BURADA REKLAMINIZ OLA
BİLƏR

Elman Rüstəmovu əvəzləyəcək Taleh Kazımov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edilib. Hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onları Milli Məclisin Plenar iclasında müzakirə üçün tövsiyə edib.

 

Pravda.az Taleh Kazımovun dosyesini təqdim edir:

 

Taleh Kazımov 11 sentyabr 1983-cü ildə Bakıda anadan olub. Ali təhsilini 2000–2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və kompüter mühəndisliyi" fakültəsində alıb. 2004–2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın "Georgia State University" universiteti ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr dərəcəsinə yiyələnib. Bundan başqa, T.Kazımov 2012-ci ildə "London Biznes Məktəbi"nin (Böyük Britaniya) və 2014-cü ildə "Harvard Biznes Məktəbi"nin (ABŞ) yüksək ixtisas proqramlarını ("Senior Executive Programme") müvəffəqiyyətlə bitirib.

 

Taleh Kazımov ənənəvi və rəqəmsal bankçılıq sahəsində kommersiya və investisiya bankçılığı, kredit və risklərin idarə olunması üzrə geniş təcrübəyə malikdir.

 

O, karyerasını qurmağa gənc yaşlarında başlayıb və təhsil aldığı dövrdə "ATTAS PR", "European Tobacco" şirkətlərində ofis köməkçisi və İnformasiya texnologiyaları üzrə operator kimi işləyib. Maliyyə sektorunda peşəkar fəaliyyətə isə 2004-cü ildən başlayıb. Belə ki, 2004-cü ildən 2006-cı ilədək davam edən dövrdə Taleh Kazımov "Bank Standard" QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Maliyyə və mühasibat uçotu idarəsinin Xəzinədarlıq və fondlar şöbəsində mütəxəssis, Maliyyə nəzarəti departamentinin İdarəetmə və büdcə planlaşması şöbəsində, daha sonra isə Kredit siyasəti departamentinin Korporativ müştərilərin kreditləşmə şöbəsində aparıcı mütəxəssis vəzifələrində işləyib.

 

Taleh Kazımovun "PAŞA Bank"da fəaliyyəti 2007-ci ildən başlayıb. Həmin dövrdə o, Risklərin idarəedilməsi departamentinin meneceri vəzifəsində işləyib, 2009-cu ildən isə Bankın Xəzinədarlıq və pul bazarı departamentinin direktoru vəzifəsini tutub.

 

7 dekabr 2011-ci ildən Taleh Kazımov "PAŞA Bank"ın İdarə heyətinin üzvü seçilib. Korporativ və biznes-bankinq istiqamətləri, investisiya bloku, ticarət maliyyələşdirməsi, maliyyə institutları və kredit menecmenti sahələri onun kurasiyasında olub.

 

1 iyul 2015-ci il tarixində Taleh Kazımov "PAŞA Bank"ın İdarə heyətinin sədri və Baş icraçı direktoru vəzifəsinə təyin olunub və hazırda həmin vəzifələri icra etməkdədir.

 

Ailəlidir, iki övladı var.

 

Nadir

Tarix: 11 Aprel 2022, 15:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin