BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda koronavirus xəstəsindən rüşvət alan həkimələ bağlı qərar verildi

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinin sabiq müdiri Fazil Əliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Kamil Bəşirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

 

 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fazil Əliyev 4 il müddətinə azadlıqdan mərhum edilib.

 

Qeyd: 2021-ci ilin aprelində Sabirabad rayonu, Suqovuşan kənd sakininin koronavirus infeksiyasına (COVID-19) yoluxmaqla stasionar şəraitdə müalicəyə ehtiyacı olan qohumunun Rayon Mərkəzi Xəstəxanasının Fazil adlı həkimi tərəfindən xəstəxanaya yerləşdirilməsi müqabilində 1 000 ABŞ dolları məbləğində pul alması barədə Sabirabad Rayon Prokurorluğuna müraciəti daxil olub.

 

Aparılan araşdırmalarla müəyyən edilib ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinin müdiri, koronavirus xəstələrinin müayinə və müalicələri üzrə koordinatoru həkim Əliyev Fazil Məhərrəm oğlu koronavirus infeksiyasına (COVID-19) yoluxan şəxsin qohumundan qeyd edilən xəstəxanaya yerləşdirilərək müalicə olunması üçün 1 000 ABŞ dolları məbləğində pul vəsaitini rüşvət qismində alıb, sonradan isə həmin xəstə müalicə olunduğu xəstəxanada vəfat edib.

 

Toplanan material üzrə fakta görə Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, Fazil Əliyev 23 aprel 2021-ci il tarixdə həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

 

Kamal Məmmədov

Tarix: 15 Aprel 2022, 07:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin