BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Xalq AXC-Müsavat cütlüyünün etdiklərini heç vaxt yaddan çıxarmayacaq"

“Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə çıxışında bir sıra önəmli məqamlara toxundu. Prezident Sumqayıtda çıxışında bildirdi, 1990-cı illərin əvvəllərin Azərbaycanda hakimiyyət çəkişməsi gedirdi. Ölkədə xaos, anarxiya idi. Həmin vaxtlarda AXC-Müsavat cütlüyü qanunsuz olaraq hakimiyyətə gəldi. Həmin müddətdə də ölkənin başına gətirilən bəlaları hər kəs bilir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

C.Osmanov qeyd edib ki, Azərbaycanın 20 faiz torpaqlarının işğal olunmasında AXC-Müsavat cütlüyünün rolu az deyil: “Faktiki ölkədə vətəndaş müharibəsi baş alıb gedirdi. Ölkə müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Bu vəziyyətdən istifad edən separatçılar ölkədə özlərini müstəqil respublika etməyə cəhd edirdilər. AXC-Müsavat cütlüyünün rəhbərliyində təmsil olunanların əksəriyyəti kiçik elmi işçiləri olub. Heç bir müəssisəni idarə etməyən bir şəxsi ölkə prezidenti qoymuşdular. Ali Sovetin sədri kiçik elmi işçi olub, 11 il dissertasiyanı müdafiə edə bilməyib. Ovaxtkı hakimiyyətin Baş Naziri əvvəllər küçə alveri ilə məşğul olurdu. Ölkənin Müdafiə naziri də demoqoq, küçə adamı idi. O demişdi ki, Şuşa işğal olunsa, başıma güllə vurub, özümü öldürəcəyəm. Elə Şuşa da onların vasitəsilə ermənilərə verildi. Sonra da utanmaz-utanmaz dedi ki, özümü öldürsəm, Şuşanı kim alacaq? O, bu gün də küçələrdə sülənərək, ölkəyə qarşı olan təxribatlarda iştirak edir. Onlar ölkənin iqtisadiyyatını talan edərək özlərinə biznes qururdular. Dövlət katibi vəzifəsində çalışmış birisi də satqınlıq missiyasını həyata keçirirdi. O, sonralar öz Prezidentini, partiyasını satdı. Dövlət katibi ölkənin müstəqilliyini də satmağa hazır idi. Xarici İşlər naziri də heç bir xarici dili bilmirdi. Belə bir insanı niyə Xarici İşlər naziri qoysunlar ki? Daxili İşlər naziri də vəzifəsindən sui-istifadə edərək yanındakı qoçular vasitəsilə ayrı-ayrı adamları döyməklə məşğul idi. Sonra da utanmayaraq bunu bəyan edirdi. Bunların hamısı təsadüfi, küçə adamları idi. Çətinə düşən kimi də hamısı qaçdılar. Həmin insanlar bu gün də çalışırlar ki, ölkədə anarxiya və xaos yaratsınlar. Erməni lobbisindən dəstək alaraq təxribatlar törətməyə cəhd göstərirlər. Amma xalq onları bir dəfə görüb, yaddan çıxarmaz. Onlar Heydər Əliyevə yalvarırdılar ki, Bakıya gəlsin, hətta 3 dəfə helikopter də göndərmişdilər. Xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya gəldi və xalqı xilas etdi. O, xilaskarlıq missiyasını üzərinə götürərək xalqı bəlalardan qurtardı, atəşkəs elan olundu, “Əsrin Müqaviləsi” imzalandı”.

 

C.Osmanov qeyd edib ki, ölkənin inkişafı, nüfuzlu dövlətə çevrilməsi asan başa gəlməyib: “Bunu canımız, qanımız bahasına əldə etmişik. Azərbaycan, artıq dünyada söz sahibidir, beynəlxalq layihələrdə yaxından iştirak edir. Ölkəmiz logistika mərkəzinə çevrilib. Bu gün Azərbaycanda Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir. Prezident İlham Əliyev insanların sosial-rifah halının yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atır. Azərbaycan dünyada ən islahatçı ölkələr sırasındadır. Prezident İlham Əliyevin şəxsi nüfuzu sayəsində ölkəmiz dünyada bir sıra uğurlara imza atıb.

Tarix: 22 Noyabr 2019, 15:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin