BURADA REKLAMINIZ OLA
BİLƏR

"Brüssel görüşündə Azərbaycan dövləti haqlı mövqeyini uğurla müdafiə etdi" - RƏY

"Aprelin 6-da Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutmuş üçtərəfli Brüssel görüşü Azərbaycanın öz haqlı mövqeyini bir daha qəbul etdirməsi baxımından olduqca əhəmiyyətli keçdi. Görüşün ən yaddaqalan məqamı tərəflərin Xarici İşlər Nazirliklərinə yekun sülh sazişi üzərində işləməyi tapşırmaları oldu. Həmçinin, sərhədlərin delimitasiya və demarkasiyasının aparılması üçün birgə komissiyanın yaradılmasına qərar verildi. Fikrimcə, qeyd edilənlər Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün ən prinsipial şərtlərdir. Azərbaycanın qətiyyətli mövqeyi, Prezident İlham Əliyevin iradəsi, strateji baxışları və qabaqlayıcı addımları Ermənistanın bütün cəhdlərinin nəticəsiz olmasını şərtləndirdi".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu deyib.

 

 

Deputat qeyd edib ki, Brüssel görüşü ərəfəsində tərəflər arasında təmasın sıxlığı müşahidə edilirdi: "Xatırladım ki, Brüsseldə baş tutmuş üçtərəfli görüşdən əvvəl Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə bir araya gəlmiş, həmçinin Azərbaycan və Ermənistanın yüksək səviyyəli nümayəndələrinin martın 30-da görüşü keçirilmişdi. Bütün bunlar elə Brüssel görüşünə hazırlıq mahiyyəti daşıyırdı. Ermənistan həmin görüşə qədər Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu, Azərbaycanın təkliflərini onlara əlavə elementlər qatmaqla qəbul etdiklərini bildirmişdilər. Yəni, Azərbaycan özünün unikal siyasi gedişləri ilə Ermənistanı manevr imkanlarından məhrum etmişdi. Belə olan halda, Ermənistan başa düşdü ki, onun sülh sazişini imzalamaqdan başqa yolu yoxdur. Əslində, Azərbaycan Ermənistanı hər zaman bu istiqamətdə addımlar atmağa çağırırdı, lakin Ermənistan ağır məğlubiyyətini qismən də olsa, yüngülləşdirməyə cəhd edir, müxtəlif vasitələrə əl atırdı. Hesab edirəm ki, Brüssel görüşündə Azərbaycan dövləti haqlı mövqeyini uğurla müdafiə etdi. Gələcək günlərdə yekun sülh sazişinin hazırlanması zamanı mübahisə doğuran məsələlərə də aydınlıq gətiriləcək. Ermənistan üçün mübahisəli məqamların nədən ibarət olması isə çox maraqlıdır. Əgər Ermənistan status məsələsində israr etməzsə, digər məsələlərin həlli asandır. Azərbaycan tərəfi yekun sülh sazişini Ermənistanın ərazi iddialarından əl çəkəcəyi halda hər zaman imzalamağa hazırdır. İstənilən halda, Ermənistan sülh sazişini imzalamaqdan yayınmaq üçün alternativ manevr imkanlarına malik deyil. Bu, Brüssel görüşündə bir daha öz təsdiqini tapdı".

 

E.Mirbəşir oğlu hesab edir ki, Rusiyanın Brüssel görüşünə münasibəti normal olacaq: "Nəzərə almaq lazımdır, Avropa İttifaqının təşəbbüsü ilə ötən ilin dekabrında və aprelin 6-da baş tutan hər iki görüşdə Rusiyanın vasitəçiliyi ilə imzalanmış üçtərəfli bəyanatlara istinad edilib. Nəticədə, yekun sülh sazişinin bağlanmasına hazırlıq prosesində də həmin sənədlər əsas istinad mənbəyi kimi götürülür. Təbii ki, Rusiya onun vasitəçiliyi ilə imzalanmış sənədlərə istinad edilməsində maraqlıdır. Yəni, hazırda Rusiya proseslərdən tamamilə kənarda deyil".

 

Nəzrin Cavid

Tarix: 7 Aprel 2022, 12:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin