BURADA REKLAMINIZ OLA
BİLƏR

"Brüssel görüşü ilə məhz Bakının 5 şərti əsasında sülh sazişinin hazırlanması prosesinə rəsmən start verildi" - RƏY

"Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş Azərbaycan diplomatiyasının uğuru hesab olunmalıdır. Birincisi, təbii ki, Brüssel görüşündə sülh sazişinin imzalanacağını gözləmirdik, bu, sadəlövhlük olardı, ən azından ona görə ki, hələlik ortada imzalanmalı saziş yoxdur. Lakin Brüssel görüşündə tərəflərin, konkret olaraq Ermənistanın üzərinə götürdüyü öhdəlik elə Azərbaycanın iradəsinin reallaşması deməkdir, çünki gündəlik Azərbaycanın müəyyən edərək irəli sürdüyü 5 prinsip əsasında qurulub. Bu mənada, xarici işlər nazirlərinə bütün zəruri məsələləri əhatə edəcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırılması gözlənilən ən mühüm addım oldu. Qısacası, ikinci Brüssel görüşü ilə məhz Bakının 5 şərti əsasında sülh sazişinin hazırlanması prosesinə rəsmən start verildi".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

 

 

Deputat bildirib ki, erməninin fərari əsgəri susdurulduğu kimi, ötən gün Paşinyan da Prezident İlham Əliyevin beynəlxalq hüquqa əsaslanan iradəsi nəticəsində, tamamilə çarəsiz qalaraq vəziyyətlə barışmalı oldu.

 

"Həmçinin, ikitərəfli sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində konkret vəzifə müəyyən edilib. Soçi görüşünün davamı olaraq dünən Brüsseldə Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası və sərhəd xətti boyunca və onun yaxınlığında stabil təhlükəsizlik vəziyyətini təmin etmək artıq tərəflərin öhdəliyidir. Deməli, İrəvan istəsə də, istəməsə də, Azərbaycana qarşı ərazi iddialarından geri çəkilməyə başladı.

 

Digər mühüm məqam, Şarl Mişelin özünün qısa brifinqində səsləndirdiyi kimi bu razılaşmaların adekvat davamını təmin etmək üçün əlaqənin davam etdirilməsinin zəruriliyi barədə razılıq əldə edilməsi isə öhdəliklərin icrasına ilkin nəzarət mexanizmi funksiyasını yerinə yetirəcək. Yəni artıq İrəvan ənənəvi olaraq söz verib, yayınmaq imkanından müəyyən mənada məhrum olur", - deyə parlament üzvü bildirib.

 

B.Məhərrəmov qeyd edib ki, bu məqamların hamısı Azərbaycanın beş şərti daxilində cərəyan edir və milli maraqlarımıza uyğunluğunu kimsə mübahisələndirə bilməz: "Məsələnin digər və hesab edirəm ki, daha vacib tərəfi, İrəvanın fiaskosu ilə bağlıdır.

İlk növbədə, Ermənistanın iradəsinə zidd olaraq görüşdə, verilən bəyanatda və Şarl Mişelin qısa brifinqində “Dağlıq Qarabağ” ifadəsinə ümumiyyətlə yer verilməyib. İkincisi isə, bəyanatda Şarl Mişel İrəvanın idda etdiyi və bəzi Avropa dövlətlərinin də təkrarladığı kimi Azərbaycanda saxlanılan “hərbi əsirlər” ifadəsindən ümumiyyətlə imtina edərək vacib humanitar addımlardan biri kimi “digər saxlanılan şəxslərin azad edilməsi” ifadəsindən istifadə edir. Bu, İrəvanın Azərbaycana qarşı, mütəmadi olaraq, gündəmə gətirdiyi “hərbi əsir” ritorikasının iflası deməkdir. Şarl Mişelin bu yanaşması beynəlxalq humanitar hüququn prinsiplərinə əsaslanmaqla həm də rəsmi Bakının tezisləri ilə eynilik təşkil edir.

 

Üçüncü vacib məqam Azərbaycan Prezidentinin gündəmə gətirdiyi Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 minə yaxın vətəndaşımızın taleyi məsələsinin artıq Avropa İttifaqı Şurasının Prezidentinin də gündəliyində olması ilə bağlıdır. Bu mənada dünənki bəyanatda itkin düşmüş şəxslərlə bağlı problemin hərtərəfli həlli istiqamətində açıq çağırış edilməsi İrəvanı çətin duruma saldı.

 

Digər diqqət çəkən məsələ isə Şarl Mişelin dəmir yolu xətlərinin bərpası istiqamətində atılan addımları alqışlaması ilə bağlı oldu. Nəzərə alsaq ki, bu istəqamətdə hələlik konkret addımlar yalnız Azərbaycan tərəfindən atılıb, cənab Mişelin bəyanatının kimə təşəkkür, kimə xəbərdarlıq xarakteri daşıdığı aydın olur. Paralel olaraq, Ermənistan və Azərbaycana avtomobil yollarının bərpası üçün effektiv həll yolları tapmaqla bağlı Avropa İttifaqı Şurasından çağırış isə birmənalı olaraq İrəvan üçün təzyiq xarakteri daşıyır. Ermənistan dəmiryol məsələsinə ilkin razılığını ifadə etsə də, avtomobil yolu məsələsinin qəti əlehdarı kimi çıxış edir. Lakin cənab İlham Əliyev ilk gündən iradəsini ortaya qoyub, yəni, dünən verilən bəyanat həm də Azərbaycan Prezidentinin qətiyyətinin təntənəsidir. Ən nəhayət, sirr deyil ki, Paşinyan görüşə destruktiv əhvalda getmişdi. Təsəvvür edin, İravanda bir gün əvvəl "ümumxalq həmrəylik mitinqi" də təşkil olunmuşdu. Hətta danışıqlar müddətində və sonra mövqelərimiz Ermənistan silahlı qüvvələri tərəfindən bir neçə istiqamətdən atəşə də tutulmuşdu. Lakin bütün bunlar reallığı dəyişə bilmədi".

 

Nəzrin Cavid

Tarix: 7 Aprel 2022, 15:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin