BURADA REKLAMINIZ OLA
BİLƏR

Rafiq Əliyev: “Qadının gecə klubuna getməsi şəxsi seçimidir”

“İslam qaydalarına əsasən, hansısa ölü üçün dini ayinlərin icra edilməməsini məsləhət görmür. Yəni, həyatını itirən hər kəs üçün dini ayinlər icra edilməlidir. Həmçinin, qadının gecə klubuna getməsi özünün şəxsi seçimidir. İslamda seçim üçün məcburiyyət yoxdur. Həmin gecə klububda baş verən partlayışda bir işçi xanım da həyatını itirmişdi. Əgər o xanımın başqa yerdə işləmək imkanı olsaydı və çalışıb yaxşı əmək haqqı alsaydı, heç iş yeri kimi gecə klubunu seçməzdi”.

 

Bunu Pravda.az-a açıqlamasında dinşünas alim Rafiq Əliyev Bakının "Location" gecə klubunda baş vermiş partlayışda aldığı xəsarətlərə görə vəfat edən Fərqanə Eynullayevaya qarşı cəmiyyətin bir qrupunun aqressiv münasibəti barədə danışarkən deyib.

 

R.Əliyev bildirib ki, həmin xanımla bağlı aqressiv münasibət sərgiləmək düzgün deyil: “Hər kəs seçim etməkdə azaddır, hərənin bir işi var və pulunu qazanır. Kimisə məcbur etmək olmaz ki, sən filan işlə məşğul olmalı deyilsən. İslam ölkələrinin hər birində gecə klubları var, misal üçün, Birləşmiş Ərəb Əmirliklərində, Misirdə və s. Ümumiyyətlə, sosial məsuliyyəti az olan xeyli sayda qadınlar var. Belə çıxır ki, həmin qadınlar vəfat edəndə onlar üçün dini ayinlər icra edilməməlidir?! Bu, müsəlmanlar üçün naqis düşüncədir. Guya biz hardan bilə bilərik ki, vəfat edən insan ölməmişdən əvvəl hansı işlə məşğul olub, nə savab, nə günah işlədib. Yəni, müəmmalı qalıbsa, deməli, ayinləri oxumamalıyıq?!  Bundan başqa, nəzərə almaq lazımdır ki, dini ayinlər əsasən şiə məzhəbinə aiddir. Sünnilər, adətən, ölü üçün "Quran" oxuyur, onu dəfn edir və tamamlanır. Azərbaycanda isə ehsanlar verilir, yas mərasimi daha uzun çəkir. Bütün bunlar Azərbaycanda adət halını alıb. İstənilən halda, ölünün günahı varsa, Allah bağışlayar, ya bağışlamaz, biz qarışa bilmərik. Ona görə də heç kimi həyat tərzindən asılı olmayaraq təhqir etmək olmaz”,

 

Nəzrin Cavid

Tarix: 7 Aprel 2022, 17:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin