BURADA REKLAMINIZ OLA
BİLƏR

"Rusiya Cənubi Qafqazın ətəyindən əl çəkən deyil"

“Azərbaycan-Ermənistan danışıqlarını mümkün qədər Rusiyanın inhisarından uzaqlaşdırmaq lazımdır. Buna görə də Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla növbəti görüşünün Brüsseldə təşkili hər iki tərəf üçün faydalıdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

E.Şahinoğlu qeyd edib ki, Avropa İttifaqının həm Azərbaycan, həm də Ermənistanla tərəfdaşlıq münasibətləri var: “Moskvadan fərqli olaraq Brüssel Cənubi Qafqazı özünün arxa baxçası hesab etmir, bölgə ölkələrinə qarşı siyasi və hərbi təzyiq üsullarından istifadə etmir. Üstəgəl Ukraynadakı işğalçı müharibənin fonunda Rusiyaya qarşı sanksiyalar sərtləşib, Avropanın Azərbaycan qazına ehtiyacı artıb. Bu da bizə həm iqtisadi, həm də Ermənistanla danışıqlar baxımından faydalıdır. Elə Bakıda olan İtaliyanın xarici işlər nazirinin əsas müzakirə mövzusu daha çox Azərbaycanın qazının köhnə qitəyə nəqlidir. Buna baxmayaraq, Rusiya Cənubi Qafqazın ətəyindən əl çəkən deyil. Rusiya prezidenti bugünlərdə həm Azərbaycan prezidenti, həm də Ermənistanın baş naziri ilə telefonla danışıb. Böyük ehtimalla Brüsseldən sonra növbəti görüş Rusiya ərazisində keçiriləcək. Kreml sahibi Vladimir Putin Ukraynaya qarşı apardığı müharibədən əvvəl ABŞ və Avropanı sözdə də olsa “tərəfdaşlar” adlandırırdı, indi isə sanksiyalara görə “dost olmayan dövlətlər” ismini seçib. Kreml “dost olmayan Brüsselin” Cənubi Qafqazda sülh missiyasına mane olmağa çalışacaq. Bütün hallarda danışıqlar bölgədə həqiqi sülh istəyən ölkələrdə aparılmalıdır. Bu Brüssel də ola bilər, Tiflis də. Gələcəkdə Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli danışıqlarının İstanbulda keçirilməsi də mümkündür, yetər ki, İrəvan qonşu dövlətlərin ərazi bütövlüklərini tanımağa hazır olsun”.

 

Nadir

Tarix: 2 Aprel 2022, 18:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin