BURADA REKLAMINIZ OLA
BİLƏR

“Vətəndaşdan kağız formada sənəd tələb edilməsi nə vaxtadək davam edəcək?” - Ekspert AÇIQLADI

“Ölkəmizdə elektron hökumətin inkişafına 15 ildən çoxdur ki başlanıb. Lakin hələ də dövlət xidmətlərinin göstərilməsində kağızdan imtina mümkün olmayıb. Dövlət qurumları hansısa xidməti göstərmək üçün mütləq vətəndaşdan hansısa sənədləri, hansısa arayışları və çıxarışları tələb edir. Baxmayaraq ki, bu tip məlumatlar digər dövlət qurumlarında elektron formada var, lakin inteqrasiya tam reallaşmadığından dövlət qurumları bunu kağız formada tələb edirlər”.

 

Pravda.az xəbər verir ki, bunu ekspert Osman Gündüz deyib.

 

“myGov və eGov Portallarından əldə edilən arayışları isə bir çox dövlət qurumları tanımaqdan imtina edir və möhürlü kağız sənədlər tələb edirlər. Dövlətə məxsus informasiya sistemlərinin inteqrasiyası ilə bağlı Prezidentin müvafiq fərmanı olsa da bir çox dövlət qurumlarında hələlik bunu başa çatdırmaq mümkün olmayıb. Vətəndaşdan kağız formada sənəd tələb edilməsi nə vaxtadək davam edəcək ? Problem nə zaman öz həllini tapacaq ? Bununla bağlı Prezident İlham Əliyevin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nında vacib bir tədbir öz əksini tapıb.

Yeri gəlmişkən, bu Fəaliyyət Planında dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması ilə bağlı xeyli tədbirlər nəzərdə tutulub. Yuxarıda qeyd olunan problemin, xidmətlərin göstərilməsində kağızdan imtina ilə bağlı işlərin  isə 2026-cı ilədək başa çatdırılması nəzərdə tutulub. Bu müddət ərzində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi  kağız tələb olunan xidmətiləriin “söykəndiyi” informasiya sistemlərini  inteqrasiya etməlidir. Vətəndaşdan tələb olunan kağız  sənədləri isə dövlət qurumlarının  informasiya sistemlərindən alınan datalar əvəz etməlidir. Yəni, Dövlət Agentliyi kağız əsaslı xidmətdən data əsaslı xdimətlərə keçidi qeyd olunan tarixədək başa çatdırmalıdır. Düşünürəm ki, adı çəkilən Fəaliyyət Proqramı nəinki birbaşa qarşıya qoyulan vəzifələrin icrasına yönəlib. Deyərdim ki , burada həm də  rəqəmsallaşma, rəqəmsal transformasiyanı da sürətləndirəcək məqamlar var. Fəaliyyət Planında nəzərdə tutulan 60-dək tədbirin təxminən  üçdən biri  dövlət sektorunda rəqəmsallaşma ilə bağlıdır. Ümid edirəm aidiyyatı qurumlar Fəaliyyət Planında nəzərdə tutulanların vaxtında icrası üçün ciddi səy göstərəcəklər” - O.Gündüz əlavə edib.

 

Nadir

Tarix: 12 Aprel 2022, 18:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin