BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Naxçıvanın muxtar dövlət adlandırılmasına ehtiyac yoxdur, dövlət içində dövlət nəyə lazımdır?!”

““Konstitusiyanı tez-tez dəyişdirmək olmaz” iddiasını atmaq lazımdır. Azərbaycan Konstitusiyasının dəyişdirilməsi üçün referendum keçirilməsinə ehtiyac var. Ümumiyyətlə, Konstitusiya daha yığcam və anlaşıqlı olmalıdır. Vaxtilə Konstitusiyada mövcud olmuş proporsional seçki sisteminə ehtiyac var. Konstitusiyamız çoxpartiyalı sistemi ehtiva etdiyi üçün həmin partiyalar özünü yalnız proporsional seçkilər qismində göstərə bilər. Hesab edirəm ki, cəmiyyətin də böyük qismi bu seçki sisteminin tərəfdarıdır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.

 

Deputat qeyd edib ki, ölkədə referendum keçirilməsini zəruri edən məsələlərdən biri də icra hakimiyyəti orqanlarının fəaliyyəti ilə bağlıdır: “Mərkəzi icra hakimiyyəti orqanlarında paralellik aşağıda da özünü ehtiva edir. Misal üçün, bölgələrdə regional idarələrin yaradılması ilə icra hakimiyyəti orqanlarının fəaliyyəti məhdudlaşır. Ona görə də inzibati ərazi bölgələrinin mərkəzləşdirilməsi məsələsini gündəmə gətirmək lazımdır. Bundan başqa, bələdiyyələrə konstitsion olaraq real imkanlar verilməlidir. Nəzərə almaq lazımdır ki, bir çox xarici dövlətlərdə yerli hakimiyyət deyildikdə bələdiyyə başa düşülür. Misal üçün, Türkiyədə keçirilən bələdiyyə seçkiləri heç də parlament seçkilərindən geri qalmır. Bələdiyyələrin öz işini qurması dövlətin yükünü azaldır. Bir sözlə, referendumla dəyişdirilməsi lazım olan məsələlər çoxdur. Hüquqi islahatların tərkib hissəsi kimi konstitusiyada dəyişikliyə getmək mütləqdir”.

 

T.Kərimli, həmçinin, qeyd edib ki, ermənilər Azərbaycanın siravi vətəndaşlarıdırlar, Konstitusiyada onlarla bağlı hansısa dəyişiklərin edilməsini zəruri hesab etmir: "Nə gizlədək, vaxtilə bəlkə onlara da Naxçıvan analogiyası ilə muxtariyyət verilə bilərdi. Nəzərə almaq lazımdır ki, Naxçıvan Konstitusiyada həm də muxtar dövlət elan edilib. Yəni, vaxtilə ermənilər bundan imtina ediblər. İndi zəhmət çəkib Azerbaycan vətəndaşlığını qəbul edib yaşasınlar. Azərbaycan vətəndaşı olmaq istəmirlərsə, gedib özlərinə başqa dövlət tapsınlar. Yeri gəlmişkən, Naxçıvanın muxtar dövlət adlandırılmasına da ehtiyac yoxdur, dövlət içində dövlət nəyə lazımdır?!”.

 

Nəzrin Cavid

Tarix: 12 Aprel 2022, 11:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin