BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycanın dövlətçilik tarixinin öyrənilməsi və təbliği istiqamətində mühüm addımlar atılıb” - RƏY

Dövlətin və xalqın var olması üçün onun dövlətçilik ənənələrinin, elm və mədəniyyətinin, eləcə də milli dəyərlərinin qorunması vacibdir. Bu gün Azərbaycanın dövlətçilik tarixi və elm-mədəniyyəti uğurla təbliğ edilir, milli-mənəvi dəyərlərimizə dövlət səviyyəsində yüksək qiymət verilir. Azərbaycanda milli adət-ənənələr mühafizə olunur və inkişaf etdirilir. Ulu öndər Heydər Əliyev əbəs yerə deməmişdi ki, - "xalqımızın hər bir övladı öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən öyrənərək böyük qürur hissi duyur və sözsüz ki, bununla fəxr edir". Doğrudan da, Azərbaycan xalqının milli dəyərlərinə və mədəni irsinə bağlılığı dövlətçilik tarixinin qorunması üçün ən böyük töhfədir.

 

Mövzu ilə bağlı Pravda.az-a danışan Milli Məclisin deputatı Nəsib Məhəməliyev qeyd edib ki, Azərbaycanda dövlətçilik tarixinin öyrənilməsi və təbliği istiqamətində kifayət qədər işlər görülüb.

Onun sözlərinə görə, məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan xalqının əksər nümayəndələri tariximizin müxtəlif mərhələləri, həmçinin 30 illik müstəqillik dövrü barədə kifayət qədər məlumatlıdırlar. Hesab edirəm ki, müstəqillik dövründə milli mənəvi dəyərlərin qorunmasına söykənən təbliğat işi əsasən 44 günlük Vətən müharibəsində öz bəhrəsini verib. Qeyd etmək yerinə düşər ki, Vətən müharibəsində heç zaman Qarabağda olmayan, həmin əraziləri yalnız mətbuatdan və dərsliklərdən tanıyan yeni nəsil Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Zəfər çaldı. Bu, Azərbaycan gəncliyinin, eləcə də xalqının tariximizə olan diqqəti kimi dəyərləndirilməlidir. Ölkədə, həmçinin, milli-mənəvi dəyərlərimizin, eləcə də elm və mədəniyyətin təbliği istiqamətində kifayət qədər vacib addımlar atılıb. Keçmişdə olduğu kimi müstəqillik dövründə də milli adət-ənənəmiz olan Novruz Bayramının keçirilməsi, dini bayramların qeyd olunması yüksək səviyyədə həyata keçirilir. Bununla yanaşı, dövlətçilik tarixi, müəyyən siyasi hadisələrlə bağlı keçirilən dövlət bayramları da xüsusi qeyd edilməlidir. Sözsüz ki, Azərbaycanda ailə institutu tarixən möhkəm olub, milli dəyərlərimizin əsas sütunu olan qocaya, qadına, uşağa hörmət xalqın bir çox nümayəndələri tərəfindən şüurlu şəkildə icra edilir. Əlbəttə ki, bu mənada müəyyən boşluqlar da müşahidə edilir ki, onları qloballaşmanın nəticəsi kimi qəbul etmək lazımdır. Bəzən Avropa dəyərlərinin mənimsənilməsi və Avropaya inteqrasiya adı altında milli adət-ənənələrə zidd olan elementlərin təbliği təəssüf doğurur. Yəni, milli dəyərlərimizlə uzlaşmayan elementlərin təbliği qəbuledilməzdir. Lakin biz istəsək də, istəməsək də, bu prosesin içindəyik və qloballaşmanın dalğası ilə üz-üzə qalmaq məcburiyyətindəyik. Sözsüz ki, qloballaşma nəticəsində bir çox xalqların, etnik qrupların dilləri və adət-ənənələri itib gedəcək. Deməli, yalnız o dövlətlər və xalqlar öz dilini, adət-ənənələrini qoruyub saxlaya biləcəklər ki, onlar öz tarixini yaşadır, milli mənəvi dəyərlərini, elm-mədəniyyətini və folklorunu daim təbliğ edir. Milli kimliyini mühafizə edərək gənc nəsilə ötürən cəmiyyət bir xalq və dövlət kimi daim mövcudluğunu qoruya bilər. Ona görə də hər bir Azərbaycan vətəndaşı dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliğinə ciddi önəm verməlidir".

 

Folklorşünas Atəş Əhmədli isə bildirib ki, milli adət-ənənələrin, elm və mədəniyyətin təbliği elə dövlətçilik tarixinin inkişafı ilə birbaşa bağlıdır:

Folklor İnstitutundan maraqlı açıqlama - Novruz

"Azərbaycanın milli adət-ənənələri və dəyərləri daha çox milli bayramlarımızda cəmləşir. Azərbaycanın milli, eləcə də dünyəvi olan bayramlarından ən qüdrətlisi isə Novruz Bayramıdır. Milli bayramların ən böyük özəlliyi xalqın bir yerdə olması və bütünləşməsidir ki, bu da dövlətin gücünü nümayiş etdirir. Azərbaycan xalqının milli adət-ənənələrinin ən spesifik təzahürü, sözsüz ki, Novruz adətlərində müşahidə edilir. Məsələn, Novruzda Dövlət başçısının bayramı xalqla qeyd etməsi bərabərliyə və milli birliyə işarədir. Bunun əsası təbiətdən gəlir və unutmaq olmaz ki, ümumiyyətlə, Novruz təbiət hadisəsidir və təbiəti imitasiya edir. Azərbaycan dövlətçilik tarixinin milli adət-ənənələrlə, o cümlədən Novruz Bayramı ilə sıx əlaqəsini nəzərə alaraq, dövlətçiliyimizin mənəvi dəyərlərlə qorunmasının vacibliyini vurğulaya bilərik. İnsanlığın yaşı qədər qədim olan Novruz Bayramının bizim milli mənəvi dəyərimiz hesab olunması həm də dövlətçilik tariximizin qədimliyinə işarə edir. Xalqımızın dövlətçilik ənənəsi yarandıqda və onun formalaşma dövründə milli adət-ənənələrin dövlətçiliklə həmahəng şəkildə uzlaşdığının şahidi olmuşuq. Şübhəsiz ki, milli bayramlar dövlətçiliyi ifadə edir, dövlətçiliyi əks etdirir. Hər bir dövlət mütləq şəkildə milli bayramlar, adət-ənənələr və milli-mənəvi dəyərlərə sahibdir. Təsadüfi deyil ki, hələ tarixən hökmdarlar milli bayramlarda xalqla görüşə gələrdilər. Yəni, şahın, liderin xalqla görüşü dövlətçiliyin inkişafına ən böyük töhfələrdən biridir. Azərbaycan dövlətçiliyinin qorunması və inkişafında mənəvi dəyərlərin, eləcə də Novruz Bayramının rolu mühümdür. Bayramlarda, milli adət-ənənələrdə mövcud olan rəngarənglik, zəngin kolorit dövlətçiliyə xidmət edir və onun bütövlüyünü qoruyur".

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusu üzrə dərc olunub.

 

Nəzrin Cavid

 

Tarix: 25 Mart 2022, 18:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin