BURADA REKLAMINIZ OLA
BİLƏR

Politoloq: “Rusiya Müdafiə Nazirliyi məlum bəyanatını qısa zamanda geri çəkməlidir”

“Təəssüflə qeyd etməliyik ki, Rusiya Federasiyası Müdafiə Nazirliyi fəaliyyətinə və kompetensiyasına aid olmayan, Azərbaycan Respublikasının süveren hüquqlarına və daxili işlərinə kobud müdaxilə kimi qiymətləndirilən bəyanat yayıb. Bəyanatda Azərbaycan Silahlı Qüvvələri 2020-ci il 10 noyabr üçtərəfli bəyanatın tələblərini pozmaqda və sülhməramlı qüvvələrin məsuliyyət zonasına daxil olmaqda ittiham olunur. Əslində isə, həmin bəyanatın bir sıra tələbləri bəyanata imza atan Ermənistan Respublikası və Rusiya Federasiyası tərəfindən mütəmadi və nümayişkəranə surətdə pozulur, yaxud icrası ilə bağlı heç bir addım atılmır. Misal üçün, 10 noyabr Bəyanatının 4-cü bəndinin əsas tələbi Rusiya Federasiyasının sülhməramlı kontingentinin erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməsidir. Bəs görəsən, Rusiya erməni silahlı birləşmələrini Azərbaycan ərazilərindən çıxarmaq öhdəliyinə əməl etmək əvəzinə, bəyanatda “Dağlıq Qarabağ silahlı birləşmələrin hərbi bölmələri” ifadəsi işlətməkdə hansı məqsədi güdür?".

 

Bunu Pravda.az-a açıqlamasında politoloq Anar Əliyev deyib.

 

Politoloq bildirib ki, 2020-ci il 10 noyabr bəyanatının 7-bəndinin tələbi isə keçmiş məcburi köçkünlər və qaçqınların Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıtmasıdır: “Bəyanatın imzalanmasından ötən ilyarım müddət ərzində Ermənistandan ermənilərin Xankəndi və ətraf ərazilərə köçürülməsi işi ilə məşğul olan, 50 min erməninin Xankəndiyə köçürülməsi haqda yalan məlumatlarını böyük nəticə kimi reklam edən Rusiya sülhməramlıları bu müddət ərzində bir nəfər azərbaycanlının Xankəndi, Xocalı, Xocavəndə qayıdışı istiqamətində səy göstəribmi? Həmçinin, 10 noyabr bəyanatının hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsinin həyata keçirilirməsi ilə bağlı tələbinə Ermənistan tərəfindən açıq şəkildə əməl edilmir və Rusiya sülhməramlı qüvvələrinin birbaşa fəaliyyətinə aid olan bu öhdəliyin yerinə yetiriməsi istiqamətində heç bir addım atılmayıb. Keçmiş komandan Rüstəm Muradovun Azərbaycanın humanist davranışlarından yararlanaraq erməni canilərini Yerevana daşımaqdan başqa hansı əməli iş icra edilib, Birinci Qarabağ müharibəsi zamanı itkin düşən 4 minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilibmi, cinayətkar Ermənistana Rusiya və dünya tərəfindən bununla bağlı təziq edilibmi?

Və yaxud da 10 noyabr bəyanatının 9-cu bəndinin - "Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir" məzmunlu tələbinə əməl edilirmi? Bununla yanaşı, 2021-ci il 11 yanvar və 26 noyabr bəyanatları ilə üzərinə götürdüyü öhdəliyə əməl etməməsinə görə Ermənistana bəyanat ünvanlanmayıb. Xatırlatmaq yerinə düşər ki, hər üç bəyanatın tələblərinin icrasına nəzarət prezident Putinin imzası ilə Rusiya Feferasiyasının üzərindədir. Görünür, Rusiya Müdafiə Nazirliyi məlum bəyanatı hazırlayarkən 22 fevral “Moskva Bəyannaməsi”ni və tərəflərə öhdəliyini xatırlamağı unudub. MN-nin bəyanatı ilk növbədə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannaməninin ruhuna və tələblərinə ziddir, Rusiya Federasiyası Prezidentinin imzasına hörmətsizlikdir. Bəyanatın preambulasında, 1-ci, 11-ci və 18-ci bəndində əksini tapan öhdəliklərin birtərəfli qaydada pozulması, Azərbaycanın daxili işlərinə kobud müdaxilə, suveren hüquqlarımıza hörmətsizlik və həm də beynəlxalq hüquqla cinayət hesab olunan separatizmin dəstəklənməsinə cəhddir. Rusiya Federasiyası Müdafiə Nazirliyi ən qısa zamanda məlum bəyanatını geri çəkməlidir. Hazırkı gərgin beynəlxalq proseslər fonunda Rusiya tərəfindən atılmalı olan ən düzgün addımlardan biri budur. Həmin addımın atılması ilə Rusiya beynəlxalq hüququn tələblərinə və üzərinə götürdüyü öhdəliklərə əməl etdiyi nümunəsini də formalaşdırmış olar”.

 

Nəzrin Cavid

Tarix: 28 Mart 2022, 14:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin