BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bu, Şarl Mişel və Prezident İlham Əliyevin uğurlu münasibətləri timsalında daha aydın görünür" - RƏY

"Brüsseldə keçirilmiş üçtərəfli görüş Azərbaycanın növbəti diplomatik qələbəsidir. Sevindirici haldır ki, Prezident İlham Əliyevin postmünaqişə dövründə sülh gündəliyi üçün nəzərdə tutduğu bütün məsələlər Brüssel görüşünün yekununda Avropa İttifaqının Prezidenti tərəfindən verilmiş bəyanatda bir daha öz əksini tapıb. Xatırlatmaq lazımdır ki, Brüsseldə keçirilən ilk görüşdə sülh gündəliyi artıq formalaşdırılmışdı və görüşün davamı olaraq Azərbaycan və Avropa İttifaqı arasında intensiv təmaslar genişlənirdi. Elə bütün bunların nəticəsidir ki, ötən gün baş tutmuş görüş Azərbaycanın maraqlarına tam uyğun idi".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

 

Deputat qeyd edib ki, görüşdə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının başlanmasının vacibliyi vurğulanıb: "Azərbaycan tərəfi sülh sazişinin bağlanması üçün 5 maddədən ibarət təkliflər paketini Ermənistana çoxdan təqdim edib. Görüş nəticəsində, həmin təkliflər qəbul edildi, hər iki ölkənin xarici işlər nazirliklərinə bununla bağlı tapşırıqlar da verildi. Təkliflərdə əsas məqam Azərbaycanın ərazi bütövlüyü mütləq qorunması ilə bağlıdır. Bundan başqa, bəyanatda tərəflərin sərhəd məsələsi üzrə birgə komissiyanın yaradılması nəzərdə tutulur. Bundan öncə isə, əlbəttə ki, sərhədlərin delimitasiya və demarkasiyası həllini tapmalıdır. Avropa İttifaqının Brüssel bəyanatında minalanmış ərazilər və itkinlərin tapılması məsələlərinə toxunması da təqdirəlayiqdir. Bilirik ki, Ermənistan mina xəritələrini təqdim etsə də, onların dəqiqliyi yalnız 25 faizdir. Eyni zamanda, Birinci Qarabağ müharibəsindən bu günə qədər 4 minə yaxın soydaşımızın taleyi hələ də məlum deyil. Yəni, belə vacib məqamların bəyanatda növbəti dəfə əksini tapması çox vacibdir. Digər önəmli məqam isə, əlbəttə ki, kommunikasiya xətlərinin təsnif edilməsidir. Azərbaycan dövləti hər zaman qeyd edir ki, biz əməkdaşlığa üstünlük verir və qarşılıqlı kommunikasiyaların açılmasını vacib hesab edirik. Həmçinin, sənəddə "Dağlıq Qarabağ" ifadəsinin işlədilməməsi, ATƏT-in Minsk Qrupunun həmsədrlik institutuna istinad edilməməsi Azərbaycanın nəzərdə tutduğu gündəliyin formalaşmaqda olduğunu əyani göstərir. Görüşün əsas nəticələrindən biri də Avropa İttifaqının dəstəyi ilə Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və formatın  yaradılmasıdır. Bu, iki dövlətin münasibətlərinin normallaşması üçün vacib məqamlardan biridir. Görünən odur ki, Avropa İttifaqı qərəzsiz münasibət sərgiləyir və hər iki tərəfin bu quruma etimadı yüksəkdir. Təsadüfi deyil ki, biz son illərdə Avropa İttifaqı ilə Azərbaycanın daha da yaxınlaşmasının, sıx əməkdaşlıq formatının şahidi oluruq. Bu, Şarl Mişel və Prezident İlham Əliyevin uğurlu münasibətləri timsalında daha aydın görünür. Birmənalı olaraq vurğulamaq lazımdır ki, Brüssel görüşü Azərbaycan Prezidenti İlham Əliyevin növbəti qətiyyətli və diplomatik qələbəsidir".

 

Nəzrin Cavid

Tarix: 7 Aprel 2022, 13:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin