BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “İnanıram ki, yeni rəhbərlik Ağır Atletika Federasiyasında yaxşı işlər həyata keçirəcək” - FOTO

“COVID-19 pandemiyası səbəbindən iki ildir ki keçirilməyən kişi və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı uzun fasilədən sonra yenidən təşkil edilib. 9-10 aprel tarixlərini əhatə edən və Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında baş tutan mübarizəyə müxtəlif regionlardan 100-dən artıq atlet qatılıb. Federasiyaya yeni prezident seçilən İnam Kərimovun rəhbərliyi ilə ilk dəfə keçirilən ölkə birinciliyi yüksək səviyyədə təşkil olunmuşdu. Uzun aradan sonra körpücük üzərinə çıxmağa can atan idmançılar arasında böyük rəqabətin olması yarışın daha da maraqlı keçməsinə şərait yaratdı”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

Deputatın verdiyi məlumata əsasən, birincilikdə Azərbaycanın 3 rekordu qırılıb.

 

“109 kiloqrama qədər kişilərin yarışında Dadaş Dadaşbəyli tarixi göstəriciyə imza atıb. Atlet birdən və təkanla qaldırmada, eləcə də toplam nəticədə həm rəqiblərini qabaqlayıb, həm də ölkə rekordlarını yeniləyib. Ümumiyyətlə, bu cür çempionatların keçirilməsi ağır atletika idman növünün ölkədə təbliğinə və inkişafına, idmançıların ustalıq səviyyəsinin artırılmasına və təkmilləşdirilməsinə, perspektivli atletlərin aşkarlanmasına, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsinə, qarşıdakı beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyır. Ağır atletika ölkəmizdə ənənəsi olan növlər sırasındadır. Olimpiya növü olan bu növdə ayrı-ayrı nüfuzlu yarışlarda azərbaycanlı idmançılar kifayət qədər müxtəlif əyarlı medallar qazanıblar. Nizami Paşayev, Valentin Xristov, Boyanka Kostova və s. idmançılar ölkəmizin şərəfini beynəlxalq arenalarda layiqincə qoruyaraq dünya, Avropa və olimpiya oyunlarının qalib və mükafatçıları olublar. Hazırda Ağır Atletika Federasiyasına yeni rəhbərlik təyin edildikdən sonra bu növə Bakıyla yanaşı, regionlarda da xüsusi diqqət yetirilir. Qarşıya qoyulan əsas vəzifə ondan ibarətdir ki, bir neçə ildir durğunluq dövrü yaşayan və yarışlardan yaxşı nailiyyət əldə edə bilməyən idmançıları təlim-məşq toplanışlarına cəlb etmək, məşq bazalarını ürəkaçan səviyyəyə gətirməklə ağır atletikanın əvvəlki vəziyyətinə qaytarmaqdır. Bilirsiniz ki, 2 ildən sonra Paris 2024 Yay Olimpiya Oyunları keçiriləcək. Federasiyanın da ən böyük hədəflərindən biri dördilliyin ən mötəbər turnirində Azərbaycan təmsilçilərinin lisenziya sayının çox olmasına səy göstərmələridir. İnanıram ki, yeni rəhbərlik Ağır Atletika Federasiyasında yaxşı işlər həyata keçirəcək və idmançılarımız yenidən dünyaya öz çıxışları, rekordları ilə səs salacaqlar", - deyə M.Cəfərov qeyd edib.

 

Nəzrin Cavid

Fotoları təqdim edirik
Tarix: 11 Aprel 2022, 12:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin