BURADA REKLAMINIZ OLA
BİLƏR

Google Maps Azərbaycanla bağlı məlumatları siləcək? - Ekspert açıqladı

Bir neçə gündür ki, Bakı şəhərinin ictimai nəqliyyat məlumatlarının Google xəritəsindən yığışdırılacağı, yəni Google-nin Bakı üçün ictimai nəqliyyat naviqasiyasının ləğv ediləcəyi ilə bağlı məlumatlar yayılıb. Məlumatın mənbəyi isə, xeyli vaxtdır bu işlə könüllü olaraq məşğul olan  "Transit for Baku”  (TFB) layihəsinin komandası olub. Onlar bununla bağlı  internetdə açıqlama yayıblar”.

 

Pravda.az xəbər verir ki, bu barədə ekspert Osman Gündüz məlumat verib.

 

“Bu məsələni bir qədər araşdırdıqdan sonra belə məlum olur ki, illər öncə, adı çəkilən könüllülər Google şirkətinə müraciət edərək, könüllülük çərçivəsində Bakı şəhərinin ictimai nəqliyyat məlumatlarını təqdim etməyə başlayıblar.

Onlar bu xidməti vermək üçün ilkin məlumatları müxtəlif  üsullarla əldə ediblər. Yəni, ola bilər ki, ictimai nəqliyyatı öz resursları hesabına monitorinq etməklə, müvafiq dövlət qurumu ilə əməkdaşlıq çərçivəsində və ya alo141.az  resursundan  ilkin məlumatları əldə edib Google standartlarına uyğun  emal etməklə Google şirkətinin resurslarına inteqrasiya ediblər. Əslində çox faydalı bir addım atıblar. İctimai nəqliyyatdan istifadə edənlər üçün adı çəkilən xidmət mühüm əhəmiyyət kəsb edir. İndi məlum olub ki, daha doğrusu, TFB komandası açıqlayıb ki, Google bu məlumatları xəritədən yığışdıracaq. TFB komandası səbəb olaraq göstərib ki, komanda artıq məlumatları BNA-dan əldə edə bilmir. Yəni, BNA ictimai nəqliyyat məlumatlarının, marşrut  dəyişikliklərinin  dərcini gecikdirir”.

 

“Ədalət naminə demək lazımdır ki , BNA-ya məxsus olan alo141.az portalında  məlumatlandırma ilə bağlı müəyyən işlər görülüb, bir xeyli ilkin məlumatlar var,  lakin bütün bunlar əsasən pərakəndə formadadır. Yəni, bir proqramçının, startapçının əldə edə biləcəyi, yenidən emal üçün faydalı olan açıq məlumat bazası formasında deyil. Amma, onu da qeyd edim ki, alo141.az resursunda bir az zaman keçiməklə, daha çox çalışmaqla, ictimai nəqliyyatı monitorinq etməklə TFB komandası ilkin məlumatları əldə edib, yenidən standartlara salmaqla Google-yə inteqrasiya edə bilərdi. Düşünmək olar ki, TFB komandası bütün bu işləri könüllülük səviyyəsində gördüyündən, BNA ilə ciddi  bir iş birliyi olmadığından, əlçatan BNA məlumatları da emal oluna biləcək səviyyədə olmadığından TFB komandası üçün son zamanlar güvənli məlumatları daha effektiv formada əldə etməkdə problemlər yaranıb və nəticədə xidmətin Google resurslarına inteqrasiyası mümkün olmayıb” – O.Gündüz əlavə edib.

 

Ekspert çıxış yolunu belə izah edir: “İlk növbədə BNA tərəfindən pərakəndə , qarmaqarışıq formada, bəzən də BNA-nın hansısa xəbərlərinin içərisində verilən məlumatlar, məsələn marşrutların dəyişikliyi, yeni marşrutlar barədə məlumatlar və s., bir  bölmədə, alo141.az resursunda  açıq məlumat bazası formasında, emal oluna biləcək səviyyədə verilməsi doğru olardı. Belə olarsa, TFB və ya hansısa digər bir startap bu bazadan istifadə edib əlavə dəyərlər yarada bilər. Bir sıra ölkələrdə olduğu kimi, BNA  özü bir dövlət qurumu olaraq, elə TFB komandasını da layihəyə cəlb etməklə  Google resurslarına və ümumiyyətlə digər qlobal xəritə xidmətlərinə məlumatları emal edərək özü təqdim etməlidir. Məlumatların Google xəritələrindən yığışdırılacağı ilə bağlı güzəşt müddəti başa çatanadək BNA tərəfindən zəruri addımların atılması, Google ilə əlaqələrin yaradılması doğru və faydalı olardı”.

 

Nadir

Tarix: 9 Aprel 2022, 16:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin