BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Problemli övladların müalicəsi əvəzinə evləndirməklə məsələni qapatmağa çalışanların ucbatından…”

“Milli Məclisdə autizm sindromdan əziyyət çəkən ailələrə müavinətlərin artırılması, prezident təqaüdünün verilməsi, xüsusi məktəblərin açılması, reabilitasiya- bərpa mərkəzlərinin yaradılması məsələlərini bir neçə dəfə gündəmə gətirmişəm. Özüm Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti olduğuma görə autizm və daun sindromlu insanlarımızın idman hərəkatı prosesində komandamızla birlikdə bu cür ailələrlə sıx təmasdayıq və imkan səviyyəsində onları idman həyatına, aktiv yaşama cəlb etməyə çalışırıq. Ancaq hərəkət məhdudiyyəti olan övladlarımızın problemi daha çoxdur və ailələr çox böyük sıxıntı içindədirlər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.

 

F.Mustafa qeyd edib ki, hər kəsin başına bu faciə gələ bilər, əsas odur ki, cəmiyyət bu insanları yadlaşdırmasın, Avropa məkanında olan münasibətin cüzi hissəsini göstərmək yetərlidir ki, bu ailələr sınmasınlar, özlərini yad hiss etməsinlər: “Məndə olan bilgiyə görə, bölgələrdə bir çox hallarda bu cür uşaqları ailələr məcburiyyətdən evlərdə bağlı saxlayırlar, onların aqressivliyinin qarşısını almaqda çətinlik çəkirlər, yaxud da cəmiyyət içinə çıxarmağa utanırlar. Dövlət əli ilə, Heydər Əliyev Fondu vasitəsilə mərkəzdə Reabilitasiya şəbəkəsi formalaşır, ancaq infrastruktur daha da genişlənməlidir ki, diqqətdən kənarda uşaq, ailə qalmasın. İndi yeni təkliflər hazırlayıram, "Autizim sindromlu uşaqlar haqqında" Qanun  qəbul olunmasına çalışacağam ki, problemləri daha dərindən çözmək mümkün olsun. Cəmiyyətimizin cahilliyi səbəbinə qohum evliliyi məsələsini hələ də çözə bilmədik, problemli övladların müalicəsi əvəzinə evləndirməklə məsələni qapatmağa çalışanların ucbatından bu cür sindromların daha da yayğınlaşmasına şərait yarandı. Bu məsələdə maarifçilik işi çox önəmlidir, mütəxəssis sayı çox məhduddur, müvafiq qurumların laqeydliyi də təsiredici amillərdəndir. Yenə də tək çıxış yolu hər kəsin, xüsusilə də bu sindromun içində olan ailələrin, xüsusilə də xanımlarımızın ruhdan düşməməsi, ictimai fəallığının artmasındadır”.

 

Leyla

Tarix: 2 Aprel 2022, 12:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin