münaqişə, üstəgəl, 44 günlük savaş boyu işğal və təcavüzə dəstək verənlərin Ukraynaya münasibətdə fikirləri səmimi ola bilməz. Unutmayaq ki, ukraynalıların düşdüyü çətin duruma görə əsas məsuliyyəti daşıyanlardan biri də elə həmin dairələrdir”.

 

Nəzrin Cavid

Tarix: 25 Mart 2022, 18:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin