BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını döyərək öldürən şəxs: “Azəriqaz”ın əməkdaşları evimizə gələndə...

Oğuzda arvadını döyərək öldürməkdə təqsirləndirilən Vaqif Muştaqovun məhkəmədə verdiyi ifadəsi məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, o, elan olunmuş ittihamla özünü təqsirli bilməyib.

 

V.Muştaqov ifadəsində göstərib ki, mərhum həyat yoldaşı Gülgəz Muştaqova Oğuz rayonunun Böyük Söyüdlü kəndində yerləşən evlərində birlikdə yaşayıblar:

 

“Bizim birgə nikahlarından üç övladımız olub. Onların hər üç də evlidir. Gülgəzlə əvvəllər münasibətlərimiz yaxşı olsa da, sonradan aramızda söz-söhbətləri oldu. Təxminən 2014-cü ildə Gülgəzi döymüşdüm. Bununla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparıldı. Daha sonra barışdıq və cinayət işinin başlanılması rədd edildi.

 

20.09.2021-ci il tarixdə saat 11 radələrində təxminən 250 qram araq içmişdim. Saat 12 radələrində "Azəriqaz" ASC-nin Oğuz rayon şöbəsinin üç nəfər tanımadığım əməkdaşı yaşadığım evə gələrək qaz sayğaclarının plomblarını dəyişirdilər. Həmin şəxslərlə söhbət edən zaman əsgər yoldaşım Yaşarın iş yoldaşları olduqlarını bildim və buna görə də onları evə dəvət etdim. Evdə olduqları təxminən on dəqiqə ərzində qonaqlara çay və yemək təklif etdim. Onlar isə yeməyəcəklərini bildirsələr də, Gülgəz stola yemək və çay gətirdi. Qonaqlar çay içib getdikdən sonra Gülgəz deyinməyə başladı. Nəyə görə həmin şəxsləri evə dəvət etdiyimi soruşdu. Mən isə bunda qəribə nə isə olmadığını, həmin şəxslərin əsgər yoldaşım Yaşarın iş yoldaşları olduqlarını dedim. Gülgəz buna görə bütün günü deyindi. Saat 20 radələrində yenidən deyinməyə başlayanda evə kimi istəsəm gətirəcəyimi, həmin şəxslərin qonaqlarım olduğunu, buna görə deyinməməsini bildirdim. Sonra aramızda mübahisə yarandı. Mübahisə vaxtı bir dəfə Gülgəzi sillə ilə vuraraq itələdim. O, zərbənin təsirindən yıxıldı və başı tinə dəydi. Onun hərəkətsiz olduğunu gördüm və tez kürəkənim Ceyhuna zəng etdim. Gülgəzin vəziyyətinin yaxşı olmadığını və təcili olaraq bizə gəlməsini söylədim. Bundan bir qədər sonra qudam Soltanmurad, qızım Yetər və kürəkənim Təbriz bizə gəldilər. Gülgəzin vəziyyəti yaxşı olmadığından “103” xidmətinə məlumat verildi. Təcili yardımın əməkdaşları gəlib ona ilkin tibbi yardım göstərərək Oğuz Rayon Mərkəzi Xəstəxanasına apardılar. Bu zaman mən də onlarla birgə xəstəxanaya getdim. Orada olarkən Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları gəldi və məni şöbəyə apardılar. Sonradan Gülgəzin xəstəxanada ölməsini eşitdim”.

 

Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs bilavasitə hadisənin baş verməsinə münasibətdə göstərib ki, 20.09.2021-ci il tarixdə saat 11 radələrində gedən qonaqlara çay vermək üstündə aralarında mübahisə yarandıqdan sonra G.Muştaqovanı döyməyə başlayıb. O, əvvəlcə hər iki əli ilə qadına şillə və yumruqla vurub. Buna görə G.Muştaqova zərbələrin təsirindən yerə yıxılıb. Daha sonra yerdə olarkən qadına başının və bədəninin xatırlamadığı nahiyələrinə şillə, yumruq və təpiklə zərbələr endirib. Bu zaman G.Muştaqova ona yalvarmayıb və vurmaması üçün heç nə deməyib. Arvadının huşunun getdiyini və başının arxasından qan axdığını görüb qorxaraq kürəkəni Ceyhuna zəng edib. O, kürəkəninə vəziyyətinin yaxşı olmadığını və təcili olaraq onlara gəlməsini bildirib.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Muştaqov 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 15 Aprel 2022, 12:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin