BURADA REKLAMINIZ OLA
BİLƏR

Məmuru iş otağında öldürən baş mühasib məhkəmə qarşısına çıxarılır

Goranboyda Kənd Təsərrüfatı Nazirliyinin Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorunu qətlə yetirməkdə təqsirləndirilən Mirhadı Bağırov məhkəmə qarşısına çıxarılır.

Pravda.az-ın əldə etdiyi məlumata görə, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Faiq Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd: 2021-ci il oktyabrın 8-si saat 13 radələrində Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həmin Mərkəzin direktoru 1964-cü il təvəllüdlü Ziyad Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla qeyd edilən Mərkəzin baş mühasibi vəzifəsində çalışan, 1992-ci il təvəllüdlü Mirhadı Bağırovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ziyad Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mirhadı Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Xatırlatma: Mirhadı Bağırov əvvəllər də müxtəlif cinayətlərə görə məsuliyyətə cəlb edilibmiş.

Belə ki, hələ 5 il əvvəldən rayonda cinayətə meylli şəxs kimi tanınıb. Elə bu səbəbdən də bir neçə dəfə polis orqanlarına gətirilərək onunla profilaktiki iş aparılıb, xəbərdarlıqlar edilib. Lakin bütün bunlara baxmayaraq Mirhadı Bağırov 2019-cu ildə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan 10 qrama yaxın narkotik vasitə olan heroin götürülüb. Həmin vaxt faktla bağlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə cinayət işi başlanıb və M.Bağırov həbs edilibmiş.

Kamal Məmmədov 

Tarix: 5 Aprel 2022, 22:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin