BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ətraf mühitin mühafizəsi ilə bağlı vətəndaşlar arasında maarifləndirmə işi gücləndirməlidir” - RƏY

Ətraf mühitin mühafizəsi dedikdə ekoloji hüquq normalarında nəzərdə tutulmuş müəyyən prinsiplərə uyğun olaraq ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişməsinə yol verilməməsi və qorunub saxlanılması başa düşülür. Azərbaycanda son illərdə ekologiyanın və ətraf mühitin sağlamlaşdırılması istiqamətində görülən tədbirlər intensivləşdirilib. Buna baxmayaraq, hələ də həllini gözləyən problemlər var. Respublikada əsas ekoloji problemlərə su hövzələrinin, o cümlədən Xəzər dənizinin məişət və sənaye sularının tullantılar ilə çirkləndirilməsi, Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə əlaqədar vurulan ziyanlar, atmosfer qatına zərərli qazların normadan artıq atılması, biomüxtəlifliyin azalması, torpaqların eroziyaya uğraması və şoranlaşması, sənaye və məişət tullantılarının utilizasiyası və s. aiddir. Bu problemlərin həlli istiqamətində dövlət tərəfindən müvafiq addımlar atılsa da, vətəndaşlar da ekologiyanın qorunmasında məsuliyyətlərini dərk etməlidirlər.

 

Mövzu ilə bağlı Pravda.az-a danışan Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev bildirib ki, ətraf mühitin mühafizəsi və ekologiyanın qorunması üçün bütün dünya dövlətləri səfərbər olub və demək olar ki, bütün ölkələrdə BMT-nin Dayanıqlı İnkişaf Konsepsiyasına uyğun olaraq, ətraf mühitin qorunması ilə bağlı xüsusi dövlət proqramları icra edilir:

“Azərbaycan da bu mənada istisna deyil, dövlət siyasətinin əsas prioritet sahələrindən biri də yaşıllıq ərazilərin çoxaldılması, ekoloji cəhətdən çirklənmiş torpaqların bərpa edilərək yenidən istifadəyə qaytarılması, nəsli kəsilməkdə olan heyvanların qorunması, qoruqların mühafizə sisteminin yaxşılaşdırılması və orada yaşayan heyvanların, flora və faunanın təkmilləşdirilməsidir. Mövcud problemlə bağlı bizi ən çox narahat edən məsələ isə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda ekoloji vəziyyətdir. Nəzərə almaq lazımdır ki, otuz ilə yaxın müddətdə Ermənistan tərəfindən nəzarətdə saxlanılan həmin ərazilərdə hərbi cinayətlərlə yanaşı, ekoloji fəlakətlər də törədilib, meşə massivi, demək olar ki, tamamilə məhv edilib, faydalı qazıntılar istismar olunub, relyefə ciddi ziyan vurulub. Hazırda həmin ərazilərdə yenidən meşə massivinin yaradılması və ətraf mühitin əvvəlki vəziyyətə qaytarılması üçün ciddi tədbirlər həyata keçirilməlidir. Ermənistan, həmçinin, su hövzələrini çirkləndirib və təəssüf ki, bu gün də Araz çayı, Oxçuçay və digər su hövzələrinə çirkli maddələr və tullantılar axıdırlar. Ona görə də həmin çaylar çirklənir və oralarda yaşayan canlılar məhv olur. Bütün bunlara baxmayaraq, biz ətraf mühitin mühafizəsi ilə bağlı vətəndaşlar arasında maarifləndirmə işini gücləndirməyə çalışmalıyıq. Təəssüf ki, son illər, misal üçün, binaların həyətlərində əkilən ağacların suvarılmasında problemlər yaşanır. Bunu mütləq qeyd etmək lazımdır. "Azərsu" bütün növ su istifadəsinə görə sayğac qoşub və ona görə də vətəndaşlar ümumi istifadə üçün nəzərdə tutulan həmin ağacları, adətən, suvarmırlar. Üstəlik, belə ağaclar nə bələdiyyələr, nə də kommunal idarələrin balansında deyil. Nəticə etibarilə, ağacların taleyi xüsusilə yay aylarında çox acınacaqlı olur. Bununla əlaqədar vətəndaşlar, müxtəlif icmalar müvafiq həll yolları düşünsələr də, bu, problem olaraq qalır. Məhz buna görə də biz vətəndaşları ümumi istifadə üçün nəzərdə tutulmuş ağacların suvarılmasında aktiv fəaliyyətə və müxtəlif bitkilərin qorunmasına dəstək olmağa çağırırıq. Həmçinin qeyd etmək yerinə düşər ki, dünyada, eləcə də Azərbaycanda içməli su problemi hər zaman var. Şükürlər olsun ki, torpaqların işğaldan azad edilməsi ilə bu problem müəyyən qədər həllini tapıb. Nəzərə almaq lazımdır ki, Suqovuşan artıq bizim nəzarətimizdədir və bu, istər dənli bitkilərin suvarılması, istərsə də içməli su probleminin müəyyən mənada aradan qaldırmaq gücünə malikdir. Bununla paralel olaraq, Kürdə su qıtlığının mövcudluğu müəyyən fəsadlar törədir. Dövlət bununla bağlı xüsusi konsepsiya və fəaliyyət planı hazırlayıb və hökumətin bu problemi həll edəcəyinə ümid edirik. Ümumilikdə, biz vətəndaş olaraq sudan qənaətlə istifadə etməyə çalışmalıyıq, çünki hər il vəziyyət daha da çətinləşir, içməli su problemi artır. Ona görə də sudan təkrar istifadəyə və daha az itkiyə nail olmaq lazımdır. Bu mənada, vətəndaşları təşviq etmək və maarifləndirmək vacibdir. İstənilən halda, ölkədə ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi ilə bağlı görülən işlər ürəkaçandır. Təki hər birimiz səfərbər olaraq təbiəti bərabər şəkildə qoruyaq”.

 

Ölkədə ekoloji problemlərə xüsusi diqqət çəkən ekoloq Telman Zeynalov isə bildirib ki, suların çirkləndirilməsi və tullantıların miqdarının artırılması hazırda başlıca problemlərdəndir:

“Bu problemlərin həlli üçün dövlət birmənalı olaraq nəzarəti gücləndirməlidir. Yəni, təkcə dövlət qurumlarına deyil, kiçik biznes strukturlarına da nəzərəti həyata kevirmək lazımdır. Misal üçün, son dövrlər gündəm olan məsələlərdən biri Kür çayının suyunun azalması ilə bağlıdır. Buna səbəb biznesmenlərin heç kimdən icazə almadan Kür suyunu çəkərək süni göl yaratması və balıq yetişdirməsidir. Hesab edirəm ki, ölkənin ekoloji mühitinin qorunması ilk növbədə düzgün nəzarət formasından asılıdır. Əlavə olaraq isə, maarifləndirmə işi təkbaşına aparılmamalı, bununla yanaşı yeni texnologiyalar kəşf olunmalıdır. Hesab edirəm ki, bütün işlər kompleks şəkildə həyata keçirilərsə, ölkədə ekologiyanın mühafizəsini uğurlu şəkildə həyata keçirə bilərik”.

 

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də hər zaman bildirib ki, Azərbaycanda ətraf mühitin qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyev bu məsələni xüsusi diqqət mərkəzində saxlayır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni səlahiyyət verilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekologiyanin qorunması, ətraf mühitin mühafizəsi istiqamətində daim tədbirlər planı həyata keçirir. Nazirliyin məlumatına əsasən, ölkədə uzun illər ərzində yaranan ekoloji problemlər təhlil edilib, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan milli və dövlət proqramları təsdiq edilib. Hazırda həmin proqramların icrası istiqamətində tədbirlər həyata keçirilir. Son illərdə ölkədə mövcud qoruq və yasaqlıqların ərazisi genişləndirilib, milli parklar yaradılıb, ətraf mühitin qorunmasının gücləndirilməsi istiqamətində vacib addımlar atılıb. Bu proqramların əsas məqsədi ətraf mühitin mühafizəsinə yönəldilən dövlət əhəmiyyətli investisiya layihələrinin sistemli və səmərəli şəkildə həyata keçirilməsini təmin etməkdir. Ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi sahəsində cəmiyyətlə birgə qabaqlayıcı tədbirlərin görülməsi daha effektivdir. Ona görə də bütün vətəndaşlar ekoloji mühitin qorunmasına öz töhfəsini verməlidir.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusu üzrə dərc olunub.

 

Nəzrin Cavid

 

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi onlayn media  subyektlərinə (veb-saytlara) dəstək layihəsi elan edir!

Tarix: 1 Aprel 2022, 17:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin