BURADA REKLAMINIZ OLA
BİLƏR

“31 mart soyqırımı dövrün ən böyük faciələrindən biri kimi yadda qalıb” - RƏY

“31 mart soyqırımı azərbaycanlılara qarşı yönəlmiş ənənəvi erməni xislətinin bariz nümunəsi, soyqırım siyasətinin tərkib hissəsidir. Ermənilər 1918-ci ilə qədərki dövrdə də azərbaycanlıların etnik təmizlənməsi, məhv edilməsi siyasətini zaman-zaman icra ediblər. Belə ki, onlar XIX əsrin sonu, XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın qədim yurdu olan Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyasını həyata keçiriblər. Yəni, Azərbaycan erməni vəhşiliyinin ilkin nümunələri ilə hələ həmin vaxtlarda tanış olub. 1918-ci ilin 31 mart hadisəsi isə həmin dövrün ən böyük soyqırımlarından biri kimi yadda qalıb”.

 

Bunu Pravda.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov deyib.

i orqana

Politoloq qeyd edib ki, tarixə 31 mart soyqırımı kimi düşən həmin hadisə 5 gün davam edib və təkcə Bakı quberniyasını deyil, həmçinin Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Zəngəzur, Qarabağ, Naxçıvan, Salyan, bir sözlə, bütün bölgələri əhatə edib: “Soyqırımı həyata keçirən Bakı Soveti və Daşnaksütyun erməni terror dəstələri azərbaycanlıların qanına susamışdı. Soyqırımda qətlə yetirilənlərin sayı ilə bağlı məlumatlar müxtəlifdir. Hadisə nəticəsində, minlərlə insanın qətlə yetirildiyi, on minlərlə insanın isə itkin düşdüyü bildirilir. Təsəvvür edin ki, o vaxt azərbaycanlıların məhv edilməsi ilə bağlı xüsusi komitə yaradılmışdı. Bu komitədə soyqırımın həyata keçirilməsi üçün erməni daşnakları ilə rus bolşevik qüvvələri birgə fəaliyyət göstərirdilər. Həmin komitənin üzvləri azərbaycanlıları amansızcasına qətlə yetirdilər. Onların törətdiyi bu hadisə əsrin ən böyük soyqırımı siyasəti kimi yadda qalıb. Təbii ki, Azərbaycan uzun illər SSRİ hakimiyyəti altında yaşadığı üçün rəhbərlik soyqırım nəticələrini bütün gücü ilə ört-basdır etməyə çalışırdı. Lakin tarixi gizlətmək olmaz, tarix olduğu kimi qalır. Nəhayət, Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra keçmişimiz, başımıza gələn soyqırımı hadisələri işıqlandırılmağa və hüquqi qiymət almağa başladı. Azərbaycanın böyük şəxsiyyəti, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ilin martın 26-da imzalanan sərəncamla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməyə başlanıldı. Əslində, bu, öz tariximizə verdiyimiz dəyər və qiymət idi. Əlbəttə ki, erməni vəhşiliyi mövzusunda günlərlə danışmaq mümkündür. Biz ermənilərin iç üzünü təkcə XX əsrin əvvəllərində görməmişik. Diqqət edək, hətta XXI əsrdə də İkinci Qarabağ müharibəsində ermənilərin necə təcavüzkar, aqressiv olduqlarının şahidi olmuşuq. Yəni, soyqırım Ermənistanın mahiyyətidir. Bu, ermənilərin azərbaycanlılara qarşı necə kin bəslədiklərinin göstəricisidir. Ona görə də bizim bütün soyqırımlara, eləcə də 31 mart soyqırımına qarşı laqeyd qalmağımız doğru olmaz. Bu tarix Azərbaycanın qan yaddaşıdır”.

 

Nəzrin Cavid

Tarix: 31 Mart 2022, 13:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin