BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "İdman Azərbaycanın dövlət siyasətidir"

"Cənab İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinə prezident seçildikdən sonra ölkəmizin idman həyatı yeni mərhələyə qədəm qoydu. Həmin vaxta qədər respublikada mövcud olmayan idman növləri üzrə federasiyalar yaradıldı. Ölkəmiz üçün ənənəvi idman növləri daha da inkişaf etdirilməyə başlandı. İdmana göstərilən bu qayğı gənclərimizin daha böyük həvəslə idmana meyillənməsinə zəmin yaratdı. Nəticədə, idmançılarımız olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında yüksək nəticələr göstərməyə başladılar".


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva deyib.


Parlament üzvü qeyd edib ki, İdman Azərbaycanın dövlət siyasətidir: "Cənab İlham Əliyev Ölkə Prezidenti seçildikdən sonra da idman sahəsinin inkişafına böyük diqqət ayırmağa başladı. Ölkəmizin, demək olar ki, bütün rayonlarında müasir olimpiya idman kompleksləri tikildi. Ölkə başçımız hər zaman qeyd edir ki, gənclər bizim gələcəyimizdir və onlar hər zaman güclü və sağlam olmalıdırlar. Prezident İlham Əliyevin idman həyatına və olimpiya hərəkatına göstərdiyi dəstək Azərbaycanın hüdudlarını aşaraq dünya və Avropa Olimpiya hərəkatının inkişafına mühüm töhfə verir. 2015-ci ildə ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi məhz ölkə lideri və MOK- nin prezidenti kimi cənab İlham Əliyevin nüfuzu və idmana göstərdiyi qayğının nəticəsində baş tutub. Birinci Avropa Oyunlarında azərbaycanlı idmançılar onlara göstərilən böyük diqqət və qayğını doğrultdular. İdmançılarımız bu oyunlarda 21 qızıl, 15 gümüş, 20 bürünc medal qazanmaqla Azərbaycan idmanının tarixində yeni səhifə yazmış oldular.
2017-ci ildə isə Bakıda 54 ölkənin iştirakı ilə IV İslam Həmrəylik Oyunlarında da idmançılarımız 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazandılar. Nəticədə, Azərbaycanın Dövlət Himni 75 dəfə səsləndirildi və Dövlət Bayrağlmız 162 dəfə dalğalandırıldı. Bu yarışda Azərbaycan idmançıları xalqımızı sevindirərək birinci yerə çıxdılar".


K.Əliyeva vurğulayıb ki, idmançılarımızın Ümumdünya Olimpiya Oyunlarında və digər beynəlxalq turnirlərdə qazandıqları qələbələrin sayı hər il artır: "Bu gün gənc idmançılarımız da beynəlxalq yarışlarda böyük nailiyyətlər qazanırlar. Güləş idman ənənələri Azərbaycanda kifayət qədər güclüdür və gənc nəsil də bu ənənələri davam etdirir. Azərbaycan bütün dünyada güclü güləşçilərinin olması ilə məşhurdur. Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil etdilər, böyük uğura imza atdılar. İdmançılarımız 7-si qızıl medal olmaqla, ümumilikdə 16 medal qazandılar. Yarışda iştirak etmiş 34 Avropa ölkəsi arasında Azərbaycan birinci yerdə oldu. Bu Milli Olimpiya Komitəsi tərəfindən Azərbaycanda idmançılara yaradılan şəraitin və onlara göstərilən hərtərəfli qayğının nəticəsi idi. Ümumiyyətlə, idman Azərbaycanın dövlət siyasətidir. İdmançıların qazandığı qələbə hər bir ölkənin qüdrətini əks etdirir. Ölkə başçısı cənab İlham Əliyev hər zaman istər komanda şəklində,  istərsə də fərdi qaydada böyük nailiyyət qazanmış idmançılarımızla görüşür. Cənab İlham Əliyev Bolqarıstanda uğur qazanmış gənc güləşçilərimizi də qəbul etdi və qələbə münasibətilə onları təbrik etdi. Ölkə başçımız görüşdə Azərbaycanda idmanın inkişaf etdirilməsi üçün böyük işlərin görüldüyünü qeyd etdi. Prezidentimiz gənclərə hər zaman vətənpərvər olmağı, vətənini sevməyi,  öz dövlətinin adını hər zaman uca tutmağı tövsiyə etdi. Bugünkü gənc idmançılarımız qalib bir dövlətin idmançılarıdırlar. Bu, onların idman arenalarda daha böyük uğur qazanmaları üçün çox vacib amildir. İnşallah, işğaldan azad edilmiş torpaqlarımızda da böyük idman arenaları inşa ediləcək. Gələcəkdə həmin torpaqlarda böyüyən uşaqlar da idmanda böyük nəaliyyətlər qazanacaq və Azərbaycanın bayrağını ucalara qaldıraraq himnimizi səsləndirəcəklər".

Nəzrin Cavid
Tarix: 26 Mart 2022, 20:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin