BURADA REKLAMINIZ OLA
BİLƏR

Fazil Mustafa: “Arağa, pivəyə, siqaretə, kababa, manısa pul ödəməyə aşırı həvəsli olan bir cəmiyyətdə…”

“Bakı Bələdyyə teatrında bir tamaşada oldum. Yazıçı-dramaturq, dəyərli alım-aydınımız Firuz Mustafanın dəvəti ilə onun yazdığı "Sehirbaz" adlı tamaşanı izlədim. Çox-çox zövq aldım. Nədən? Əsərin mövzusu orijinal və aktual idi, süjet axıcı idi, ideya gözlənilməzliyi sonadək tamaşaçını yekunun nə olacağını düşünməyə vadar edirdi. Müəllif fəlsəfi düşüncə sahibi olduğundan bu üslubunu əsərə oturda bilmişdi. Geiyə dönüşün faciəsi və gələcəyə başlamanın həzzi personajların əsas müzakirə yönü idi və tarix buyu ədəbiyyatın və fəlsəfənin bu problem üzərində baş yormasına özünəməxsus müəllif yanaşması aydın sezilirdi. Forma da maraqlı seçilmişdi, bir obraz- Sehirbaz mənzum (şeir), digər üç personaj isə mənsur (nəsr) formalarını çox ustalıqla birləşdirmişdi. Sevindirici o idi ki, bu cür tamaşalar Azərbaycan müəlliflərinin də dəyərli teatr əsərlərinin olmasına tamaşaçıda inamı möhkəmlədir. Bakı Bələdiyyə teatrının aktyorları yüksək səviyyədə, anlaşılan həyəcanla, mətn dəqiqliyinə əməl etməklə və tamaşaçını sonadək öz auralarında saxlamaqla vəzifələrini tamamladılar. Adlarını bilmirəm, ancaq sevindim ki, nisbətən başqa statusda olan bir teatrda bu cür potensial var və bu teatrımızın yaşamasına böyük ümid yaradır. Ən əsas məsələ: zal tamaşaçı ilə dolmuşdu, teatrda sonadək bu tamaşaçı oturdu, sonda foyedə çıxışa yönələn insanların üzündəki ifadədən vaxta heyfləri gəlmədiyini sezmək mümkün idi. Demək ki, teatra tamaşaçı gəlmək istəyir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.

 

F.Mustafa qeyd edib ki, yaxşı əsərləri tamaşaya qoyduqca insanların teatra bağlanması da, teatra gəlişin xüsusi bir tələbə çevrilməsi də baş verəcək: “Bu tamaşa dəvətlə olduğundan bir vacib məsələni ayırd etmək mümkün olmadı: Görən bilet pulla satılsaydı bu saya nə dərəcədə təsir göstərəcəkdi? Birmənalı şəkildə deyirəm ki, o cür dəyərli əsər yazan müəllifə də, o cür içdən günlərini, aylarını tamaşa həsr edən aktyortlara tamaşaçı hökmən pul ödəməlidir. Necə deyərlər aldığın zövqə görə, qazandığın düşüncəyə görə pul ödəməlisən. Bizdə çox vaxt bunu maddi imkanların yetərsizliyi ilə əlaqələndirirlər, ancaq arağa, pivəyə, siqaretə, kababa, manısa pul ödəməyə aşırı həvəsli olan bir cəmiyyətdə kitaba, teatra, rəsmə, başqa sənət növlərinə gələndə imkanı bəhanə edirlər. Adam toyunda iki fonoqram mahnısına görə "tanınmış" manıslara və ya manısuşkalara adambaşına beş min manat ödəyir, mədəsi boş olan aktyora, yazara ömründə bir dəfə də olsun həqiqi teatrı, sənəti, ədəbiyyatı yaşatmaq naminə pul ödəməyi düşünmür. Bütün hallarda ilin-ayın bu günündə belə bir tamaşaçı yığmaq böyük uğur sayılmalıdır. Quruluşçu rejissorun, quruluşçu rəssamın, bədii və musiqi formatının seçimində rolu olanların da əməyini yüksək qiymətləndirmək lazımdır. Bu tamaşada obraz olaraq Mədəniyyət Nazirliyinin görünməməsi də bəlkə də tamaşanın uğurlu alınmasının əsas şərtlərindən biri idi. Yəqin ki, bu cür əsərləri oxuyub-anlayan kimsə olmayıb, bəlkə də əngəl olardılar. Ötənlərdə dəyərli tarixçi-alimimiz Əkbər Nəcəfin Nizami haqqında esse müsabiqəsi ilə bağlı qaldırdığı məsələni xatırlamalı oldum. Niziami haqqında yazılmış düşüncə yazıları qalıb bir tərəfdə, "şparqalka"dan köçürülmüş yazılara mükafat verməyi qərarlaşdırıblar. Həmin yazıların bir neçəsini müqayisəli oxuduğuma və təhlil etdiyimə görə bu iradımla kimisə haqqına girmədiyimi düşünürəm. Fədakar yazarımız, düşüncə insanımız Firuz Mustafanı və tamaşanı gözəl təqdim edən dəyərli rejissora, texniki personala və əsas da aktyorlara təşəkkürümü bildirib, təbriklərimi yetirirəm. Vaxt ayırıb teatra gedin, əlbəttə ki, faydalanacağınız tamaşalara. Çünki zövq ki, bir dəfə korlandı, onu sonradan bərpa etmək çətin olur. Yeri gəlmişkən dahilərin sözünü də xatırladım: Həyat özü də bir teatrdır. Yəni həyatdan aralı düşməyin”.

Tarix: 2 Aprel 2022, 11:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin