BURADA REKLAMINIZ OLA
BİLƏR

Məktəb direktorunun cinayət ortaqları məlum oldu

Bakıda mənimsəməyə görə saxlanılan məktəb direktorunun cinayət ortaqları məlum olub.


Bu barədə Pravda.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.


Belə ki, ötən il tutulan 11 nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinin sabiq direktoru Gülnarə Abdullayeva ilə birgə daha 5 əməkdaşın barəsində cinayət işi açılıb. Onlar Namiq Kərimov, Əlipolad Əliyev, Fatimə Rzayeva, Famil Miriyev və Fərqanə Əliyevadır.


Həmin şəxslərin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


Məktəbinin sabiq direktoru G.Abdullayeva və digər 5 nəfərin cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Artıq cinayət işi yekunlaşdırılaraq, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əhməd Quliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Zərərçəkmiş qismində Təhsil Nazirliyi tanınır.


Qeyd: G.Abdullayevanın cinayət işi ilə bağlı 2021-ci ilin yayında Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yaymışdı. Bildirilib ki, Təhsil Nazirliyinin tabeliyində olan 11 nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinin vəzifəli şəxslərinin səlahiyyətlərindən sui-istifadə edib saxtakarlığa yol verməklə külli miqdarda pul vəsaitini mənimsəmələri faktları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Mcəlləsinin 179.3.2 (Mənimsəmə külli miqdarda törədildikdə), 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaqı aparılır.


Aparılan istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, həmin məktəbin direktoru işləmiş G.Abdullayeva 2020-ci ilin yanvar ayından 2021-ci ilin avqust ayınadək olan müddətdə şəxsən və həmin məktəbin əməkdaşları vasitəsilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə faktiki olaraq işə gəlməyən müəllimlərin guya işə gəlməklə tədris həyata keçirməsi, müəllim və tərbiyəçilərin dərs saatlarının artıq göstərilməsi, gündəlik məktəbə gələn uşaqların sayının artıq göstərilməsi ilə onların qidalanması üçün tələb olunan qida məhsulları və içməli suyun artıq rəsmiləşdirilməsinə nail olmaqla 88 622 manat pul vəsaitini nağdlaşdıraraq mənimsəməsinə, vəzifə saxtakarlığına yol verərək səlahiyyətlərindən sui-istifadə edib.


Cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, G.Abdullayevanın otağına keçirilən baxış zamanı ayrı-ayrı şəxslərin adına olan 4 ədəd plastik kart, işçilərə pul vəsaiti verməsi ilə bağlı qeydlərin aparıldığı dəftərçəsi aşkar olunaraq götürülüb.


Hadisədən sonra G.Abdullayeva təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə vəzifəsindən azad edilmişdi.


Kamran Məmmədov 

Tarix: 28 Mart 2022, 21:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin