BURADA REKLAMINIZ OLA
BİLƏR

“Kremlin təbliğat “quşları” da çaşqın vəziyyətdədirlər”

“Putin rejiminin Ukraynada istədiklərinə nail ola bilmədiyi aydın görünür. O, vəziyyətdən çıxış yolu tapmaq, öz ictimayyətinə yeni torpaq genişlənməsindən ibarət “hədiyyə paketi” hazırlamaqla, Ukrayna rəzalətini “qələbə” kimi təqdim etməklə məşğuldur. Kremlin təbliğat “quşları” da çaşqın vəziyyətdədirlər, iş o yerə çatıb ki, onlar Rusiyanın Ukrayna ilə danışıqlarında qrup rəhbəri Medinskiyə efirdən çəmkirirlər, hətta Lavrovun açıqlamalarını belə bəyənmirlər".

 

Pravda.az xəbər verir ki, bu barədə siyasi şərhçi Natiq Cəfərli deyib.

 

O bildirib ki, Putin öz xalqına “qələbəni” sırımalıdır, ona görə də “hədiyyə paketinin” içi doldurulur: " O, xalqına deyəcək ki, biz Ukraynanın başını əzdik, bütün hərbi infrastukturunu məhv etdik. Biz Ukraynanın NATO-dan imtinasını təmin etdik, Qərbin arzularını ürəyində qoyduq və qondarma “DXR” və “LXR”i azad etdik. Bundan başqa, Azov dənizini Rusiyanın daxili sularına çevirdik, qondarma “respublikalar” vasitəsi ilə Krıma quru yol, koridor açdıq, Krımın su təminatı məsələsini həll etdik. Vəssalam, indi bu “paket”ə qoyulası başqa heç nə yoxdur, yaxın gələcəkdə də olması görünmür, bəs bu kifayyətdirmi? Bir müddətdən sonra orta statistik rusiyalı TV “zombisi” ayılıb, “bəs bunlara görə bu qədər müsibətə, itkilərə, iqtisadi çətinliklərə dəyərdimi”, sualını verməyə başlayacaq – bu mütləq baş verəcək. Ona görə də, “paketin” içinə başqa “hədiyyələr” də qoymaq lazımdır ki, artıq bunun da konturları görünür. Məsələn, Gürcüstanın suveren torpaqları olan Osetiya bölgəsində yaradılmış Kremlin növbəti oyuncağı, qondarma qurumu olan “Cənubi Osetiya Respublikasını” da Rusiyaya qatmaq istəyirlər, çox güman, Abxaziyanı da həmin “hədiyyə paketi”nin içinə daxil edəcəklər. Kreml niyə bu “paket”ə ümidlidir? Çünki, orta statistik rusiyalının beyni, düşüncəsi elə Solovyov kimi çalışır – böyük dövlət, İmperiya olmaq ərazi genişlənməsi, yeni torpaqlarla ölçülür. Bir daha, söhbət orta statistik rusiyalıdan gedir, təbii ki, hamı elə deyil, Rusiyada yeni nəsil, böyük şəhərlərdə yaşayanların bir çoxu başqa cür düşünür, onların kritik düşüncə qabiliyyəti daha yüksəkdir, Kreml də ən çox həmin kəsmdən çəkinir. Amma, orta statistik rusiyalının ayılması da mümkündür, Kreml öz təbliğatının tələsinə düşə bilər. İllərdir ki, Kreml Ukrayna ilə bağlı dedikləri, rusiyalıların beyninə yeritdikləri əks effekt verə bilər. Çünki ən azı 8 ildir ki, hər gün mərkəzi TV-lərdən Ukraynın zəif, faşist, narkoman, alkaş, Qərbin əl qulluqçusu olduğu söylənilir və Ukraynanı cəmi 72 saata diz çökdürəcəklərini aşılayırdılar. Bunlar alınmır, ona görə də, bir müddət sonra orta statistik rusiyalı da sual verməyə başlayacaq, zaman keçdikcə soyuducusu televizoruna qalib gələcək. Azərbaycan üçün isə yaxın gələcəkdə əsas hədəf dəyişmir, tezliklə Rusiya “sülhməramlıları” ölkə ərazisindən çıxarılmalıdır. Çünki Kremlin iştahı arta, gələcəkdə Xankəndində de-facto tanıdığı qondarma qurumu de-jure də tanıyaraq bizim ərazimizi də o “hədiyyə paketi”nə salmağa çalışa bilər”.

 

Nəzrin Cavid

Tarix: 31 Mart 2022, 13:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin