BURADA REKLAMINIZ OLA
BİLƏR

Komitə sədrinin müavinindən Əli Kərimliyə cavab: “Şəhid ailələrinə qayğı ildən-ilə artıracaq”

“Azərbaycanı sevməyən xarici qüvvələrin əsiri olan Əli Kərimli kimi anti-milli şəxslərin “müqəddəs” vəzifəsi ölkədə xaos yaratmaqdır. Belə qüvvələrin yeganə hədəf və məqsədi odur ki, nəyin bahasına olursa-olsun, ölkədə hərc-mərclik yaransın. Azərbaycanı Ukrayna və Rusiya ilə müqayisə edən bu anti-milli qüvvələrin yanaşması və müqayisəsi o qədər qərəzlidir ki, heç düşmən də belə deməz. Sözsüz ki, bunun səbəbi məlumatsızlıq və ya savadsızlıq deyil. Bu, onların öz ölkəsinə və millətinə olan xainliyindən irəli gəlir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahim qızı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rəhbəri Əli Kərimlinin Azərbaycanda şəhid ailələrinə ödənilən sığorta haqqının Rusiya və Ukrayna ilə müqayisəsi barədə danışarkən deyib.

 

Deputat qeyd edib ki, mənsub olduğu xalqın, vətəndaşı olduğu respublikanın, eləcə də dövlətin əldə etdiyi nailiyyətləri görməmək başqalarının sifarişini yerinə yetirməkdən qaynaqlanır: “Bu anti-milli qüvvələr vicdan sözünün nə olduğunu belə artıq bilmirlər. Çünki vicdanı olan heç kəs Azərbaycan dövlətinin uğurlarını, hökümətin şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğı haqqında belə fikirlər səsləndirməz. Ermənipərəst qüvvələrə xidmət edən bu qüvvələr bir dəfə də qeyd etmək istəmir ki, Ukraynaya bütün dünya dəstək verir. Azərbaycanın yaxın dostu Ukraynaya bu gün Avropa ölkələri, eləcə də beynəlxalq təşkilatlar maddi, mənəvi, siyasi, hərbi, maliyyə dəstəyini əsirgəmirlər. Qocaman Rusiya ilə Azərbaycanı müqayisə etmək ya savadsızlıqdan, ya düşmənçilikdən, ya da ara qarışdırmaqdan irəli gəlir. Unutmaq olmaz ki, Azərbaycan bir milyon qaçqın və köçkününün problemini tək başına həll etdi. Bu gün işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən quruculuq işlərində də beynəlxalq təşkilatlar susqun və fəaliyyətsizdir. 44 günlük Vətən müharibəsində Türkiyə və Pakistandan başqa heç kəs səsini çıxarmadı. Sözsüz ki, qardaş Türkiyənin mənəvi-siyasi dəstəyi Azərbaycan xalqı var olduqca, qiyamətədək unudulmayacaq. Ölkəmizdə qısa müddət ərzində şəhid və qazi ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması eləcə də sosial problemlərinin həlli ilə bağlı çox böyük işlər görüldü və bu iş davam edir. Əlbəttə, bizim hər birimiz, eləcə də dövlətimiz müqəddəs qəhrəman oğullarımıza hər zaman borcluyuq. Əmin olmaq lazımdır ki, dövlətimiz şəhid ailələri və qazilərə olan diqqət və qayğını ildən-ilə daha da artıracaq. Ermənipərəst qüvvələrin köləsi olanlar əvvəlcə çox çalışdılar ki, Azərbaycanın Orta Doğu kimi xarabazara çevirsinlər. Ukrayna-Rusiya müharibəsi başlayandan bu günədək onların yazdıqları statuslarda ölkəmizin inkişafını və vətəndaş həmrəyliyini, əmin-amanlığı pozmaq üçün dəridən qabıqdan çıxmaq istəyi və niyyətləri aydın görünür. Bu qüvvələrin intellekti, dövlət idarəçiliyi, xarici siyasət və diplomatiyası küçə səviyyəsindədir. Tarixin naftalin qoxusu verən bu qüvvələri hələ də dünyada baş verən qlobal geosiyasi prosesləri anlamır, ya da anlamaq istəmirlər.  Əslində, onlar çox gözəl dərk edirlər ki, müdrik Azərbaycan xalqı 1993-cü ildən bəri seçdiyi yola sadiqdir. Azərbaycan xalqı və onun müzəffər Ordusu 44 günlük Vətən müharibəsi vaxtı möhtərəm Prezidentimiz cənab İlham Əliyev ətrafında sıx birləşməklə, ona arxa-dayaq və liderin əmrlərinə müntəzir olmaqla öz sədaqətini, birliyini və həmrəyliyini dünyaya bir daha bəyan etdi”.

 

Nəzrin Cavid

Tarix: 6 Aprel 2022, 15:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin