BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda rüşvət alan məktəb direktoru məhkəmə zalında həbs edildi

Lənkəran rayonunun Şirinsu kənd orta məktəbinin sabiq direktoru Zeynəb Əhmədovanın barəsində verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
 

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib.
 

Belə ki, Z.Əhmədovun barəsində 4 il 6 ay müddətində azadlıqdan mərhumetmə cəzası çıxarılıb. O, məhkəmə zalında həbs edilib.
 

İttiham aktına əsasən, Z.Əhmədova işlədiyi müddət ərzində müxtəlif cinayətkar üsullardan istifadə edilməklə faktiki olaraq tədris olunmayan dərs saatlarının rəsmiləşdirilməsi yolu ilə və digər qanunsuz vasitələrlə dövlət büdcəsindən ayrılan ümumilikdə 3 min 849 manat məbləğində pul vəsaiti mənimsəməyib.
 

O, həmçinin öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə işə qəbul üçün müraciət edən şəxsin tam ştat vahidi üzrə vakant elektrik vəzifəsinə təyin olunması müqabilində 500 manat məbləğində pul vəsaiti və digər maddi neməti rüşvət qismində alıb.
 

İstintaq dövründə Z.Əhmədovanın barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (Mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 311.1-ci (Rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.
 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Bildirilib ki, Z.Əhmədovanın barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.

 

Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib.


Kamran Məmmədov 

Tarix: 28 Mart 2022, 15:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin