BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Yeni seçiləcək Fransa Prezidenti ədalətli mövqedə dayansa, münasibətlərimiz daha da inkişaf edər”

“Kimin prezident seçilməsindən asılı olmayaraq, Fransanın Ermənistanla bağlı tarixi dövlət siyasəti var. Bu siyasətin bünövrəsində 100 illərlə orada kök salmış erməni diasporu və mafiyası dayanır. Fransa prezidentliyinə namizədlərin də ermənilərin səsinə ehtiyacı var. Yəni, ermənilərin Fransada tutduğu mövqe güclüdür”.

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Məmmədov deyib.

 

Deputat bildirib ki, Fransadakı ermənilər təşkilatlanıblar və öz maliyyəyələri hesabına ətraflarına qeyri millətlərin nümayəndələrini də cəlb etməyi bacarıblar: “Təsadüfi deyil ki, seçkilər ərəfəsində Fransa prezidentliyinə namizədlərdən bir neçəsi Ermənistana, hətta bizim qanunları pozaraq Qarabağa da səfər ediblər. Burada həmin namizədlərin məqsədi Fransadakı ermənilərin dəstəyini qazanmaqdır. Yəni, təkcə Emmanuel Makron deyil, elə ondan əvvəlki Fransa prezidentləri də ermənipərəst mövqe sərgiləyiblər. Lakin biz istənilən halda, Fransa ilə əlaqələrimizi yüksək səviyyədə qurmağa çalışır və səmimi mövqeyimizi ortaya qoyuruq. Bunun müqabilində Fransanın da bizə qarşı kəskin qeyri-konstruktiv mövqeyi olmasa da, onlar hər zaman Ermənistanı dəstəkləyiblər. Sözdə Azərbaycanla əməkdaşlıqdan danışsalar da, əməldə Ermənistanın tərəfini saxlamaqla məşğuldurlar. Fikrimcə, Fransa ağıllı davranmalı, Azərbaycanla Ermənistanın mövqeyinə ayrı-ayrılıqda baxmalıdır. Azərbaycan dünyada sülhün bərqərar olmasında marağlı olduğu halda, Ermənistan isə işğalçılığı və terrorizmi təbliğ edir. Hesab edirəm ki, yeni seçiləcək Fransa Prezidenti ədalətli mövqedə dayansa, Azərbaycan-Fransa münasibətləri daha da inkişaf edər".

 

Nəzrin Cavid

Tarix: 11 Aprel 2022, 15:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin