BURADA REKLAMINIZ OLA
BİLƏR

Rüşvətə görə tutulan eks-baş inspektor ilə bağlı qərar verildi

Gəncə Apellyasiya Məhkəməsində Dövlət Gömrük Komitəsinin “Qırmızı Körpü” postunun baş inspektoru işləmiş Pərviz Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Çingiz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası 2 il 6 aya endirilib. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.


İttihama görə, Türkiyədən Azərbaycana sərnişin daşıyan "Lüks İstanbul" firmasına məxsus "Mersedes Benz Travego" markalı, 34-VY-3100 nömrə nişanlı sərnişin avtobusunun "Qırmızı Körpü" gömrük postunda yoxlama zamanı yük yerində "metal borular" aşkar olunub.


Avtobusun sürücüsü Sağlam Yücel Receb oğlu bildirib ki, o həmin "metal borular" adlı yükün gömrük postundan keçirilməsində köməklik göstərilməsi üçün "Qırmızı Körpü" gömrük postunun inspektoru Pərviz Hüseynova 400 ABŞ dolları məbləğində pul verib və yoxlama nəticəsində fakt öz təsdiqini tapıb.


Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən, Hüseynov Pərviz Bəhruz oğlu dərhal tutduğu vəzifədən azad edilib.


Pərviz Hüseynov məhkəmədə ifadə verərək rüşvət almadığını deyib. O bildirib ki, xəstə olduğu üçün özünü itirib: “2012-ci ildən epilepsiya xəstəliyindən müalicə olunuram. Həmin gün də bir neçə saat əvvəl tutmalarım olmuşdu, dərman qəbul etmişdim. Dərmanın təsirindən fikrim dağınıq idi. Gömrük Komitəsinin digər əməkdaşları Elçin və Pərviz Türkiyə vətəndaşının mənə verdiyi pulları istəyəndə fikrim dağınıq olduğundan özümə məxsus olan 400 ABŞ dollarını cibindən çıxardıb onlara verdim və həmin pulun Türkiyə vətəndaşının verdiyini dedim”.

Onun barəsində Cinayət Məcəlləsinin 311.1-ci (Rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. Daha sonra məhkum apellyasiya şikayəti verib.


Kamal Məmmədov 

Tarix: 3 Aprel 2022, 13:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin