BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Bəzi qüvvələr ordumuzun Fərrux kəndindən geri çəkilməsi ilə bağlı yayılan yalan informasiyaya sevindilər”

“Ermənistan öhdəsinə götürdüyü məsələləri post-münaqişə dövründə yerinə yetirməkdən yayınır və müəyyən qədər vaxt qazanaraq prosesləri öz xeyrinə dəyişmək istəyir. Təəssüf ki, erməni lobbisinin təsiri altında onlara dəstək vermək istəyən tərəflər də var. Həmçinin, informasiya təxribatı zamanı sanki ermənilərin uğurlarına sevinən sapı özümüzdən olan baltalar da mövcuddur. Özünü müxalifət adlandıran həmin qüvvələr ötən gün Azərbaycan Ordusunun Fərrux kəndindən geri çəkilməsi ilə bağlı yayılan yalan informasiyaya sevindilər. Onlar Azərbaycan tərəfinin guya uğursuzluğunu şişirtməyə və bu informasiyanı tirajlamağa cəhd etdilər. Lakin vurğulamaq lazımdır ki, Azərbaycan Fərrux kəndinə tam nəzarət edir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

 

Deputat qeyd edib ki, Azərbaycan postmünaqişə dövründə bütün saziş və razılaşmalara hörmətlə yanaşdığı halda, qanunsuz erməni silahlı birləşmələri dəfələrlə təxribatlar törədiblər: “Azərbaycan silahlı qüvvələri belə təxribatların qarşısını hər zaman alıb və ermənilərə ağır zərbələr endirib. Mövcud proses bundan sonra da eyni şəkildə davam etdiriləcək. Unutmamalıyıq ki, Azərbaycanın öz ərazisində anti-terror əməliyyatı keçirərək seperatçıları uzaqlaşdırmağa tam səlahiyyəti çatır. Həmçinin, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatın müvafiq bəndlərinə, eləcə də Rusiya sülhməramlı qüvvələrinin öhdəliklərinə əsasən, həmin erməni silahlı birləşmələri Qarabağdan birmənalı olaraq çıxarılmalıdır. Ona görə də biz prosesləri səbirlə izləməliyik. Unutmamalıyıq ki, bu proseslər səbir və təmkin tələb edir. Ən əsası isə, erməni lobbisinin təsiri altında çoxlu sayda xarici media qurumlarının olduğunu nəzərə almalıyıq. Məhz buna görə yalnız Azərbaycanın rəsmi qurumlarının yaydığı informasiyalara inanmaq və tirajlamaq lazımdır. İnanırıq ki, biz ən qısa zamanda daha böyük uğurlara imza atacağıq”.

 

Nəzrin Cavid

Tarix: 28 Mart 2022, 13:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin