BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeni qaydalar tətbiq edildikdən sonra bu məhsullar bahalaşa bilər - AÇIQLAMA

“Hazırda tüğyan edən iqtisadi böhran və sürətlə artan inflyasiya, həmçinin münaqişələr fonunda ölkəyə idxalın azalması kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı müəyyən problemlərin yaranmasını qaçılmaz edir. Eyni zamanda, sudan qənaətli istifadəyə nail olmaq üçün "Sudan ödənişli istifadə Qaydaları"nda edilən müəyyən dəyişikliklər də müvafiq kənd təsərrüfatı məhsullarının qiymətinin artmasına səbəb ola bilər. Hesab edirəm ki, suya qənaət edilməsi və hesabatın aparılması məqsədilə müəyyən tarif dəyişikliklərinə gəlir artırmaq kimi yanaşmaq olmaz. Burada əsas məqsəd vətəndaşların suya təbii və dəyərli ehtiyat vasitəsi kimi yanaşmalarını təmin etmək olmalıdır”.

 

Bunu Pravda.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Ekspert bildirib ki, differensiallaşdırılmış tarif sisteminin qurulması vacibdir: “Tariflər mümkün qədər minimum həddə müəyyənləşdirilməlidir. Əks halda, "Sudan ödənişli istifadə Qaydaları"nda edilən dəyişikliklər kənd təsərrüfatı məhsullarının istehsalı prosesində çətinlik yaradacaq və bazarda qiymət artımına gətirib çıxaracaq. Fikrimcə, yeni tariflərin müəyyən edilməsi böhrandan sonrakı mərhələdə həyata keçirilərsə, daha yaxşı olar. Nəzərə almaq lazımdır ki, indiki halda tariflərin dəyişməsi dövlətin ərzaq təhlükəsizliyi və anti-böhran tədbirlərinə kömək edə bilməyəcək. Onu da qeyd etmək lazımdır ki, yeni tariflər suvarma sistemindən istifadə olunaraq əldə edilən əkinçilik məhsullarının qiymət artımına ciddi səbəb olar. Belə olan halda, misal üçün, soğan, kartof, taxıl bitkiləri, tərəvəzlər və s. məhsulların qiymətində müəyyən artım müşahidə edilə bilər”.

 

Nəzrin Cavid

Tarix: 1 Aprel 2022, 13:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin