BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycanın atdığı təsirli addımlar Ermənistanı sülhə məcbur edir” - RƏY

“Aprelin 6-da Avropa İttifaqının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutacağı planlaşdırılan üçtərəfli görüş yekun sülh sazişinin imzalanması istiqamətində təsirli addım ola bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycanın bir müddət əvvəl Ermənistana təqdim etdiyi 5 maddəlik sülh təklifi barədə qarşı tərəfin sərgilədiyi mövqelər elə təsəvvür yaradıb ki, Ermənistan irəli sürdüyümüz təkliflərlə razılaşa bilər. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanın təklifləri kifayət qədər obyektiv və ədalətlidir. Ümumiyyətlə, dünya təcrübəsində sülh sazişinin imzalanmasının ilkin şərtləri də başlıca olaraq Azərbaycan dövlətinin müddəalarında nəzərdə tutduğu ilə eyni olur. Əgər ərazi münaqişəsidirsə, tərəflər sərhədlərin müəyyənləşdirilməsi, ərazi iddialarının aradan qaldırılmasını və ərazi bütövlüyünə hörmətin nümayiş etdirilməsini başlıca şərt kimi ortaya qoyurlar. Azərbaycanın da başlıca şərti sərhəddə delimitasiya və demarkasiyanın aparılmasıdır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu deyib.

Deputat bildirib ki, Ermənistanın Baş naziri ötən dəfə Avropa İttifaqı ilə baş tutan görüşdə sərhədlərin delimitasiya və demarkasiyana razı olduğunu bildirib: “Lakin Ermənistan tərəfindən bununla bağlı hansısa addım atıldığını müşahidə etmirik. Unutmamalıyıq ki, Ermənistan son dövrlərdə məğlub vəziyyətini qismən də olsa, yüngülləşdirmək üçün müxtəlif manevrlər edir. İstənilən halda, ermənilərin bu istiqamətdə addımları heç bir nəticə vermir. Vaxtilə Prezident İlham Əliyev də doğru vurğulayıb ki, Ermənistanın manevretmə imkanları mövcud deyil. Sadəcə olaraq, Nikol Paşinyan həm ABŞ, həm də Fransadan dəstək almaqla ATƏT-in Minsk Qrupunun fəaliyyətini aktuallaşdırmağa cəhd edir, çünki Minsk Qrupunun fəaliyyəti, birmənalı olaraq, Ermənistanın maraqlarına xidmət edir. Lakin Azərbaycan hərbi gücü hesabına torpaqlarını işğaldan azad edib və Minsk Qrupunun 30 il müddətində bacarmadığını 44 gün ərzində reallaşdırıb. Azərbaycan güclü mövqeyini möhkəmləndirir və torpaqlarını daha inamla və qətiyyətlə qoruyur. Ona görə də Azərbaycanın atdığı təsirli addımlar Ermənistanı sülhə məcbur edir. Bu baxımdan, aprelin 6-da Nikol Paşinyan və İlham Əliyev arasında baş tutacaq Brüssel görüşündə Azərbaycanın irəli sürdüyü sülh təklifləri üzrə Ermənistanın mövqe sərgiləyəcəyi gözlənilir. Yəni, Ermənistanın yekun sülh sazişi bağlamaqdan başqa yolu yoxdur”.

 

Nəzrin Cavid

Tarix: 1 Aprel 2022, 13:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin