BURADA REKLAMINIZ OLA
BİLƏR

Zahid Oruc: "ATƏT-in Minsk Qrupu üzərindən bölgədə süni balans yaratma istəyi arxa planda qalıb"

“İkinci Qarabağ müharibəsi regional və geopolitik konfiqurasiyanı dəyişib, qüvvələr nisbəti yenilənib. Əvvəlki güc mərkəzlərinin ATƏT-in Minsk Qrupu üzərindən bölgədə süni balans yaratma istəyi arxa planda qalıb. Təbii ki, İkinci Qarabağ müharibəsi ərəfəsində Rusiya və qardaş Türkiyənin Cənubi Qafqazda rolu artıb. Bunun nəticəsidir ki, həmin ölkələrin hərbi qüvvələri sülhməramlı missiyanı və birgə monitorinqi yerinə yetirmək üçün Qarabağda müvəqqəti olaraq yerləşdiriliblər”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib.

 

Z.Oruc qeyd edib ki, Azərbaycan dövləti Prezident, Ali Baş Komandan İlham Əliyevin məhz düzgün strategiyası nəticəsində qlobal və beynəlmiləl savaş meydanına çevrilməyib: “Ona görə də 44 günlük Vətən müharibəsindəki zəfərimizin necə böyük uğur olduğunu başa düşməliyik. Təsəvvür edin, 2020-ci ildə Fransa, ABŞ və ya digər Qərb dairələrinin təsirləri Qarabağ üzərində sınansaydı və Azərbaycan-Ermənistan savaşı əvəzinə başqa güclərin davası getsəydi, bu, şübhəsiz ki, acı nəticələr doğurardı. Burada Prezident İlham Əliyevin düzgün qurduğu strategiya və qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın strateji liderliyi, ölkəmizi müdafiə etməsi, kənar güclərin regiona buraxılmaması ilə bağlı sərt mövqeyi xüsusi rol oynayıb. Daha sonra isə Rusiya-Ukrayna müharibəsinin başlaması ilə qeyri-ixtiyari korreksiyalar edilib. Belə olan vəziyyətdə, Qarabağ məsələsi ilə bağlı Rusiya ilə yanaşı digər qüvvələrin də aktiv mövqe almaq istəkləri başadüşüləndir. Məlumdur ki, Prezident İlham Əliyev sovet məkanında real hərbi əməliyyatların getdiyi və dünyəvi dağıdıcı proseslərin yer aldığı, bəşəriyyət üzərində, hətta nüvə təhlükəsinin olduğu bir şəraitdə sülh arxitekturu kimi çıxış edir. Qarabağ 1980-ci illərin sonunda SSRİ-nin dağılması, indi isə dünyanın xilası üçün Prezidentin başlatdığı prosesin mərkəzində dayanır. Lakin Azərbaycan Brüsselin, Moskvanın və Vaşinqtonun maraqlarının Qarabağ üzərində bu şəkildə toqquşmasını istəmir. Bu, mənafelərimizə uyğun deyil. Həmçinin, unutmaq olmaz ki, Rusiya-Ermənistan ənənəvi ittifaqı özünü qoruyub saxlayır. Onsuz da İkinci Qarabağ müharibəsində məğlub olan Ermənistan Moskvaya sığınmaq məcburiyyətində qalıb. Yəni, belə olan halda, görüşün Brüsseldə baş tutması Rusiyanı müəyyən qədər narahat edə bilər. Azərbaycanın mövqeyi bəllidir, xüsusilə sülh danışıqları astanasında müəyyən beynəlxalq güclərin bu səbəbdən toqquşması bizim maraqlarımıza uyğun gəlmir. Azərbaycan Prezidenti buna imkan verməyəcək. İstənilən halda, sülh sazişi imzalanan qədər “Ermənistan kimin yanında olacaq?” sualı aktuallığını saxlayacaq”.

 

Nəzrin Cavid

Tarix: 9 Aprel 2022, 13:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin